Gəncədə keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirli bilinən Simon Abbasovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Gəncənin Nizami rayon Məhkəməsində hakim Gündüz Şirinovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanın təqdimatı təmin olunub.
Simon Abbasovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər uzadılıb.
İttihama görə, Gəncə şəhəri Zərdabi küçəsində yaşayan 34 yaşlı Könül Abbasova qol və ayaq nahiyəsindən yanıq xəsarətləri alıb. Qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Gəncədə qadının keçmiş əri tərəfindən yandırılmasına tərəflər arasında yaranmış mübahisə səbəb olub.
Belə ki, aprelin 4-də axşam saatlarında Gəncə şəhər Zərrabi küçəsi 631 ünvanındakı ata evində yaşayan 34 yaşlı Könül Abbasova keçmiş həyat yoldaşı Simon Abbasovun ona od vurması nəticəsində yanıq xəsarətləri alıb.
Uzun müddətdir, ayrı yaşayan tərəflər arasında boşanma məhkəməsi səbəbindən mübahisə yaranıb.
Bu zaman Simon Abbasov evdən çıxıb və bir müddət sonra geri qayıdaraq özü ilə plastik qabda gətirdiyi benzini Könül Abbasovun üzərinə tökərək ona od vurub. Qadının yaxınları onun paltarını söndürüblər.
Simon Abbasov hadisəni törətdikdən sonra qaçsa da, polisin keçirdiyi əməliyyat nəticəsində həbs olunub.
İstintaq orqanı tərəfindən Simon Abbasovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda istintaq gedir.