Bu gün Sumqayıt Apelyasiya Məhkəməsində ağır yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən Əbülfət Əlizadənin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Əbülfət Əlizadə 24 yanvar 2014-cü il tarixdə Sumqayıt şəhəri Kimyaçılar küçəsində idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə Metallurq küçəsi istiqamətində hərəkət edərkən ağır qəza törədib.
Həmin zaman qarşıdan gələn naməlum avtomobilin işıqları onun gözlərini qamaşdırıb. Bu zaman Əbülfət Əlizadə yolu keçmək istəyən piyada Marif Bayramovu vurub. Piyada aldığı xəsarət nəticəsində ölüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əbülfət Əlizadə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əbülfət Əlizadə apelyasiya şikayəti verib. O, barəsində yüngül cəzanın təyin edilməsini xahiş edib.
Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, Əbülfət Əlizadənin cəzasından 1 il çıxılıb və onun barəsində qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov