16 Sentyabr 2020 16:58
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, qida təhlükəsizliyi sahəsində şəffaflığın, effektiv nəzarətin təmin edilməsi məqsədilə strateji dövlət idarəetməsinin prinsiplərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş hüquqpozmalara qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Xəbər verildiyi kimi, Bakı şəhər sakinləri Sərxan Bayramovun, Mustafa Mustafayevin, Yusif Hüseynovun ayrı-ayrı vaxtlarda spirtli içkilərin təsirindən zəhərlənərək tibb müəssisələrində vəfat etmələri faktları ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir.
Cinayət işi üzrə qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələrinin təmin olunması məqsədilə peşəkar prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılaraq, təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.
Belə ki, istintaqla Vurğun İbadovun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən «Yaşıl bazar» ticarət mərkəzində əhaliyə meyvə-tərəvəz məhsullarının pərakəndə satışını həyata keçirərkən, tamah niyyətilə qabaqcadan əlbir olub gəlir əldə etmək məqsədi ilə fərdi sahibkar kimi qeydiyyatdan keçmiş vəzifəli şəxs olan Əzim Hüseynovdan və istintaqla müəyyənləşdirilməsi davam etdirilən digər şəxslərdən mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmaqla, keyfiyyətinin normalara uyğun olmadığını qabaqcadan bilərək qida məhsulu olan spirtli içkiləri alıb ayrı-ayrı şəxslərə satmış, nəticədə insan həyatı üçün təhlükəli olan metil spirtli tərkibli həmin alkoqollu içkilərin Xəyyam Bağırov, Gəray Bağırov və Romel Bağırov tərəfindən istifadə edilməsi səbəbindən hər üçünün kəskin metanol zəhərlənməsinə məruz qalaraq Xəyyam Bağırovun sağlamlığına zərər vurulmasına, Gəray və Romel Bağırovların isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Əzim Hüseynov və Vurğun İbadov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işindən həbsdə olan təqsirləndirilən şəxslər Əzim Hüseynov və Vurğun İbadovun təqsirləndirilmələrinə dair cinayət işi ayrılaraq ibtidai istintaq yekunlaşdırılıb.

28.08.2020-ci il tarixdə həmin cinayət işi aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər