2 Dekabr 2021 14:02
3 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində Valid Vəliyev həyat yoldaşı Samirəni (adlar şərti verilib – red.) öldürməklə hədələyib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Valid ötən il aprelin 2-dən 3-nə keçən gecə saat 1 radələrində keçmiş arvadı Samirənin təkrar ər-arvad münasibətində yaşamaq təklifindən imtina etdiyinə görə sərxoş halda onun evinə gəlib.

O, Samirənin nənəsi Yetərə məxsus evə zorla girib, yataq otağında Samirəni qorxutmaq üçün plastik qabda gətirdiyi benzini onun üzərinə töküb, alışqanla ona od vurub.

Daha sonra Valid ov bıçağını Samirəyə nümayiş etdirib, onu hədələyib.

Üç maddəli cinayət işi

Validin barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

“Münasibətlərimiz pozuldu”

Təqsirləndirilən şəxs qismində ifadə verən Valid bildirib ki, Samirə onun həyat yoldaşı olub: “2000-ci ildə Samirə ilə rəsmi ailə həyatı qurmuşam. Birgə nikahımızdan üç övladımız olub. Əvvəllər yaxşı olan münasibətlərimiz sonradan pozuldu. Bu səbəbdən Samirə boşanmaq üçün rəsmi qaydada məhkəməyə müraciət etdi. 2014-cü ildə nikahımıza məhkəmə qaydasında xitam verildi. Məhkəmənin qərarı ilə uşaqlar Samirənin himayəsində qaldı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Samirə ilə barışaraq bir yerdə yaşamaq üçün cəhdlər edib: “Samirə ilə əvvəlki qaydada mehriban yaşamaq istədiyimi bildirdim. Samirə isə içki aludəçisi olduğumu bəhanə gətirərək barışmaq istəmədi, nə vaxt içkini ataramsa, barışacağını dedi. Bir neçə dəfə Samirə ilə danışanda öldürməklə qorxutdum ki, bəlkə qorxub, mənimlə barışar. Lakin xeyri olmadı”.

“Həkimin saxladığı qadın...”

Validin ifadəsinə görə, hadisədən bir gün əvvəl dostları ilə söhbət edib: “Bu zaman bir tanışım mənə dedi ki, adını xatırlamadığı bir həkim var, koronavirusa yoluxub, onun saxladığı da yoluxub. Mən də həkimin saxladığının kim olduğunu soruşdum. Tanışım Məğrurun qızı Samirə olduğunu dedi. O, Samirənin mənim keçmiş həyat yoldaşım olduğunu bilmirdi.

Hadisə günü Samirəyə zəng vurub, içkini atacağımı dedim, barışmağımızı xahiş etdim. Samirə isə qəti olaraq mənimlə barışmayacağını bildirdi”.

“Əlimdə benzin Samirənin yataq otağına keçdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün, yəni aprelin 2-də, saat 22 radələrində Samirənin sözündən təsirlənib: “Əsəbi olduğum üçün yaşadığım evdə təkbaşına xatırlamadığım miqdarda araq içdim. Çox içdiyim üçün sərxoş oldum. Qərara gəldim ki, gedib Samirəni qorxudum, bəlkə mənimlə barışar. Buna görə evdən çıxanda 5 litrlik boş su qabı və idarə etdiyim “Kamaz” maşının pəncərəsinə qoyduğum bıçağı özümlə götürdüm, dəqiq yadımda qalmayan yanacaq doldurma məntəqəsinə getdim.

Oradan benzin aldim. Tanımadığım taksi ilə Samirənin yaşadığı evə getdim. Bıçağı kürək tərəfdə şalvarının kəmərinə taxdım. Samirə ilə boşandığım üçün həmin evə icazəsiz daxil olmaq hüququm yoxdur.

Qapı bağlı olduğu üçün yan tərəfdən, evin darvazasının üzərindən keçdim. Həyətdən Samirənin yaşadığı evin həyətinə adladım və ikinci mərtəbəyə qalxdım. Giriş qapısı bağlı olduğu üçün təpiklə qapıya vuran kimi açıldı. Qapının üzərində şüşə sınaraq yerə töküldü. Əlimdə su qabındakı benzinlə evin içərisinə daxil oldum, Samirənin yatdığı yataq otağına girdim. Samirə səs-küyə oyandı. Yataqdan qalxaraq mənə tərəf gələndə qorxutmaq üçün əlimdə olan su qabındakı benzinin hamısını onun üzərinə tökdüm. Cibimdən alışqanı çıxartdım ki, Samirəni qorxudum, onunla əvvəlki kimi birlikdə yaşayaq.

Alışqanı çıxardaraq Samirəni qorxutmaq istəyəndə qızım Lamiyə və qaynanam Elmira mənə tərəf gəlib, mane oldular. Elə başa düşdülər ki, alışqanla Samirəni yandıracam. Onlar əlimdəki alışqanı almaq istəyəndə alışqanın üst hissəsi sındı. Samirə qışqıraraq səs-küy salmağa başladı. Səs-küyə camaatın toplaşa biləcəyindən ehtiyat etdim.

Artıq Samirəni qorxutduğum üçün otaqdan çıxdım. Həmin vaxt şalvarımın kəmərinə keçirdiyim bıçaq yerə düşdü. Evdən çıxıb həyətdə darvazanı arxa hissədən açdım. Yaşadığım evə getdim”.

“Məni öldürməklə hədələyirdi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirənin sözlərinə görə, Valid tüfeyli həyat sürməyə başladığından, spirti içki və narkotik vasitə istifadə etdiyindən onunla yola getməyib: “Dəfələrlə sərxoş vəziyyətdə evə gəlib, mübahisələr yaradıb, məni öldürməklə hədələyib və döyüb. Lakin bu barədə heç kimə heç nə demədim. Nəhayət, qərara gəldim ki, boşanım. Rəsmi qaydada məhkəməyə müraciət etdim və 2014-cü ildə nikahımız məhkəmə qaydasında pozuldu.

Validlə boşandıqdan sonra məhkəmənin qərarı ilə uşaqlarımla valideynlərimin yanında yaşamağa başladıq. Mənimlə boşandıqdan sonra Valid daha da içki içməyə və qumar oynamağa meylləndi”.

“Valid yaxınlaşdı, benzini üstümə töküb alışqanı çəkdi”

Zərərçəkmiş deyib ki, bundan sonra Valid əsassız olaraq onu əxlaqsızlıqda ittiham edib: “Məni izlədi, dəfələrlə öldürəcəyi ilə hədələdi. Aprelin 3-də, gecə saat təxminən 1 radələrində övladlarım, həmçinin anam və atam yaşadığımız evdə yatırdıq. Övladlarım və anam evin ikinci mərtəbəsində, atam isə birinci mərtəbədə yatmışdı. Gecə ikinci mərtəbədə giriş qapısının şüşəsinin sındırılması səsini eşitdim və yuxudan oyandım. Validin yatdığım otağa daxil olduğunu, bir əlində plastik qabda benzin, bir əlində isə alışqan olduğunu gördüm.

Tez çarpayıdan ayağa qalxdım. Valid mənə yaxınlaşdı, nalayiq söyüşlər söyərək əlindəki plastik qabda olan benzini üzərimə tökdü. Məni yandırıb öldürəcəyini dedi. Benzinin təsirindən gözlərim acışmağa başladı. Özümü itirdim, qışqırmağa başladım və qaçaraq çarpayının altında gizlənmək istədim. Valid isə digər əlində olan alışqanla məni yandırmağa cəhd etdi. Alışqanı mənə tərəf uzatdı, bir neçə dəfə yandırmağa cəhd göstərdi. Lakin alışqan yanmadı.

Qışqırığıma yuxudan ayılan uşaqlarım və anam Validə mane olmağa çalışdılar. Qızım Validin əlində olan alışqanı alıb sındırdı ki, məni yandıra bilməsin”.

“Bildim ki, məni öldürə bilmədiyi üçün evdən qaçaraq gedib”

Samirə qeyd edib ki, Valid əli ilə onu çarpayının altından çıxarmağa çalışıb: “Övladlarım və anam ona mane oldular. Həmin vaxt Validin əlində bıçaq gördüm. Bıçağı əlində mənə tərəf istiqamətdə tutaraq bir neçə dəfə vurmağa çalışdı. O, məni çarpayının altından çıxaran kimi əlindən qaçmaq istədim. Əli ilə saçımdan tutdu, məni geriyə çəkdi və bıçaqla vurmaq istədi. Lakin yenə də uşaqlarım və anam mane oldular.

Bu səbəbdən Validin əlindən çıxdım, evin birinci mərtəbəsinə qaçdım. Valid üzərimə benzin tökdüyü üçün gözlərim acışdı və çətin görürdüm. Evin hamam otağına keçdim ki, gizlənim və gözlərimi yuyum. Sonra nə baş verməsindən xəbərsiz oldum. Sonradan bildim ki, Valid məni öldürə bilmədiyi üçün evdən qaçaraq gedib”.

Bu cinayət işi baxılması üçün Kəpəz rayon Məhkəməsinə göndərilib. Hakim Tural Qocayevin sədrliyi ilə baş tutan iclasda zərərçəkmiş vəsatət verib. O, vəsatətini belə əsaslanıdıb ki, təqsirləndirilən şəxsin əməlində daha ağır cinayət, yəni, qəsdən adam öldürmə cinayətinin tərkibi yaranıb.

Zərərçəkmiş etiraz etdi, hakim cinayət işini prokurorluğa qaytardı

Zərərçəkmiş təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul olunmasını xahiş edib.

Hakim vəsatəti təmin edib. Cinayət işinə xitam verilib və həmin cinayət işi təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna qaytarılması barədə qərar qəbul edilib.

Bu cinayət işi üzrə Gəncə şəhər Prokurorluğunda yenidən cinayət işi üzrə araşdırma başlanıb.

Araşdırmalar zamanı Validin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Ağırlaşdırılan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.

Cinayət işi üzrə məhkəmə araşdırması davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər