İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov barəsində olan hökmdən apelyasiya şikayəti verib.
Teleqraf.com-un xəbərinə görə, Məhərrəm Əhmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə razı olmadığını qeyd edib. O, barəsində olan hökmün ləğv olunmasını, bəraət hökmünün çıxarılmasını istəyib.
Məhərrəm Əhmədovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Rafail Əliyevin sədrliyi ilə baş tutan iclasda Məhərrəm Əhmədovun anket məlumatları dəqiqləşdirilib, daha sonra onun apelyasiya şikayətinin dəlilləri müəyyən olunub.
Məhkəmə baxışı aprelin 13-nə təyin olunub.
İttihama görə, İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib.
Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun Mican kəndindəki yaşadığı evə baxış keçirilib. Oradan müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkarlanıb.
Müəyyən edilib ki, Məhərrəm Əhmədov öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirərək müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub. O, ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti mənimsəyib.
Baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilib.
İstintaq orqanı tərəfindən Məhərrəm Əhmədovun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhərrəm Əhmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunub.
Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, Məhərrəm Əhmədovla birlikdə saxlanılan Kommunal Müəssisələr Kombinatının direktoru olmuş Vidadi Məmmədovun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə ittiham verilib.
Lakin məhkəmənin qərarı ilə barəsində başlanmış cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilib.
Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
Vidadi Məmmədov cinayət işi üzrə zərərçəkmiş şəxslərlə barışdığı üçün barəsində olan cinayət işinə xitam verilib.
Xatırladaq ki, Vidadi Məmmədov istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilimişdi.