Bakıda kriminal avtoriteti qətlə yetirməkdə təqsirləndirilən Aslan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsəd Abbasovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 18-nə təyin edilib.
İttihama görə, hadisə ötən il iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, qətlə yetirilən Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayevin mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir.
İstintaq orqanı tərəfindən Aslan Sadıqovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.