28 İyul 2020 16:27
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda həyat yoldaşını öldürməkdə təqsirli bilinən Nicat Məmmədovun barəsində cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məciodvun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 29-na təyin olunub.

İttihama görə, ötən il oktyabrın 6-da saat 18 radələrində Biləcəri qəsəbə sakini Nicat Məmmədov ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirib.

40-cı polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Nicat Məmmədov saxlanılıb.

Hadisə Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib. 1986-cı il təvəllüdlü Nicat Məmmədov idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə həyat yoldaşı, 1992-ci il təvəllüdlü Leyla Məmmədovanı və azyaşlı övladını Bakının Yasamal rayonunda yaşayan qayınanasının evinə aparırmış.

Həmin vaxt Nicat Məmmədovun atası Nazir Məmmədov da avtomobildə olub.

Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında Nicat Məmmədovla həyat yoldaşı Leyla Məmmədova arasında mübahisə yaranıb.

Mübahisə nəticəsində Nicat Məmmədov avtomobili küçədə saxlayaraq yük yerindən götürdüyü bıçaqla həyat yoldaşına 2 zərbə endirib.

Bu vaxt Nicat Məmmədovun atası Nazir oğlunu tutaraq gəlini Leyladan ayırıb, qadın hadisə yerindən yaralı vəziyyətdə qaçmaq istəyib. Atasının əlindən çıxan Nicat Məmmədov yenidən qadının arxasınca düşərək onu küçədə yaxalayıb və qadına sinə və boğaz nahiyələrindən 20-dən artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

İstintaq orqanı tərəfindən Nicat Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər