Bakının Xəzər rayonunda 1989-cu il təvəllüdlü Aqil həyat yoldaşı həbsdə olan Türkana qarşı dələduzluq edib.
Teleqraf.com-un xəbərinə görə, Aqil aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyəti ilə Türkanı aldadıb.
O, Türkanın Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəza çəkmə müəssisəsində cəza çəkən ərinin adından danışıb, həmin müəssisədə problem olması səbəbindən cərimə ödəməli olduğunu bildirib. Aqil qadından ümumilikdə 2820 manat alaraq ələ keçirib.
İstintaq orqanı tərəfindən Aqilin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, ailəsi ilə birlikdə yaşayır, əvvəllər dörd dəfə məhkum olunub: “Zərərçəkmiş şəxs Türkan bizimlə bir məhəllədə yaşayır və dostluq münasibətim olan Mirhəsənin arvadıdır. Mirhəsən hazırda həbsdədir. Onun tutulması barədə xəbəri mənə Türkan dedi. Birlikdə Mirhəsənin məhkəməsində iştirak etmişik”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, maddi vəziyyətinin pis olması ilə əlaqədar Türkana əri Mirhəsənin adından yazıb və pul almaq qərarına gəlib: “Bu məqsədlə avqustun 28-də vatsap vasitəsilə Mirhəsənin adından Türkana yazdım, cəza çəkdiyi müəssisədə problemə düşdüyünü dedim, cərimə ödəmək üçün təcili pul lazım olduğunu bildirdim. Həm də onu hədələdim, bu barədə heç kəs heç nə deməməyi tapşırdım. Türkan da mənə inandı.
Həmin gün ilkin olaraq 750 manat, ardınca 850 manat, sonra 680 manat, avqustun 29-da isə əvvəl 20, ardınca isə 520 manatı Türkan karta köçürdü. Bu minvalla Türkanı aldadaraq, ümumilikdə 2820 manatını ələ keçirmişəm”.
Aqil qeyd edib ki, sonuncu dəfə yenə Türkandan 300 manat istəyib: “Türkan mənə onlayn ödəmə edə bilməyəcəyini, göndərəcəyi şəxsə pulu ancaq əlbəəl verə biləcəyini dedi. Mən də Türkanın yaşadığı evə getdim. Həmin vaxt orada olan polis əməkdaşları məni saxladı”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Türkan qeyd edib ki, 2021-ci ilin aprelində Mirhəsənlə qeyri-rəsmi nikaha daxil olub, hələlik birgə nikahdan övladları yoxdur: “Mirhəsənlə Nərimanov rayonu ərazisində kirayədə yaşamışıq. 2021-ci ilin mayında Mirhəsən Nərimanov rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindi, 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Həmin vaxtdan etibarən qaynanamgilin yanında yaşamağa başladım”.
Zərərçəkmişin ifadəsinə görə, həyat yoldaşının dostu olmuş Aqil 5 saylı Cəza Çəkmə Müəssisəndə cəza çəkən əri Mirhəsənin adından danışıb və həmin müəssisədə probleminin olması səbəbindən cərimə ödəməli olmasını bildirib: “Məni aldadaraq avqustun 28-də, gecə saat 04.00-da Binə qəsəbəsi ərazisində 750 manat, avqustun 28-də, saat 13.39-da Mərdəkan qəsəbəsi Yesenin küçəsində yerləşən “Zənbil” marketdə quraşdırılmış “eManat” vasitəsi ilə “Kapital Bank” kartına köçürtməklə 850 manat, avqustun 29-da, saat 13.45-də Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Araz” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə bank kartına köçürtməklə 680 manat, avqustun 29-da, saat 13.49-da Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” vasitəsi ilə bank kartına köçürtməklə 20 manat, avqustun 29-da, saat 19.12-da Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” vasitəsi ilə bank kartına köçürtməklə 520 manatımı ələ keçirib.
Həmin pul indiyə qədər qaytarılmayıb. Bu səbəbdən də Aqil ilə barışmaq fikrim yoxdur, ondan şikayətçiyəm”.
Bu cinayət işinə Xəzər rayon Məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə baxılıb.
Aqil 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.