Sumqayıt şəhərində 1971-ci il təvəllüdlü Camal qısqanclıq zəminində keçmiş arvadı Röyaya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il sentyabrın 22-də saat 21.30-da baş verib.
Camalla Röyanın arasında mübahisə yaranıb, mübahisə zamanı Camal ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Camalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Təqsirləndirilən şəxs qismində ifadə verən Camal ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Röya ilə 1997-ci ildə qeyri-rəsmi ailə həyatı qurub: “1999-cu ildə rəsmi nikaha girdik. Birgə nikahımızdan bir qızımız, bir oğlumuz dünyaya gəldi. Arvadımla münasibətlərim düz gəlmədiyi üçün bu il mayın 4-də rəsmən nikahımız pozuldu. Bundan sonra evimi tərk etdim, bacıma məxsus evdə tək yaşayıram.
Bir neçə dəfə yaşadığım evə uşaqlarımı görmək üçün gedərkən keçmiş arvadımla aramızda mübahisələr oldu. Keçmiş arvadımı qısqandığım üçün hərdən yaşadığı ünvana gedib, onu izləmişəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə sentyabrın 22-də saat 21.30-da arvadının yaşadığı evə gedib: “Hasardan həyətə aşaraq pəncərədən evə baxdım. Yataq otağında bir nəfər kişinin maykasız masa arxasında əyləşdiyini, keçmiş arvadım Röyanın onun qarşısında alt paltarında oturub söhbət etdiklərini, mənim barəmdə danışdıqlarını eşitdim. Bunu gördükdən sonra yataq otağının qapısını açdım, içəri daxil oldum. Onlar hər ikisi yarıçılpaq idilər.
Keçmiş arvadım özünü qarşıma ataraq məni itələdi, həyətə tərəf çıxardı, həmin kişinin pəncərədən qaçmasına şərait yaratdı. Həmin şəxsi tuta bilmədim. Evdə olan şüşə balonu Röyanın başının arxa hissəsinə vurdum. Banka Röyanın başında sındı. O, başından və burnundan xəsarət aldı”.
Təqsirləndirilən şəxs bildirib ki, daha sonra yumruq və təpiklə Röyanın bədənin müxtəlif nahiyələrinə vurmağa başlayıb: “Keçmiş arvadım polisə zəng edəcəyini dediyi üçün ondan əl çəkdim. Evin içərisində mübahisə etməyə başladıq. Röyanı döyən vaxt və mübahisə edərkən orada heç kim olmayıb. Ancaq banka ilə başına vurmağımı yanında olan kişi görüb. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəldilər. Röya ilə məni 2-ci polis bölməsinə apardılar”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Röyanın sözlərinə görə, Camalla münasibətləri düz gəlmədiyi üçün rəsmən boşanıblar: “Buna baxmayaraq Camal bir neçə dəfə yaşadığım ünvana gəlib, məni qısqandığı üçün mübahisə yaradıb. Sonuncu dəfə sentyabrın 22-də gələrək məni tanışım Sahiblə evin içərisində söhbət edərkən tutdu. Camal sərxoş olduğu üçün onun Sahibə xəsarət yetirəcəyindən ehtiyat etdim.
Bunun üçün özüm Camalın qarşısına keçdim, Sahib də pəncərədən çıxaraq qaçmasını xahiş etdim. Sahib yataq otağındakı pəncərədən çıxaraq qaçdıqdan sonra Camal evdəki boş şüşə bankanı götürərək başımın arxa hissəsinə vurdu. Banka sınaraq başımın arxasını və burnumun üstünü kəsdi”.
Zərərçəkmişin sözlərinə görə, bu səbəbdən Sahibə Camalın onu öldürəcəyini, zəng edərək polisə məlumat verməsini deyib: “Sahib 102 qaynar xəttinə zəng etdi, məlumat verdi. Camal məni döyən vaxt orada bizdən başqa heç kim olmayıb. Polisə məlumat veriləcəyini eşitdiyi üçün o sakitləşdi və evin içərisində mənimlə mübahisə edərək yanımda olan şəxsin kim olduğunu deməyimi tələb etdi. Mən iCamalın həmin şəxsi taparaq dava edəcəyindən qorxduğum üçün ona heç nə demədim”.
Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını deyib.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılıb.
Hakim hökm elan edən zaman təqsirləndirilən şəxslə zərərçəkmişin barışmasını nəzərə alıb.
Bu səbəbdən Camalın barəsində olan cinayət təqibinə xitam verib və o, cinayət məsuliyyətindən azad edilib.