Bakıda seksual xarakterli hərəkətlər etməkdə, quldurluq və soyğunçuluq cinayətləri törətməkdə təqsirli bilinən 1973-cü il təvəllüdlü Lənkəran şəhər sakini Vaqif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Vaqif Məmmədov Nizami rayonunda yerləşən “Monte Karlo” şadlıq sarayının yaxınlığında köşkdə satıcı işləyən Hacıağa adlı şəxsə məxsus 220 manat dəyərində “Samsung” markalı “SM-A205FN/DS” model mobil telefonu əlindən alararaq qaçıb.
Köşkdə cinsi təcavüz
Bundan başqa, Vaqif Məmmədov cinsi ehtirasını təmin etmək məqsədi ilə 8 sentyabr 2019-cu il tarixdə saat 11 radələrində Zığ şossesində yerləşən köşkə daxil olub. O, köşkdə satıcı işləyən Sevil Əsədova (ad və soyad şərti verilib – red.) ilə pul müqabilində cinsi əlaqədə olmaq barədə təklif edib. Sevil Əsədova təklifdən imtina edib.
O, köşkdə olan masanın üzərindən götürdüyü bıçaqla Sevil Əsədovanı öldürməklə hədələyib, zor tətbiq edərək onun başını mağazanın giriş qapısına vurub.
Daha sonra qadını soyunduraraq ona qarşı seksual xarakterli hərəkətlər edib, cinsi ehtirasını pozğun formada təmin edib.
Mağazadan nə qədər pul və əmlak aparıldı?
Vaqif Məmmədov Sevil Əsədovaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdikdən sonra onu özündə olan bıçaqla öldürəcəyi ilə hədələyib, köşkdə olan masanın siyirməsindən 650 manat nağd pulu, vitrindən biri 1,40 qəpik olmaqla 28 manat dəyərində 20 ədəd “Maqna” markalı, biri 1,70 qəpik olmaqla 51 manat dəyərində 30 ədəd “Cavallo” markalı və biri 1,90 qəpik olmaqla ümumilikdə 76 manat dəyərində 40 ədəd “Palma” markalı siqaretləri aparıb.
İstintaq orqanı tərəfindən Vaqif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə), 180.1-ci (soyğunçuluq), 181.2.2-ci (təkrar quldurluq törətmək), 181.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
“Kənarda bir yer tapıb, araq içdim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif Məmmədov özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib.
O, qeyd edib ki, spirtli içki qəbul edib və sərxoş vəziyyətə düşüb: “Yolda gedərkən ayağım daşa ilişərək yıxıldım və yerdə sürükləndim. Köynəyim cırıldığına görə əynimdən çıxartdım. Şalvarımın cibindəki mobil telefonunun ekranı da sındı. Əlimdə içərisində yemiş və araq olan torba ilə “Monte Karlo” şadlıq evinin yan tərəfində olan köşkə yaxınlaşdım.
Köşkdə Hacıağadan üstümü təmizləmək üçün kömək istədim. Bundan bir gün əvvəl Hacağadan mobil telefonu alaraq bir nəfər tanışımla danışmışdım. Hacıağa mənə əski və su verərək kənarda üzərimi təmizləyə biləcəyimi dedi. Həmin vaxt çox əsəbi idim və əlimdəki ekranı sınmış mobil telefonu köşkün alqı-satqı yerindəki qəpiklər qoyulan plastik qaba vuraraq deyindim. Hacağa etdiyim hərəkətə görə mənə irad bildirdi, kənara çəkilməyimi istədi.
Mən isə zəng etmək üçün Hacağadan telefonunu istədim. O, telefonu mənə verməyəcəyini, zəng edib səsucaldıcı vasitəsilə danışa biləcəyimi dedi. Razılaşdım, tanışımın mobil telefon nömrəsini Hacağaya dedim. Hacağa həmin nömrəni yığdı, köşkün içərisindən telefonu mənə uzatdı. Onun əlindən “Samsung” markalı mobil telefonu dartaraq aldım, qaçaraq oradan uzaqlaşdım. Sonra kənarda bir yer tapıb, araq içdim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin gecə “Monte Karlo” şadlıq evinin yaxınlığında yatıb: “Yuxudan ayılanda telefon yanımda deyildi. Başımın üstündə polis əməkdaşlarının dayandıqlarını gördüm. Sonuncular məni Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə apardılar”.
“Oğlan zəng etdi, bacımla danışdım”
Vaqif Məmmədov qeyd edib ki, Sevil Əsədovanı 2019-cu ilin may ayından tanıyıb və bu tanışlıqdan sonra aralarında yaxın münasibət olub:
“Sevilin işlədiyi mağazaya yaxınlaşdım. Həmin vaxt Sevil mağazada yox idi. Satıcı işləyən cavan oğlandan bir şüşə araq və enerji içkisi aldım. Oğlanla söhbət edə-edə həmin araqdan bir qədər içdim. Sonra bacıma zəng etmək üçün satıcıdan telefon istədim. Oğlan öz mobil telefonu ilə bacıma zəng etdi və bacımla danışdım”.
“Qardaşına deyəcəyini bildirdi”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, mağazadan aralanıb və bir neçə saat ətrafda gəzdikdən sonra saat 11 radələrində Sevili görüb: “Mağazaya qayıtdım, həmin vaxt Sevil içəridə tək idi. Bir qədər söhbət etdikdən sonra Sevilə cinsi əlaqədə olmaq istədiyimi dedim. Mağazaya kamera qoyulduğundan Sevilə anbarda cinsi əlaqədə olmağı təklif etdim. Sevil də razılaşdı.
Həmin vaxt mağazaya bir müştəri və bir nəfər uşaq yaxınlaşdı. Pəncərədən müştəriyə mağazanın işləmədiyini dedim. Oğlan uşağı isə Sevillə məni bir yerdə gördü. Sevil həmin uşağın yaxınlıqda işlədiyini, qardaşını tanıdığını, bizi bir yerdə gördüyü barədə qardaşına deyəcəyini bildirdi. Sevil qorxaraq həyətə çıxmaq istədi. Lakin onu çıxmağa qoymadım”.
“Polis əməkdaşları tərəfindən yaxalandım”
Vaqif Məmmədov bildirib ki, Sevil ona pul təklif edib, oradan tez getməsini istəyib, amma o, bununla razılaşmamyıb: "Sevilin qardaşının və başqa şəxslərin gələcəyindən qorxdum, özümü müdafiə üçün mağazadan iki bıçaq götürdüm. Bıçaqlardan birini şalvarımın arxa sol cibinə qoydum, digərini isə əlimdə saxladım.
Masanın üzərində Sevilə məxsus mobil telefonu da bilmədən arxa cibimə qoydum. O, mobil telefonu istəyəndə qaytardım. Bundan sonra mağazanın giriş qapısına tərəf getdik. Orada bir nəfər tanımadığım şəxs yaxınlaşdı. Sevilə mobil telefon verdim, həmin adam danışandan sonra telefonu geri qaytardı. Bıçağı əlimdə saxlayaraq Sevili özümə tərəf çəkdim. Sevillə cinsi əlaqədə olmaq istəsəm də, ola bilmədim.
Bundan sonra onunla mağazanın içərisinə keçdik. Sevil mənə siyirmədən təxminən 200-250 manat arası pul verdi. Özüm də orada olan xırda manatlıq pulları və 4 blok müxtəlif markalı siqaretləri götürüb getdim. Təxminən 10 dəqiqədən sonra polis əməkdaşları tərəfindən yaxalandım”.
“Mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sevil Əsədova bildirib ki, bibisinin gəlini Fərqanəyə (ad və soyad şərti verilib – red.) məxsus 4 kvadrat metrlik ərazisi olan kiçik mağazada satıcı işləyir: “Həmin mağazada səhərlər mən, gecələr başqa şəxs növbə ilə işləyirik.
Hadisə baş verən günü saat 10.35-də mağazaya qardaşım gəldi. Ona yemək verdim, sonra yaxınlıqdakı avtotəmir sexinə getdi. Az sonra həyətə çıxdım, kiçik anbarda olan qaz sobasının yerində olub-olmadığına baxdım.
Mağazaya qayıdanda Vaqif qapı tərəfdən yaxınlaşdı, mənim tək olduğumu görərək içəri keçdi. Mən mağazanın giriş qapısında olan açarı çıxartmaq istəsəm də, bacarmadım. Vaqifi görən kimi ona satışın çöl tərəfdən olduğunu söylədim. Vaqif isə həbsdən təzə çıxdığını, ailəsindən boşandığını, ayrı qaldığını, mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi”.
“Ərimin həbsdə olduğunu dedim”
Zərərçəkmişin ifadəsinə görə, Vaqifə ailəli olduğunu deyib: “Bu zaman Vaqif onunla cinsi əlaqədə olmasam, məni xəsarət yetirəcəyi və öldürəcəyi ilə hədələdi. Vaqifə qardaşımın yaxınlıqda olduğunu desəm də, buna məhəl qoymadı, nalayiq söyüşlərlə məni söyməyə başladı. Mobil telefonla qardaşıma zəng etmək istədim.
Bu zaman Vaqif telefonumu əlimdən götürdü. Ayağa qalxaraq köşkdən çıxmaq istədim. Vaqif məni itələdi, yerimə oturtdu. Əynində olan idman gödəkcəsini çıxardı, bu zaman Vaqifin qollarının kəsik olduğunu gördüm.
Vaqif mağazada istifadə etdiyim iki bıçağı əlinə götürdü. Bıçaqlardan birini əlində saxladı, digərini və mobil telefonumu arxa sol cibinə qoydu.
Vaqifə mobil telefona görə kredit ödədiyimi, ərimin həbsdə olduğunu, həmin telefon vasitəsi ilə ərimlə əlaqə saxladığımı dedim, qaytarmasını xahiş etdim”.
“Məni öldürəcəyindən qorxdum”
Sevil Əsədova qeyd edib ki, bu vaxt mağazaya müştəri yaxınlaşıb: “Vaqif əlindəki bıçağı yerə qoydu, mənə sakitcə müştərini yola salmağı tapşırdı. Dərhal bıçağı götürdüm, kənara qoydum. O biri bıçaq Vaqifdə qaldı. Mobil telefonumu da özümə qaytardı. Bundan sonra əynindən çıxardığı idman gödəkcəsini qoluna doladı, bıçağı da qoyduğum yerdən götürdü.
Vaqifin mənə xəsarət yetirəcəyindən qorxduğum üçün müştərini sakitcə yola saldım. Mağazanın siyirməsini açdım, oradan qalıq pulları qaytaranda Vaqif pulların yerini gördü. Onun zahiri görünüşündən və davranışlarından narkotik istifadəçisi olduğunu başa düşdüm. Məni öldürəcəyindən qorxdum”.
“Anbarda cinsi əlaqədə olmağı təklif etdim”
Sevil Əsədovanın ifadəsinə görə, Vaqifə mağazanın kamera nəzarəti altında olduğunu deyib: “Lakin buna əhəmiyyət vermədi. Əlindən qaçmaq üçün onu aldadaraq həyətə çıxmağı fikirləşdim. Buna görə Vaqifə həyətə çıxıb mağazanın yanında, giriş qapısı avtomobil yoluna baxan anbarda cinsi əlaqədə olmağı təklif etdim.
Qapının ağzından keçmək istərkən Vaqif əlində bıçağı saxladı, məni özünə tərəf çəkdi, səs salsam öldürəcəyi ilə hədələdi. Giriş qapısının dəmir çərçivəsini vurdu və məni arxadan qucaqlayaraq koftamın üstündən sinəmə əl atdı, öz əynindəki şalvarını çıxartdıqdan sonra məni də zorla soyundurdu. Bundan sonra mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olmağa çalışdı. Ehtirasını başa çatdırdı, bundan sonra hər ikimiz geyindik.
Birlikdə mağazanın içərisinə gəldik. Orada Vaqif mənə dedi ki, nə qədər pul verə bilərsən? Onun əlindəki bıçaqla mənə xəsarət yetirməsindən qorxdum, siyirmədə olan pulları çıxararaq ona verdim. Xırda pulları da özü götürdü. Ümumilikdə 650 manat pulun hamısını yığaraq cibinə qoydu və mağazanın vitrinindən olan siqaretləri də götürdükdən sonra oranı tərk etdi.
Dərhal mağazadan çıxdım, qardaşıma tərəf qaçdım və Vaqifin mağazadan malları götürərək qaçdığını bildirdim. Həmin vaxt orada olan şəxslərdən kimsə polisə məlumat verdi. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəldi”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.