14 Yanvar 2022 16:00
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda vətəndaşlara qarşı dələduzluq edən saxta prokuror həbs olunub.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, özünü Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəzifəli şəxsi kimi təqdim edərək aldatma yolu ilə vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirən Abasov Tural Məharət oğlu barəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla Tural Abasovun ayrı-ayrı vətəndaşlara özünü qeyd edilən ixtisaslaşdırılmış prokurorluq orqanının əməkdaşı kimi təqdim etməklə guya məhkəmə sistemi, mərkəzi icra hakimiyyəti orqanları və digər bu kimi dövlət qurumlarının yuxarı vəzifəli şəxsləri ilə olan yaxın əlaqələrindən istifadə edərək onların məhkəmə hökmü ilə azadlıqdan məhrum edilən yaxınlarının azadlığa buraxılması, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, habelə xəstəliyə və aztəminatlılığa görə müavinət təyin edilməsinə köməklik göstərilməsi adı altında həmin şəxslərə məxsus ümumilikdə 50 min 800 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, bu qanunsuz hərəkətləri ilə vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanan sübutlarla Tural Abasova Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4,312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər