16 May 2021 12:12
2 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda 1977-ci il təvəllüdlü Abbas qısqanclıq zəminində arvadı Fərqanəni öldürməyə cəhd edib.

Teleqraf.com-un xəbərinə görə, Abbas 2005-ci ildən rəsmi nikah münasibətində olduğu arvadı Fərqanə ilə İmişli rayonunda birgə yaşadıqları müddətdə mütəmadi olaraq spirtli içki qəbul edib, sərxoş vəziyyətdə evə gəlib. Əsas olmadan qısqanclıq zəminində mübahisələr edib, bu səbəbdən Fərqanə 2019-cu ilin oktyabrında müalicə olunduğu İrandan geri qayıtdıqdan sonra ata evinə köçüb.

Abbas münasibətlərinin yenidən bərpa olunmasına və barışmalarına təkidlə cəhd etsə də, Fərqanə onunla nəzakətsiz davranıb, birgə yaşamaqdan imtina edərək boşanmaq istəyib.

Abbas Fərqanəni qısqanclıq niyyəti ilə öldürmək qərarına gəlib. O, bıçaq götürərək Fərqanənin atasına məxsus Maştağa qəsəbəsindəki evə gəlib.

Abbas həyətə hasardan tullanıb və evdəki söhbətləri dinləməkdən ötrü dama qalxıb, orada pusquda dayanıb. Bir qədər sonra qəflətən eyvana tullanıb və cibindən bıçağı çıxararaq dəhlizdə dayanmış Fərqanəyə zərbələr vurub.

Fərqanə ailə üzvləri tərəfindən vaxtında 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

“Daim qısqanmışam”

İstintaq orqanı tərəfindən Abbasın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham elan edilib.

Abbas elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı Fərqanəni öldürmək məqsədi ilə bıçaqlayıb: “Dəfələrlə ondan barışmağı xahiş etsəm də, buna məhəl qoymadı. Mənimlə kobud rəftar etdi. Bu səbəbdən bezərək cinayət törətdim. Fərqanənin pis hərəkətini görməsəm də, onu daim qısqanmışam. Onun mənimlə barışmaq istəməməsi bu hislərimi daha da qızışdırdı”.

“Qayınatam haqqımda şayiələr yaydı”

Abbasın sözlərinə görə, 2019-cu ildə Fərqanəni xəstəliyi ilə əlaqədar müalicə məqsədilə qohumları ilə İrana getməsi üçün Bakı şəhərinə atası evinə gətirib: “Fərqanə qohumları ilə İrana gedib gəldi. Onu yaşadığımız İmişli şəhərinə aparmaq üçün Bakıya yollandım. Valideynləri onu İmişli şəhərinə aparmağıma icazə vermədilər.

Spirtli içkini tərgidəcəyim halda Fəqanəni apara biləcəyimə dair şərt kəsdilər. Şərtə riayət edərək spirtli içkini tərgitmək üçün müalicəyə başladım. Bundan sonra Fərqanənin atası Əsgərxan mənim narkotik tərkibli dərmanlar qəbul etməyimlə bağlı şayiələr yaymağa başladı.

Yayılan söhbətlərə görə qayınatam Əsgərxanla bir neçə dəfə mübahisə elədim”.

“Fərqanə huşunu itirdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2020-ci ildə Fərqanə ondan xəbərsiz boşanmaq üçün Sabunçu rayon Məhkəməsinə müraciət edib:

“Bundan bir neçə gün sonra boşanma ilə bağlı məlumat aldım. Bütün bunlara qayınatam Əsgərxanın səbəb olduğunu düşündüm. Əsgərxanı öldürmək üçün bıçaqla onun yaşadığı evə getdim. Onun Mağtağa qəsəbəsində yerləşən evinin həyətinə əlimdə bıçaq daxil oldum. qayınatamın evdə olmadığını öyrəndim.

Fərqanə əlimdəki bıçağı gördükdə qorxudan huşunu itirdi, yerə yıxıldı. Bunu görüncə sakitləşdim. Bıçağı əlimdən yerə tullayaraq təcili tibbi yardıma zəng etdim. Bir neçə dəqiqə sonra evə polis əməkdaşları gəldi və mənim barəmdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərildi.

Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edildim”.

“Fikrimi qətiləşdirdim”

Abbas bildirib ki, 2020-ci ilin avqustunda Fəqanənin yaşadığı evə gedib və ona geri qayıtmaq üçün yalvarıb: “Fərqanə əsəbləşərək evdəki pəncərəni sındırdı. Bu səbəbdən evi tərk etdim. Fərqanənin atası Əsgərxan və anası Sürəyyanın haqqımda həqiqətə uyğun olmayan söhbətləri, guya narkoman olmağım, oğurluq etməyim barədə hər yerdə söz-söhbət yaymaları məni daha da qıcıqlandırdı.

Bu söhbətlərə son qoymaq üçün Fərqanəni ölürmək məqsədilə Bakı şəhərinə gəldim. Maştağa qəsəbəsində yerləşən mağazaların birindən mətbəx bıçağı aldım. Sonra Fərqanənin yaşadığı evə yaxınlaşdım. Həyətə daxil oldum, barəmdə nə danışdıqlarını öyrənmək üçün evin damına qalxdım. Orada gizləndim. Evdə olan danışıqlara qulaq asdım.

Fərqanənin övladlarıma haqqımda xoşagəlməz fikirlər bildirdiyini, qayınanam Sürəyyanın telefonla tanımadığım şəxslərə mənim guya hər gün bunlara yalvarmağımı, mənimlə bağlı nalayiq ifadələr işlətdiyini eşitdim. Söhbətlərə son qoymaq və mənəvi rahatlıq əldə etmək üçün Fərqanəni öldürmək fikrimi qətiləşdirdim”.

“Peşmanam”

Abbasın ifadəsinə görə, evin damından eyvana düşüb və evə daxil olub: “Fərqanənin evin yataq otağının qarşısında olduğunu gördüm. Bıçağı çıxararaq onun üzərinə getdim. Fərqanə geriyə doğru addımlar atdı, evin yataq otağına daxil oldu. Çarpayının üzərinə uzanaraq mənə mane olmaq üçün ayaqlarını qaldırdı ki, vuracağım bıçaq zərbələri ona dəyməsin. İlk zərbələri onun ayaq nahiyəsindən vurdum, yaxasından tutaraq bədəninin müxtəlif yerlərinə zərbələr vurmağa davam etdim. Bir neçə zərbədən sonra daha müqavimət göstərmədi.

Artıq onunn tərpənmədiyini gördüm, öləcəyini zənn etdim. Buna görə zərbə vurmağı dayandırdım. Evdən çıxdım və qaçaraq hadisə yerini tərk etdim.

Həyətə çıxarkən bıçağın uc hissəsinin əyildiyini gördüm. Həmin bıçağı evin həyətinə atdım. Birbaşa Sabunçu rayon Polis İdarəsinə gəldim, könüllü təslim oldum.

Hadisə baş verən zaman evdə 3 övladım, Fərqanənin bacısı və anası olub. Lakin həmin şəxslərin hadisəni görməyinə dair məlumatım yoxdur. Əməlimdən peşmanam”.

“Məni döyüb, öldürməklə hədələyirdi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fərqanə bildirib ki, Abbasa ərə getdikdən sonra ailələrində mütəmadi söz-söhbətlər olub: “Buna səbəb Abbasın çətin xarakterli adam olması, evdə mütəmadi söz-söhbət yaratması, məni döyməsi və kobud hərəkətlər etməsi olub.

Bundan əlavə Abbas mənə atamgilin evinə getməyə imkan vermirdi. Atam-anamın yaşadığımız evə gəlməsinə də qadağa qoymuşdu. Bütün bunlar Abbasla münasibətlərimizi korlamışdı.

Son vaxtlar Abbasa ondan ayrılacağımı bildirdim. İmişli şəhərində birlikdə yaşadığımız zaman Abbas dəfələrlə məni döyüb, ondan ayrılacağım təqdirdə öldürməklə hədələyib. Buna baxmayaraq onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etməmişəm”.

“Eşitdim ki, həbs olunub”

Fərqanə qeyd edib ki, 2019-cu ilin oktyabrında səhhətində yaranmış problemlə əlaqədar İrana gedib: “Qayıtdıqdan sonra Maştağa qəsəbəsində yerləşən ata evinə gəldim. Abbas dalımca gəldi, evə apamaq istəsə də, ondan ayrılacağımı bildirdim, İmişli şəhərinə qayıtmadım.

2020-ci ilin təxminən yanvar-mart aylarında Abbas atamın evinə gəldi. Əlində bıçaq hədələdi, məni öldürəcəyini bildirdi. Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdikdən sonra Abbas evdən getdi.

2020-ci ilin martında da dəqiq xatırlamadığım tarixdə Abbas yenə də əli bıçaqlı atama məxsus evə gəldi. Yenə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim. Müraciətim əsasında polis əməkdaşları gəlib Abbası apardılar. Sonradan eşitdim ki, Sabunçu rayon Məhkəməsinin qərarı ilə Abbas inzibati qaydada həbs olunub”.

“Məni öldürəcəyini dedi”

Fərqanənin sözlərinə görə, 2020-ci ilin təxminən fevral-mart aylarında Abbasdan boşanmaq üçün Sabunçu rayon Məhkəməsinə müraciət edib: “Bundan bir neçə gün sonra anam, bacım və övladlarımla birlikdə atama məxsus evdə olarkən evin damından kiminsə eyvana düşdüyünü gördüm. Diqqətlə baxdıqda Abbası tanıdım.

Abbas eyvandan keçdi və evin qapısından dəhlizə daxil oldu. Məni öldürəcəyini bildirdi. Cibindən bıçaq çıxardaraq mənə tərəf gəlməyə başladı. Onun üstümə gəldiyini gördükdə geri çəkildim, yataq otağına daxil oldum. Üzərimə gələ-gələ evin yataq otağına girdi. Əlindəki bıçaqla bədənimin müxtəlif nahiyələrinə ardıcıl bıçaq zərbələri yetirdi.

Yataq otağındakı yorğan-döşəkdən ibarət yükün üzərinə yıxıldım. Ayağımla onu itələmək istədim, Abbas dabanımdan vurdu. Bundan sonra evi tərk etdi. Mən isə huşumu itirdim.

Abbas mənə bıçaqla xəsarətlər yetirərkən anam və bacım evdə idi. Hadisə bacımın gözü qarşısında baş verdi. Bacımı qışqıraraq anamı köməyə çağırdı. Lakin Abbas nə bacımın qışqırmasına, nə də mənim bıçaqlamaması üçün yalvarışlarıma məhəl qoydu.

Bir neçə dəqiqə sonra təcili tibbi yardım stansiyasının həkimləri gəldi və məni xəstəxanaya çatdırdılar. Orada təxminən 15 gün stasionar müalicə aldım”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsəd Abbasovun sədrliyi ilə baxılıb. Abbas 12 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər