25 Oktyabr 2021 12:09
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə iki nəfər türkiyəli iş adamı şahid qismində cəlb olunub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, bunlar Çetin Ahmet Mahmut və Keser Ahmet Volkandır.

Hər iki türkiyəli iş adamı “Texnikaban”ın rəhbəri Etibar Əliyevin işi üzrə dindiriliblər.

Çetin Ahmet Mahmut istintaqa verdiyi ifadəsində qeyd edib ki, Türkiyə Respublikasının vətəndaşı olmasına baxmayaraq 1995-ci ildən Bakı şəhərində yaşayıb və işləyib: “Bina tikintisi ilə məşğul olan “Aral Group” MMC-nin rəhbəri olmuşam. “Texnikabank”ın rəhbəri olmuş Etibar Əliyevlə münasibətlərim yaxşı olub.

2012-ci ilin yay aylarında Etibar Əliyevin oğlu Kəramət mənə zəng etdi. Bildirdi ki, MTN-ə vermək, həmçinin borclarını ödəmək üçün köməyə ehtiyacı var. Həmin ərəfələrdə MTN-in tanımadığım əməkdaşlarından biri mənə zəng etdi, Kəramətlə münasibətimin necə olmasını soruşdu, Kəramətə çalışaraq köməklik göstərməyimi istədi. Mən də həmin şəxsə Kəramətə köməklik göstərəcəyimi söylədim”.

Çetin Ahmet Mahmut qeyd edib ki, 2012-ci ilin yay aylarında Zərifə Əliyeva küçəsi, 33 ünvanında yerləşən ona məxsus “Aral Group” MMC-də şəxsi ofisində Kəramətin özünə kömək məqsədilə təmənnasız 1 milyon 500 min manat verdim. Lakin həmin məbləğin Kəramət tərəfindən MTN-in hansı əməkdaşına verilməsi ilə bağlı məlumatım olmayıb”.

Digər şahid Keser Ahmet Volkan bildirib ki, “Kesse” MMC-nin direktoru kimi Türkiyədən mebel gətirib və Azərbaycanda Həsən Əliyev küçəsi, 63 ünvanında satışını həyata keçirib: “2012-ci ilin sentyabrında axşam saatlarında, bir qədər də gec vaxtda Kəramət Əliyev məni görüşə çağırdı. Hətta bu qədər gec görüşün səbəbini də soruşdum. Lakin Kəramət qaşqabaqlı halda belə məsləhət görüldüyünü və təcili olduğunu dedi.

Mebel salonunu açaraq orada görüşdük. Kəramət həmin vaxt Xalid adlı şəxslə gəlmişdi. Kəramət çox kefsiz halda bundan sonra icarə haqlarını həmin adama verəcəyimizi, Xalidin yeni sahib olduğunu dedi. Kəramətdən obyekti satıb-satmadığını soruşdum. Kəramət bir söz demədi, məsləhətin belə olduğunu söylədi. Həmin vaxt ortam çox qeyri-adi idi. Kəramətin elə bil zorla obyekti əlindən alınmışdı. Bundan sonra Xalidlə işləməyə başladıq, icarə haqlarını ona verdik”.

Şahidin ifadəsinə görə, 2014-cü ilin sonlarında Xalid onları Eltonla tanışı edib və obyektin yeni sahibi olduğunu deyib: “Biz icarə haqqını 5 min manat olmaqla Eltona verməyə başladıq. Sonradan Kəramətin atası Etibar Əliyevin həbs edildiyini, sözügedən obyekti MTN-in əməkdaşlarının Kəramətgildən zorla aldıqlarını eşitdim. Ancaq bu barədə ətraflı məlumatım olmayıb”.

Keser Ahmet Volkan deyib ki, Rizvan Allahverdiyev və Anar Həmzəyev adlı şəxsləri tanımayıb.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.

Bu cinayət işi üzrə oktyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı oktyabrın 26-na təyin olunub.


Müəllif: Hacı Zeynalov