Tovuz rayonunda qəsdən adam öldürməyə cəhddə ittiham olunan 1971-ci il təvəllüdlü Oqtay Abdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un məlumatına görə, Oqtay Abdiyev 20 aprel 2019-cu il tarixdə saat 18 radələrində Tovuz rayonunun Yanıqlı kəndindəki toy məclisində yeyib içib. Sərxoş vəziyyətdə piyada yaşadığı evə qayıdarkən yolda onunla rastlaşan həmkəndlisi Seymur Tağıyevin onun yerişini yamsılamasından əsəbləşib.
Oqtay Abdiyev Seymur Tağıyevi söyərək evə gedib. Seymur isə arxasınca gələrək ona və ailə üzvlərinə fiziki zor tətbiq edib.
Bundan hiddətlənən Oqtay Abdiyev evin mətbəxinə daxil olaraq oradan bıçaq götürüb və artıq həyətdən çıxıb evi istiqamətində gedən Şeymur Tağıyevin arxasınca gəlib. Oqtay Abdiyev Seymur Tağıyevi yaşadığı evin həyətinin darvazası qarşısında yaxalaya bilib.
Bu zaman Oqtay Abdiyevin əlində bıçaqla gəldiyini görən Seymur Tağıyevin səsinə küçəyə çıxmış atası Cəlal Tağıyev onu sakitləşdirmək isyəyib.
Oqtay Abdiyev özündə olan bıçaqla Calal Tağıyevə bir neçə zərbə vurub. Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
“Onu toy məclisində görməmişəm”
İstintaq orqanı tərəfindən Oqtay Abdiyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Oqtay Abdiyev bildirib ki, ailə üzvləri, yəni azyaşlı oğlu və həyat yoldaşı ilə birlikdə Tovuz rayonu Yanıqlı kəndində yaşayıb. Onun sözlərinə görə, əvvəllər onun Calal və oğlu Seymurla aralarında hər hansı bir problemləri, ədavəti, narazılığı olmayıb:
“Aprelin 20-də kəndimizdə bacım oğlunun toy məclisi idi. Ailə üzvlərimlə həmin toy məclisinə getdik. Həyat yoldaşımla uşağım məndən əvvəl qayıdıb evə gəldilər. Sonradan bildiyimə görə həmkəndlim Seymur Tağıyev də həmin toy məclisində iştirak edib. Lakin Seymurla toyda rastlaşmadığım üçün onu şəxsən özüm orada, yəni toy məclisində görməmişəm”.
“Nalayiq sözlər işlətdim”
Oqtay Abdiyev qeyd edib ki, saat 17 radələrində toy məclisindən çıxıb və piyada yaşadığı evə tərəf getməyə başlayıb: “Toy yerindən bizim evə qədər məsafə təxminən 700-800 metrdir. Yolda həmkəndlim Seymurun məndən 10-15 metr qabaqda piyada getdiyini gördüm. İçkili olduğum üçün yeriyəndə səndələdim. Bu zaman Seymur yerişimi yamsılamağa, təkrar etməyə başlayaraq mənə acıq verdi. Mən bunu görüb nəzərə almadan kənardan keçdim və getmək istədim.
Seymur mənə “başına papaq qoyub özünü də kişi sayırsan, süni mayalanmaynan uşaq düzəltdirib gətirmisən”, - dedi. Buna artıq dözə bilmədim. Seymura süni mayalanma elətdirənin də, onu bilməyib deyənin də ünvana nalayiq sözlər işlətdim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan sonra Seymur ona heç bir söz deməyib və fermaya tərəf gedib: “Mən isə evimə yollandım. Əvvəlki ifadələrimdə Seymurun mənim ünvanıma uşağımla bağlı dediyi sözləri utandığıma görə deməmişəm. Qeyd etdiklərimdən başqa yolda olarkən Seymurla aramızda hər hansı dava-dalaş, söz-söhbət olmayıb.
Yaşadığım evə gələndən sonra arvadım Səbinə, oğlmu Amin və həmkəndlim Fəridənin evdə olduğunu gördüm. Həyat yoldaşımdan heyvanlara su, yem verib-verməməsini soruşdum. Yox cavabı verəndə ona əsəbləşdim və üstünə qışqıraraq “Allahın qara gəlsin heyvan yazıqdı, niyə baxmırsan?”, deyəndən sonra evə keçdim, yatağımda uzandım”.
“Qapıma gəlib arvad-uşağımı söyürdü”
Oqtay Abdiyev bildirib ki, bu zaman Seymurun həyətdə onun ünvanına nalayiq söyüşlər söydüyünü eşidib: “Səbinəyə toydan evə qayıdanda Seymurun yolda yerişimi yamsıladığını, var-yoxuma söydüyünü dedim. Səbinə isə mənə “səni söyməz, qulağında telefon var, yəqin başqasına söyür” dedi.
Həmin vaxt Fəridə bizə yaxınlaşdı. Fəridəyə Seymurun məni söydüyünü bildirəndə, məni sakitləşdirdi, ona görə də evimdə olan yataq otağına keçərək yatdım. Həyətdə səs-küy səsinə oyandım. Yatağımdan durduqda gördüm ki, Seymur arvadımın və uşağımın ünvanına nalayiq sözlər işlədir, məni çağırır.
Yataq otağından çıxdım, Seymur qolumdan və paltarımdan tutaraq sürüdü, evin həyətinə çıxardı. Yağış yağmışdı, evin qabağı palçıq idi. Seymur məni yerə yıxdı, təpiklə sifətimə vurdu. Hər iki əlimi sifətimə tutdum və təpik zərbəsi mənim əlimə dəydi. Arvadım Səbinə bizi aralamaq istəyən zaman Seymur arvadımın da qoluna zərbə vurdu. Azyaşlı oğlum yanmıza yaxınlaşdı, Seymura “mənim atamı vurma” dedi, ayağından tutdu.
Seymur isə azyaşlı oğlumun çiynindən tutub kənara itələdi. Sonra yenə təpik və yumruqla bədənimin müxtəlif nahiyələrinə zərbələr vurdu”.
“Məqsədim qorxutmaq olub”
Oqtay Abdiyevin ifadəsinə görə, həmin vaxt əmisi oğlu Şakirin arvadı Fəridə də onların yanlarında olub, Səbinə ilə birlikdə Seymuru aralamağa çalışıb: “Lakin Seymuru məndən aralaya bilmədilər. Onun azyaşlı oğlumu itələyərək yerə yıxdığını gördüm, əsəbləşdim. Bu mənə pis təsir etdi. Özümdə güc toplayaraq Seymurun əlindən çıxdım, evə bıçaq götürmək üçün qaçdım. Yenidən evin həyətinə qayıtdım. Həmin vaxt Seymur hələ də evin həyətində idi. Səbinə və Fəridə məni evin həyətindən çıxarmaq istədi. Seymur əlimdə bıçaq gördü, evin həyətindən qaçaraq getdi. Mən də Seymurun arxasınca qaçdım.
Məqsədim Seymuru bıçaqla qorxutmaq olub. Çünki Seymur ailəmin gözü qarşısında məni, arvadımı və uşağımı döyməsi mənə pis təsir etdi. Əsəbimdən özümdə olmamışdım. Evimin həyətindən çıxdım və Seymurun arxasınca qaçdım. Oğlum, həyat yoldaşım Səbinə və qonşularımız Fəridə də mənim arxamca gəldi. Dərənin başına çatanda oğlum mənə çatdı və ayağımdan tutaraq qayıtmağım üçün yalvardı”.
“Kişi deyilsənmi, gəl gözləyirəm...”
Oqtay Abdiyev bildirib ki, bu zaman Seymurun uzaqdan yenə də onun ünvanına nalayiq söyüşlər söyüb: “Seymur mənə “kişi deyilsənmi, gəl gözləyirəm” deyə söylədi. Yenidən onun arxasınca qaçdım. Seymurgilin yaşadığı evin dəmir darvazalarının qarşısına çatan zaman atası Calal və Elşad adlı qohumları qabağıma çıxdılar. Seymur həmin vaxtı darvazadan içəridə, yəni həyətdə idi. Evin darvazasının qarşısına yaxınlaşdım və Seymuru soruşdum. Əvvəlcə Seymurun atası Calal məni qabaqdan tutaraq qucaqladı, daha sonra isə qohumu Elşad məni arxadan yaxınlaşaraq geri çəkdi, arxam üstə yerə yıxdı. Calal da mənim üstümə yıxıldı, əlimdəki bıçaq Calalın qarın nahiyəsinə batdı.
Calal bıçağın ona batdığını deyərək üstümdən qalxdı, Elşad qolumdan tutaraq məni üzü üstə yerə çevirdi”.
Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib: “Bu vaxt Seymur da bizə yaxınlaşdı və hər ikisi bıçağı əlimdən almaq istədilər. Mən bıçağı var gücümlə yerə sancdım. Seymur boynumun arxasına zərbə vurdu və huşumu itirdim. Yaşadığım evə necə getməyimi xatırlamıram. Mənim Calalı bıçaqla vurmaq niyyətim olmayıb. Məqsədim Seymuru qorxutmaq olub”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oqtay Abdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib.