Sumqayıt Məşğulluq Mərkəzinin baş məsləhətçisinə cinayət işi açılıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) vəzifəli şəxsinin dövlət büdcəsi vəsaitlərinin təyinatından kənar istifadəsi ilə bağlı həmin qurumdan daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin (CM) müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
Aparılmış istintaqla Rövşən Xəlilovun ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin baş məsləhətçi vəzifəsində işləyərkən tanışı Gülgün Nəsirova ilə qabaqcadan əlbir olaraq aldatma yolu ilə müxtəlif şəxslərə məxsus ümumilikdə 4 min 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, işlədiyi quruma məxsus olmaqla ona etibar edilən ümumilikdə 6 min 200 manat məbləğində özgə əmlakını təkrarən israf etməklə talamasına, faktiki olaraq işləməyən, lakin formal əmək müqavilələri bağlanmış şəxslərə ünvanlı dövlət sosial yardım təyin edilməsi üçün 11 min 200 manat məbləğdə pulu rüşvət qismində almasına, ayrı-ayrı şəxsləri rüşvət verməyə təhrik etməsinə, eləcə də qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanan sübutlar əsasında Rövşən Xəlilov və Gülgün Nəsirova CM-nin 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən israf etmə), 311.3.2 (təkrar rüşvət alma), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, cinayət işi baxılması üçün aidiyyətı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaq zamanı Rövşən Xəlilov tərəfindən vurulan ziyanın tam həcmdə ödənilməsi təmin olunub.