28 Aprel 2021 21:00
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda 1986-cı il təvəllüdlü Ruslan aralarında yaranan münaqişə zəminində tanışı Rövşəni bıçaqlayıb.

Teleqraf.com-un xəbərinə görə, Ruslan “Çay Club” çay evində Rövşəndən ona heroin tapmağı tələb edib.

Rövşən narkotik vasitə tapa bilməyəcəyini bildirib. Ruslan əli ilə onun sifət nahiyəsindən vurub. Zərbənin təsirindən Rövşənin üzünü tutaraq aşağı əyilməsindən istifadə edib və bıçaqla onun kürək nahiyəsindən vurub.

İstintaq orqanı tərəfindən Ruslanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, baş vermiş cinayət hadisəsinə qədər Rövşəni tanımayıb: “Mənim Rövşənlə heç bir düşmənçiliyim olmayıb. Hadisə günü yaşadığım evdə nahar edən zaman təxminən 0,5 litr araq içdim. Sonra çay içmək üçün təxminən saat 15-16 radələrində Nəsimi küçəsində yerləşən “Çay Club”a getdim.

Çay evinə gedən zaman oranın işçiləri təmizlik işləri ilə məşğul idilər. Buna baxmayaraq, həmin çay evi fəaliyyət göstərirdi. Masaların birində əyləşdim və çay sifariş etdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir qədər sonra Rövşən çay evinə daxil olub: “O, başqa masa arxasına keçib çay sifariş etdi. Rövşən də masa arxasında tək oturmuşdur. Bir qədər oturduqdan sonra ayağa qalxdı və çay evinin ayaqyolusuna getdi. Həmin vaxt mən də ayaqyoluna getdim. Ayaqyoluna daxil olanda oranın kabinasından alışqan yandırılması səsini eşitdim.

Bu səsi eşitdikdə Rövşənin ayaqyolundakı kabinada narkotik vasitədən istifadə etdiyini düşündüm. Bu hərəkət mənə pis təsir etdi, Rövşənə irad bildirmək istədim”.

Ruslan qeyd edib ki, Rövşən ayaqyoludan çıxdıqdan sonra ona yaxınlaşıb və nə üçün çayxanada belə iş gördüyünü, çay evinə polis gəldikdə hər kəsin “işə” düşəcəyini deyərək irad tutub: “Bu zaman Rövşən məni söyərək yumruqla vurdu. Aramızda əlbəyaxa dava oldu və masanın üzərindən götürdüyüm limon bıçağı ilə Rövşənin kürək nahiyəsindən 1 dəfə vurdum. Bundan sonra bıçağı orada ataraq çay evindən getdim”.

Təqsirləndirilən şəxs ifadəsində onu da göstərib ki, Rövşəni öldürmək niyyəti ilə vurmayıb. Zərərçəkmişin yalan danışdığından və sərxoş olduğundan əsəbiləşərək vurduğunu deyib. O, ifadəsinin sonunda Rövşənlə barışdığını, sonuncunun ona qarşı şikayəti olmadığını bildirib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rövşənin sözlərinə görə, hadisə baş verən günü “Çay Club”a gedib: “Çay evində işçilərin təmizliklə məşğul olduğunu gördüm. Onlara yaxınlaşdım və kömək lazım olub-olmadığını soruşdum. Həmin şəxslər kömək lazım olmadığını dedilər. Sonra çay evinə girdim, Ruslanı orada gördüm və biz salamlaşaraq söhbət etdik.

Bir qədər söhbətdən sonra ayaqyoluna getdim. Siqaret çəkmək üçün alışqanı yandırdım. Ayaqyolundan çıxdıqda Ruslanın məni gözlədiyini gördüm. O, məndən üzərimdə narkotik vasitə olub-olmadığını soruşdu. Ruslana artıq narkotik vasitə istifadə etmədiyimi və müalicə aldığımı bildirdim”.

Zərərçəkmiş qeyd edib ki, əvvəllər narkotik vasitə istifadə etməsindən Ruslanın xəbəri olub: “Ona görə də Ruslan məndən narkotik vasitə tapmağı təkidlə istədi. Yenidən Ruslana narkotik vasitə tapmaqdan imtina etdim. O mənimlə mübahisə etməyə başladı. Ruslan sağ əli ilə mənə yumruq zərbəsi vurdu, aşağı əyildim.

Aşağı əyildikdə kürək nahiyəmdə ağrı hiss etdim. Əlimi kürəyimə toxundurduqda Ruslanın məni bıçaqla vurduğunu bildim. Bundan sonra qaçaraq çay evindən çıxdım. Yolda polis əməkdaşlarını gördüm və onlardan kömək istədim. Polislər xidməti avtomobildə məni xəstəxanaya apardılar”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baxılıb.

Ruslan 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər