11 Sentyabr 2021 09:26
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədri Urufulla Qocayevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Müşfiq Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 23-nə təyin edilib.

İttihama görə, Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədri Urufulla Qocayevin qanunsuz əməlləri ilə əlaqədar daxil olan vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu cinayət başında yaxalanıb.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən U.Qocayevin kəndin ərazisində yerləşən 60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 29 il müddətinə icarəyə verilməsi, 0,12 hektar torpaq sahəsinin satılmasının təmin edilməsi və həmin torpaq sahəsində tikinti işlərinin həyata keçirilməsinə ümumi himayədarlıq göstərilməsinə görə 12 min manat məbləğində pul vəsaitinin rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov