Tərtər rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan Naib Hümbətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, hadisə Tərtər rayonunun mərkəzində, Cavanşir küçəsində qeydə alınıb.
Həmin ünvanda rayon sakini, 1980-ci il təvəllüdlü Xətai Zeynalovun meyiti tapılıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları müayinə aparıblar.
Məlum olub ki, Xətai Zeynalov bıçaqlanaraq öldürülüb və küçəyə atılıb.
Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xətai Zeynalovun qonşusu Naib Hümbətov müəyyən olunaraq saxlanılıb.
Məlum olub ki, hadisə baş verən gecə saatlarında qonşular arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Onların mübahisəsi sonda qanlı cinayətlə nəticələnib.
İstintaq orqan tərəfindən Naib Hümbətovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.