Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cəsarət Rasim oğlu Mustafayevin yanına qısamüddətli görüşə gəlmiş bacısı, Tərtər rayon sakini Zümrüd Rasim qızı Mustafayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əl çantasının içərisindən 1 ədəd “Nokia” markalı və 1 ədəd “Samsung” markalı mobil telefon aparatları, 1 ədəd “Cin” və 1 ədəd “Azercell” danışıq kartları aşkar edilərək götürülüb.
Cəsarət Mustafayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə mühakimə edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.
Hacı Zeynalov