12 Yanvar 2022 14:18
2 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda 1983-cü il təvəllüdlü Röyal şəxsi münasibətlər zəminində qonşusu Səmədə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Röyal qonşusu Səmədin həqiqətə uyğun olmayan məlumatlar yayması, guya anası ilə yaxınlıq etməsi, anasının bankdan kreditlə pul götürüb ona verməsi kimi söz-söhbət eşidib.

O, 4 may 2021-ci ildə saat 21 radələrində Səmədlə münasibətlərini aydınlaşdırmaq məqsədi ilə görüşüb. Bu zaman Səməd onu söyərək təhqir edib və oradan uzaqlaşıb.

Səməd Nəriman Nərimanov prospektində “24 saat market” adlı ərzaq dükanına daxil olub, Röyal da onun ardınca həmin dükana girib. O, özü ilə gətirdiyi taxta parçası, həmçinin əl-ayaq zərbələri ilə Səmədinin bədəninin müxtəlif nahiyələrinə vurub.

İstintaq orqanı tərəfindən Röyalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Röyal ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, evlidir, ailə üzvləri ilə birlikdə yaşayır: “Bizdən bir mərtəbə aşağıda Səməd ailə üzvləri ilə yaşayır. Qonşuluqda Səmədin ata-anası ilə münasibətlərimiz həmişə normal olub. Lakin bir müddətdir ki, Səmədlə münasibətlərimiz gərgin vəziyyətdədir.

Səməd narkotik vasitələrin təsiri altında olduğu zaman dəfələrlə mənimlə münaqişə edib, mənə böhtan ataraq guya anasının bankdan 10 min manat kredit götürərək mənə verməsi, anası ilə yaxınlığımın olması və sair bu kimi həqiqətə uyğun olmayan təhqiramiz ifadələr işlədib, məni özü ilə münaqişəyə sövq edib”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, dəfələrlə Səmədə böhtan xarakterli ittihamların yalan olduğunu izah edib: “Lakin Səməd öz hərəkətlərini davam etdirib. Hadisədən bir neçə gün əvvəl Səmədə zəng edib bildirdim ki, bu hərəkətlərdən əl çəkməlidir. Səməd isə mənimlə görüş təyin etdi, lakin oraya gəlmədi”.

Röyalın bildirdiyinə görə, Səmədin hərəkətlərindən tamamilə təngə gəldiyindən mayın 4-də onun nənəsigildə olduğunu bilib, söhbət etmək məqsədi ilə ora yollanıb: “Həmin ünvana çatdıqda Səmədin özünə məxsus “Vaz 2121” markalı avtomobildə əyləşdiyini gördüm, yaxınlaşıb sakit şəkildə onunla söhbət etməyə başladım. Lakin Səməd təhqiramiz ifadələrlə söyərək oradan uzaqlaşdı. Bundan daha da əsəbiləşdim, onun arxasınca getdim.

Səmədin “24 saat market” adlı dükana girdiyini gördüm. Taksi sürücüsü olduğumdan daim avtomobildə özümü müdafiə etmək üçün gəzdirdiyim taxta parçasını götürdüm, mağazaya daxil oldum. Taxta parçası ilə ilk növbədə Səmədin baş nahiyəsinə zərbə endirdim. Sonra isə başını əlləri ilə tutduğu üçün ardıcıl olaraq kürək nahiyəsinə bir neçə zərbə vurdum.

Bu vaxt mağazaya daxil olan əmim oğlu taxta parçasını məndən aldı. Mən isə təpik və yumruqla Səmədin baş və bədən nahiyələrinə daha bir neçə zərbə endirdim. Bundan sonra əmimoğlu və mağazada olan iki nəfər tanımadığı şəxs bizi oradan çıxardı”.

Təqsirləndirilən şəxs bildirib ki, Səmədin aldığı xəsarətlərlə Respublika Kliniki Xəstəxanasına yerləşdirilməsini bilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səmədin sözlərinə görə, qonşusu Röyalla münasibətləri həmişə normal olub: “Həbsdən azad edildikdən sonra Röyalla anam arasında hansısa konfliktli münasibət olmasından şübhələndim. Hər hansı hadisənin şahidi olmadığımdan ən yaxşı yolun anamdan soruşmaq olduğunu düşündüm. Anama nə üçün məyus olması barədə bir neçə dəfə soruşsam da, heç bir məlumat əldə edə bilmədim”.

Səməd qeyd edib ki, bundan sonra vatsap mobil tətbiqinin “story” xidmətində söyüşlə anasına qarşı hər hansı neqativ hərəkət edən şəxs barəsində ümumi paylaşım edib: “Həmin paylaşımda hər hansı bir şəxsin adını göstərməmişəm və ya kiməsə bu barədə konkret işarə etməmişəm. Röyalla da bu barədə təklikdə heç bir söhbətim olmayıb. Hadisədən bir neçə gün əvvəl Röyalla həm zəng, həm də SMS vasitəsi ilə əlaqə saxlayaraq görüşmək istədim. Lakin bu görüş baş tutmadı”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, mayın 4-də “24 saat market” adlı mağazanın qarşısında dayanaraq idarə etdiyi “Vaz 2121” markalı avtomobildən enib, həmin mağazaya daxil olub: “Orada iki nəfər mağaza əməkdaşı vardı. Su götürmək üçün soyuducuya yaxınlaşdıqda arxadan Röyalın səsini eşitdim. Röyal məni təhqiramiz ifadə ilə söydü və başıma bilmədiyim küt bir əşya ilə zərbə endirdi. Mən isə zərbənin təsirindən huşumu itirdim. Bundan təxminən 7-8 saat sonra özümə gəldim. Bildim ki, Respublika Kliniki Xəstəxanasındayam”.

Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxslə aralarında hər-hansı bir münaqişə olmayıb, onu və ailə üzvlərini təhqir etməyib. Qeyd edib ki, anasının Röyalla əlaqəsi olmasını, anasının bankdan kreditə pul götürərək Röyala verdiyi barədə heç kəsə bir söz deməyib.

Səməd ifadəsinin sonunda deyib ki, Röyal tərəfindən ona dəymiş ziyan tam ödənilib, ona qarşı şikayəti yoxdur.

Bu cinayət işinə Yasamal rayon Məhkəməsində baxılıb.

Röyalın zərərçəkmiş şəxslə barışması nəzərə alınıb və onun barəsində olan cinayət təqibinə xitam verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər