Bakının Sabunçu rayonunda 1977-ci il təvəllüdlü Müşfiq tanışı Turala xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Müşfiq ötən il mayın 7-də saat 15.00-da Nardaran qəsəbəsi, Ləhiş bağlarında Turala məxsus bağ evinin həyətyanı sahəsində bir müddət əvvəl işləməsi müqabilində zəhmət haqqının ala bilməməsi ilə bağlı onunla mübahisə edib. Mübahisə zamanı Müşfiq bıçaqla Turala bir neçə xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Müşfiqin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Müşfiq bildirib ki, 2021-ci ilin martında Turalla tanış olub: “Tural külək əsən vaxtı həyətdə ağacların yıxılmaması üçün dayaq qoymağı sifariş etdi. İşi yüz əlli manata görə biləcəyimi dedim. Tural da razılaşdı. Həmin gün həyətdə işi gördüm, Tural pulu səhəri gün verəcəyini dedi. Lakin pulu vermədi. Ona görə də mayın 7-də saat 15.00-da pulumu almaq üçün onun evinin evinin qarşısına gəldim. Həyət darvazasının qapısını döydüm, Turalı çağırdım. O, qapını açaraq nə istədiyini soruşdu. Pulumu almağa gəldiyimi bildirdim. Tural mənə pulumu verməyəcəyini bildirdi.
Söhbət əsnasında həyətə daxil olaraq Turala pulunu vermədiyi üçün onun ünvanına nalayiq ifadə işlətdim. Tural da mənim ünvanıma nalayiq ifadələr işlətdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Tural ona pulunu gətirəcəyini bildirib: “Bundan sonra həyətdən çölə çıxaraq avtomobilə mindi, sonra yenidən həyətə daxil oldu. Yaxınlaşıb danışa-danışa qolunun iç hissəsindən bıçaq çıxardı, məni bıçaqla vurmaq istədi. Mən zərbədən yayındım. Lakin bıçaq sol qolumun dirsəkdən aşağı nahiyəsinə dəydi. İkinci dəfə zərbə endirmək istədi.
Turalın əlindən tutaraq onun əlini arxaya tərəf çevirdim, bıçaq Turalın sağ böyrünə batdı. Mən həyəcanlandım, təcili tibbi yardıma zəng vurmaq istədim. Tural zəng etməyə qoymadı. Köynəyini cıraraq qan itirməməsi üçün onun yarasının üzərinə qoydum, əlimlə sıxdım. Tural getməyimi istədi, özünün də heç kimə hadisə barədə məlumat verməyəcəyini dedi. Mən onu bu vəziyyətdə qoyaraq getməyəcəyimi dedim. Bundan sonra Tural qardaşına zəng vurdu, bıçaqlandığını bildirdi”.
Müşfiqin ifadəsinə görə, Tural bıçağın yadigar olduğunu deyib və ondan istəyib: “Yenidən nəsə edəcəyindən ehtiyatlanaraq bıçağı ona vermədim. Tural bıçağı həyətin girişində sol tərəfdə yerləşən saxlanc yerinin içərisində əlüzyuyan yerin altındakı dolaba qoymağı xahiş etdi. Turalın dediyi kimi bıçağı dolaba qoydum.
Bir müddət sonra Turalın qardaşı Hacı gəldi, nə baş verdiyini soruşdu. Tural evə oğru girdiyini və həyətdə oğru ilə rastaşdığı üçün oğrunun onu bıçaqla vurduğunu dedi. Bundan sonra Hacı ilə köməkləşdik və Turalı hacının avtomobilinə mindirdik. Hacı Turalı xəstəxanaya aparacağını dedi. Mən də oradan evə getdim”.
Müşfiq qeyd edib ki, törətdiyi əməldən peşmandır. O, himayəsində üç nəfər az yaşlı uşağı olduğunu, bağışlanmasını istəyib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Müşfiqin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Müşfiqin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.