Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Amin Qurbanlının məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Amin Qurbanlı 17 iyul 2019-cu il tarixdə, saat 22 radələrində tanışı Təbriz Əsgərova mobil telefon vasitəsilə mesaj yazaraq borc verdiyi 5 manat pulu nə zaman qaytaracağı ilə maraqlanıb. Təbriz Əsgərov onu nalayiq ifadələrlə təhqir edib.
Bu səbəbdən onların arasında mübahisə yaranıb. Təbriz Əsgərov saat 23 radələrində Amin Qurbanlının olduğu ünvana - “Romantik” çay evinə gəlib, onu bayıra çağırıb.
Çay evinin qarşısında münaqişə zamanı Amin Qurbanlı Təbriz Əsgərovu bıçaqlayıb. Yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Amin Qurbanlı barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amin Qurbanlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, Təbriz Əsgərovla əvvəllər yaxın dostu olublar: “Biz 7 ildir tanışıq. Təbrizə 5 manat borc pul vermişəm. İyulun 17-də qardaşım Səbuhi və xalam oğlu Şahinlə birlikdə Nizami rayonunda yerləşən “Romantik” çay evində oturduğum vaxt Təbriz mənə “Whatsapp”la yazaraq harada olduğumla maraqlandı. Təbrizlə hal-əhval tutduqdan sonra 5 manat borcumu nə zaman qaytaracağını soruşdum. Təbriz isə cavabında pulu olmadığını, borcu qaytaracağını yazdı.
Bir dəfə Təbrizdən pul almışdım, Təbriz də mənə vaxt vermişdi və həmin vaxta qədər pulunu qaytarmağı xahiş etmişdi. Bu söhbət də mənim yadımda qalmışdı.
Bu dəfə mən Təbrizdən 5 manat pulumu geri istədim, o, məni nalayiq söyüşlərlə təhqir etdi. Bununla da telefonda yazışaraq mübahisə etdik. Təbrizə həddini aşmamaq barədə xəbərdarlıq etdim. Daha sonra mübahisə böyüdü, Təbriz məni görüşə, mən də Təbrizi oturduğum “Romantik” çay evinə çağırdım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Təbriz onun oturduğu çay evinə gəlib və onu bayıra çağırıb: “Mən və yanımda olan 2 nəfər bayıra çıxdıq. Təbriz çay evinin qarşısına tanışı Şahin adlı şəxsə məxsus qara rəngli “Mercedes” markalı avtomobillə gəlmişdi. Təbriz mənə kənara çəkilməyi təklif etdi. Bu zaman Təbrizin yanında olan iki nəfər, yəni Şahin və digər tanımadığım şəxs məni gəldikləri avtomobilə mindirmək istədilər. Həmin şəxslərin əlindən qurtulmaq üçün özümdə olan bıçaqla Təbrizə bir zərbə vurdum.
Təbrizin yanındakı Şahin və Kamran maşına oturaraq oradan uzaqlaşdılar. Təbriz əli ilə bıçağı tutaraq buraxmadı. Təbrizin bıçağı alıb məni vurmaq istədiyini düşündüm. Təbrizə bıçağı buraxmağı və getməyi, daha vurmaq onu istəmədiyimi bildirdim. Təbriz isə buraxmadığından yenə qarın nahiyəsindən bıçaqla vurdum. Bundan sonra o, bəsdir deyə bildirdi, qaçaraq uzaqlaşdı.
Mən isə çay evinin hesabını verdim, oradan getdim. Özümü itirdiyimdən bıçağı bilmədiyim yerə atdım. Qorxduğum üçün polisə getmədim. Sonradan həkimə aparmaq üçün Təbrizi axtardım, lakin tapa bilmədim. Səhərə qədər evə getmədim və Təbrizi axtardım.
Səhər evə gələndə valideyinlərim mənə Təbrizin artıq əməliyyat olunduğunu və vəziyyətinin yaxşı olduğunu bildirdilər”.
Amin Qurbanlı qeyd edib ki, iyulun 18-də səhər saat 7 radələrində 3 saylı Sabunçu xəstəxanasına Təbrizə baş çəkmək üçün gedib: “Xəstəxanada Təbrizin valideyinləri məni onun yanına buraxmadılar. Bundan sonra xəstəxanaya gələn polislərə hadisə barədə məlumat verdim. Təbrizlə dava edən zaman yanımda olan qardaşım Səbuhi və Şahin söhbətə müdaxilə etmədilər. Əməlimdən qismən peşmanam”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Təbriz Əsgərov bildirib ki, Amin Qurbanlı ilə təxminən 7-8 il dostluq ediblər: “Dost kimi çox yaxşı münasibətlərimiz olub. İyulun 17-də saat 21 radələrində Amin mənə “Whatsapp” vasitəsilə istifadəsində olan nömrəmdən 5 manat borcunu çatdırmağı yazdı. Mən isə Amindən borcun nədən yarandığını soruşdum. O, borcun mənə su, siqaret almağından yarandığını bildirdi. Özümün dəfələrlə Aminə pul xərclədiyimi, amma istəmədiyimi yazdım. Dalınca da Aminin hər bir səhvində yanında dayandığımı, pulum olanda borcu qaytaracğımı bildirdim.
Amin məndən hansı səhvinin olduğunu soruşdu. Mən isə onu yola vermək üçün sonra söhbət etməyi məsləhət gördüm. Amin məndən əl çəkmədi, məni təhqir etdi və təkidlə “Romantik” çay evinə söhbətə çağırdı. Söhbəti aydınlaşdırmaq üçün “Romantik” çay evinə getmək üçün həyətə düşən zaman Şahin adlı tanışımın avtomobillə həyətdən keçdiyini gördüm. Avtomobili saxlatdırdım və məni “Romantik” çay evinə aparmağı xahiş etdim. Şahin məni dediyim ünvana apardı”.
Təbriz Əsgərovun sözlərinə görə, həmin vaxt Şahinin avtomobilində Kamran da olub: “Çay evinə çatdıq və içəri daxil oldum. Şahinə isə getməyi bildirdim. Şahin avtomobili işə saldı və maşının istiqamətini nizamlamağa başladı.
Mən çay evinə daxil olduqda içəridə ucadan musiqi səsləndirildiyindən, bir-birimizi yaxşı eşitmədiyimizdən Amini çölə çağırdım. Həmin vaxt onun yanında olan qardaşı Səbuhi, xalası oğlu Şahin və üzdən tanıdığım, adını sonradan bildiyim Mahmud adlı şəxs də bayıra çıxdılar. Amin mənə gəl-gəl deyərək çay evinin arxasına tərəf aparmaq istədi. Bu an Amin şalvarının arxa tərəfinə əlini apardı və açılıb-bağlanan bıçaq çıxardı. Onun məni vura biləcəyinə inanmadım, hər iki qolumu kənara açaraq “Məni vuracaqsan?! Sənin ürəyin gələr məni vurasan?” deyə sual verdim.
Amin həmin an üstümə gələrək bıçaqla iki dəfə qarın nahiyəmdən vurdu. İkinci dəfə vuran zaman sol əlimlə bıçağın kəsici hissəsini tutdum və bıçaq tam dərinə girmədi. Həmçinin əlimin içərisi kəsildi. Bir qədər aşağı çökdüm və əlimlə yaramdan tutdum.
Amin bıçaqla yenə də məni vurmaq istədi və sol qolumu irəli verdim. Bıçaq sol qolumun yuxarı nahiyəsini kəsdi. Dizi üstü çökdüm və yenidən qalxaraq Amini qucaqladım. Aminə bıçağın dəydiyini və qan gəldiyini bildirdim. Kənar şəxslərin də üzərimə gələcəyini düşündüyümdən uca səslə “Amin mənim qardaşımdır” dedim. Həmin anda Amin bir qədər sakitləşdi. Bu an Amin mənə “sənə 10 saniyə vaxt verirəm, qaç get” dedi.
Mən də Amindən aralanaraq bir qədər parka tərəf getdim. Parkda ürəyim bulandı və yerə yıxıldım. Daha sonra özümü toparladım və ayağa qalxdım. Yolda tanımadığım bir avtomobilçidən mənə kömək etməyi xahiş etdim. Həmin maşının sahibi məni 24-cü polis şöbəsinə apardı. Şöbəyə getdikdən sonra hadisə barədə məlumat verdim və polislərin köməyi ilə 3 saylı xəstəxanaya aparıldım. Gözümü açdıqdan sonra əməliyyat olunduğum mənə məlum oldu”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amin Qurbanlı 4 il müddətinə azadlıqdan məhrum edilib.