30 Noyabr 2021 11:51
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan bloger Ata Eldar oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Şahlar Həsənov çıxış edib.

Onun sözlərinə görə, sentyabrın əvvəli ona zəng edib deyiblər ki, Ata Abdullayev məişət tullantılarının daşınmaması ilə bağlı çəkiliş edir: "Tez həmin əraziyə getdim. Həqiqətən də orada artıq tullantılar var idi. Canlı yayımda onunla mübahisəmiz yarandı. Ona bildirdim ki, burada məişət tullantıları yoxdur, evdə aparılan təmir işlərindən çıxan söküntülərdir. Çəkiliş gedə-gedə yığışdırıldı. Özü bunu canlı yayımda da dedi. Masazırda 100 minə yaxın sakin yaşayır, texnika çatdırmır. İstismar müddəti başa çatmış texnikadır. Cəmi 4 maşın var. Ata Abdullayev yenə də sakitləşmədi. Çəkilişləri mütəmadi olaraq davam etdirdi. Bir gün onunla görüşüb vəziyyəti izah etdim. Xahiş etdim ki, bu işləri dayandırsın. Tez-tez çəkilişlərdə rayon rəhbərliyinin adını hallandırırdı. Mənə müəyyən məbləğ dedi, mən də ona bildirdim ki, gündə 50-60 arayış verirəm, baxın görün arayışların birindən 1 manat gəlirim varsa, onda siz deyən məndə olardı. Mən maaşa baxan adamam.

Mənim gücüm ancaq ona çatar ki, bir quzu kəsdirim sənə verim, apar balalarına. Ona da razılaşmayaraq etiraz etdi. Mən də məcbur olub DTX-ə müraciət etdim".

Ata Abdullayev sualları cavablandırarkən məlum olub ki, o, Şahlar Həsənovdan 10 min manat istəyib: "Ona dedim ki, a kişi, nə danışırsan... Sonra məbləğ 6 minə düşdü. Qərəzim olsa deyərəm ki, 6 mini vermişəm, amma verməmişəm axı. Niyə verməli idim axı. Ata Abdullayevlə bir neçə dəfə telefonla danışmışam. Telefonla məndən pul istəməyib. Bir dəfə restoranın yanında görüşdük, onda pul istədi. Mən ona cənab prezidentin Masazır üzrə icra nümayəndəsi olduğumu dedim".

Vəkilin "Masazırda texnika çatışmazlığı ilə bağlı müraciət etmişdinizmi" sualına icra nümayəndəsi "bəli Masazır Rayon İcra Hakimiyyətinə məlumat vermişdik, onlar da Nazirlər Kabinetinə müraciət etdiklərini bildirdilər" deyə cavab verib.

İcra nümayəndəsi bildirib ki, Ata Abdullayevin anası bir neçə gün əvvəl yaşadığı evə gəlib: "Ata Abdullayevin anasına ürəyim ağrıdı. Yaylığını ayağıma atdı, ona dedim ki, mənim də anam var, niyə görə vaxtında ona demədim ki, belə olmaz..."

Zərərçəkmiş şəxs məhkəməyə sənəd təqdim edib.

Sənəddə bildirib ki, bundan sonrakı məhkəmədə iştirak edə bilməyəcək, səhhətində problemlər var.

Növbəti proses dekabrın 7-də davam edəcək.

İttihama görə, Ata Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib.

Ata Abdullayev Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və Formula-1 yarışları ilə bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edib, ondan 10 min manat istəyib.
Son nəticədə 2400 manatlıq “iPhone” 11 Pro Max telefonu alıb.

Bundan başqa, Ata Abdullayev Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6000 manat tələb edib. O, Şahlar Həsənovu Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.
Ata Abdullayev aşmış ağacı videoya çəkərək sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15000 manat pul istəyib.
Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin martında saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov