14 Fevral 2021 10:29
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda qardaşını öldürməkdə ittiham olunan Ramil Rəhimovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il iyulun 1-də saat 7 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birində oranın sahibi olan qəsəbə sakini Ramil Rəhimovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı Azəri qətlə yetirərək hadisə yerini tərk etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Ramil Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

İstintaq araşdırması zamanı məlum olub ki, qardaşlar arasında mübahisə istirahət mərkəzinin üstündə yaranıb.

Qəsəbə sakini, 55 yaşlı Ramil Rəhimov böyük qardaşı, 61 yaşlı Azər Rəhimovu yaranmış mülk üstündə güllələyib.

Belə ki, Azər Rəhimov istirahət mərkəzini müqavilə əsasında qardaşına verib.

Lakin sonradan Ramil Rəhimov etibarnamə ilə işlətdiyi obyekti öz adına keçirib. Elə qardaşlar arasında mübahisə də buna görə başlayıb.

Qardaşlar istirahət mərkəzinin mübahisəsi ilə bağlı mülki qaydada məhkəmədə də çəkişiblər Məhkəmənin qərarına əsasən, obyekt yenidən Azər Rəhimova qaytarılıb.

Buna əsəbləşən kiçik qardaş silaha əl atıb. Ağır xəsarətlər alan Azər Vəliyev dünyasını dəyişib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər