İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi Azər Allahverdiyev və həmin İdarənin Nərimanov rayon şöbəsinin müfəttişi Cahid Tahirovun barəsində olan cinayət işi hakim icraatına verilib.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.
Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə başlanacaq.
İttihama görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi Azər Allahverdiyev və həmin İdarənin Nərimanov rayon şöbəsinin müfəttişi Cahid Tahirov vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6 min manat məbləğində pulun bir qismini rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.
Aparılmış istintaqla Azər Allahverdiyevin Cahid Tahirovla cinayətkar əlaqəyə girməklə “Laçın Çörək Evi” adlı çörək istehsalı sexinə rəhbərlik edən vətəndaşdan vergi yoxlamalarından kənarda qalması, ümumi himayədarlıq, eləcə də, digər qanunsuz hərəkətlər müqabilində 2019-cu ilin iyul - avqust ayları ərzində ümumilikdə 3500 manat məbləğdə pulu rüşvət qismində istəyərək almasına, bundan əlavə 2020-ci ilin mart ayında Cahid Tahirovla birlikdə həmin sexə rəhbərlik edən vətəndaşdan öz qanunsuz hərəkətləri üçün 10 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəməsinə, nəticədə isə 6 min manata razılaşmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Azər Allahverdiyev və Cahid Tahirovun barəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.