2 Sentyabr 2021 13:16
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluq etməkdə təqsirli bilinən Firudin İsmayılov, Dilbər Hacıyeva, Kənan Müzəffərli və Kamran Abdulovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Səbuhi Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, paytaxtın Nizami rayonu ərazisində yerləşən evlərdən birində qadına qarşı quldurluq edilib. Zərərçəkən şəxs Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edərək bildirib ki, 26 aprel 2021-ci ildə yaşadığı mənzildə tək olan zaman bir nəfər qadın mənzilin qapısını döyərək qonşu olduğunu və onlara Ramazan ayı münasibəti ilə sovqat gətirdiyini qeyd edib.

Ev sahibi qapını açandan dərhal sonra pusquda dayanan 2 nəfər naməlum şəxs mənzilə daxil olublar.

Həmin şəxslər zərərçəkənin burun nahiyəsinə yumruqla zərbə endirərək əllərində olan bıçaqla həyat sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib pul və qızıl-zinət əşyaları tələb ediblər.

Qadın evdə pul olmadığını bildirəndən sonra isə həmin şəxslər evdən dəyəri 1000 manat olan qızl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar.

Məlumat daxil olan kimi Nizami rayon Polis İdarəsinin və 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Evin yerləşdiyi ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəxlərdən ikisi - Abşeron rayonunda yaşayan Kənan Müzəffərli və Dilbər Hacıyeva saxlanılıblar.

Daha sonra cinayətin digər iki iştirakçısı da müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri hadisə yerinə Kənan Müzəffərlinin avtomobili ilə gediblər. O, yolda müşahidə kameralarından yayınmaq üçün idarə etdiyi avtomobilin 90 PZ 465 dövlət qeydiyyat nişanındakı “P” hərfini xüsusi vasitələrlə “R” ilə əvəzləyib.

Dilbər Hacıyeva isə ilkin ifadəsində hadisədən əvvəl həm ev sahibini qapını açmağa inandırmaq, həm də ki, kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiyini bildirib.

Dəstə üzvlərinin qeyd edilən mənzilin yerləşdiyi binaya daxil olmaları və hadisə yerindən yayınmaları orada olan kameralar vasitəsi ilə də lentə alınıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər