23 Dekabr 2021 17:40
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universiteti rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevi bıçaqlamaqda ittiham olunan universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən İsmixan Mirzəyev özünü təqsirli bilib. O bildirib ki, 11 ildir BDU-da çalışıb: “600 manat maaş alırdım. Universitet rəhbərliyi dəyişəndən sonra maaşımı 400 manata saldılar. Etiraz etdim. Çünki imkanım çox aşağı idi. Mənə dedilər ki, sənin işin dəyişib, başqa işə keçirəcəklər, o zaman maaşın bərpa olunacaq. Bir müddət keçdi, heç bir dəyişiklik olmadı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, iki il ərzində dəfələrlə müraciət etsə də, onun şikayətinə baxılmayıb: “İki ildən sonra struktur dəyişikliyi oldu. Bu səbəbdən universitetə təzə işçilər gətirildi. Mən yenidən rektorun qəbuluna yazıldım. Lakin yenə qəbul etmədilər. Struktur dəyişikliyi olsa da, maaşım dəyişmədi.

Məni rektorun müşaviri Mirzə müəllimə yönəltdilər. Onla görüşdüm. Dedi, bir neçə günə sənə xəbər edəcəyik. Hadisə günü səhər Qaçay adlı işçisi dedi ki, maaşını qaldırmaq qalsın qırağa, səni işdən çıxarıblar. Dəliyə döndüm. Rektorun qəbuluna getdim, qəbul etmədilər".

İsmixan Mirzəyevin sözlərinə görə, sonradan işi ilə bağlı yenidən Mirzə müəllimin yanına gedib:

"Ona dedim ki, açıq ürək əməliyyatı keçirmişəm, evdə xəstəm var. O mənə məsələni araşdıracağına söz verdi. İş otağıma qayıdanda gördüm ki, avadanlıqlarımı yığırlar. Orada özümə aid avadanlıqlar da var idi. Onu da mənə vermədilər. Bıçaq itiləyən yerdən öz bıçağımı və sənədlərimi götürərək evə gedirdim.

Birdən dedim sonuncu dəfə Mirzə müəllimlə görüşüm. Onunla görüşdüm, dedim ki, iki ildir mənə maaşımın artırılmasına söz verirsiz. Bir anlıq orda özümü itirdim. Həyacanlandım, bıçağı sənədlərin arasından çıxardım, onu vurdum. Həmin vaxt otağa Şahlar girdi. Özümdə deyildim, üzərimə gəldi ki, bizi ayırsın, onu da bıçaqla vurdum”.

Prosesdə daha sonra zərərçəkmiş şəxs qismində BDU rektorunun maliyyə işləri üzrə müşaviri Mirzə Mirzəyev ifadə verib. O, təqsirləndirilən şəxsə qarşı hər hansı bir iddiasının olmadığını deyib.

Növbəti proses yanvarın 21-də davam edəcək.

İttihama görə, bu ilin iyul ayının 27-də Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

Xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Mirzə Mirzəyev və Şahlar Bəgalıyev cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər