19 Yanvar 2022 12:30
4 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda 1992-ci il təvəllüdlü Mərdan şəxsi münasibətlər zəminində qohumu Malikə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il iyulun 1-də baş verib.

Mərdan həmin gün saat 23 radələrində sərxoş vəziyyətdə Şamaxı şəhəri, Nəsimi küçəsində təmənnasız olaraq istifadəsində olan avtomobillə onu və ailə üzvlərini fərdi yaşayış evinin qarşısına gətirmiş Maliklə mübahisə edib.

Mübahisə zamanı Mərdan Maliki döyərək, ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Mərdanın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə q əsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mərdan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Maliki tanıyır, onunla uzaq qohumdur: “Əvvəllər münasibətlərimiz həmişə yaxşı olub. Əmim qızının nişan mərasimi idi. Mərasimdə iştirak etmək üçün iyulun 1-də saat 16 radələrində anam və bibimlə Malikin “VAZ-2107” markalı avtomobili ilə Şamaxı şəhərindən Qızmeydan kəndinə getdik. Mərasimdən sonra anam və bibim yenidən Malikin avtomobilinə oturaraq geri qayıtdıq”.

Mərdan bildirib ki, həmin vaxt Malik avtomobilini Nəsimi küçəsində bibisigilin evlərindən bir qədər aşağıda saxlayıb: “Malikə dedim ki, maşını nə üçün burada saxladın, bibim yaşlı qadındır, onların evlərinin qarşısında saxla ki, rahat evlərinə getsin. Malik isə sözümə əhəmiyyət vermədi, maşını bibimgilin evlərinin qarşısına sürmədi. Onun bu hərəkətindən əsəbləşdim. Malik üstümə qışqırdım, avtomobilin içərisində əlbəyaxa olduq.

Sonra avtomobildən yerə düşdük və mübahisəyə davam etdik. Malikin göz nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdim. Orada olan anam və bibim bizi sakitləşdirdilər. Qısa vaxtdan sonra polis əməkdaşları bizə gəldilər. Bildirdilər ki, Malik məndən şikayət edib”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Malikin sözlərinə görə, Mərdanı Elmar adlı tanışı vasitəsi ilə tanıyıb: “İyulun 1-də Elmar məni qızının nişan mərasiminə dəvət etdi. Mərasim Şamaxı rayonu Qızmeydan kəndində keçirildi. Elmar xahiş etdi ki, Şamaxı sakini Sevili, Sevildən başqa da iki qadını nişan mərasiminə aparım. Mən də razılaşdım. Sonradan tanıdığım, lakin adlarını bilmədiyim Mərdanın anasını, bibisini, həmçinin Mərdanı özümü avtomobilimlə Qızmeydan kəndinə apardım”.

Zərərçəkmiş qeyd edib ki, Mərdan öncə onunla bir stolda oturub, daha sonra başqa bir stola keçib: “Geri qayıdanda Elmar məndən xahiş etdi ki, Mərdanı, Mərdanın anasını və bibisini də aparım. Bir qədər evdən kənarlaşdıqdan sonra qabaq oturacaqda oturan Mərdan sərxoş halda ayaqlarını pəncərədən çıxardı, avtomaşınında olan maqnitofonla kobudcasına rəftar edərək xoşagəlməz hərəkətlər etdi. Onun sözlərinə və hərəkətlərinə fikir vermədim, sözümü onun böyüklərinə deyəcəyimi fikirləşdim”.

Malik qeyd edib ki, saat 23 radələrində onları evlərinin qarşısına gətirib: “Mərdan avtomobildən düşdükdən sonra sürücü tərəfdən mənə yaxınlaşdı, avtomobilinin qapısını açdı və heç bir səbəb olmadan baş nahiyəmə yumruqla vurdu. Maşını sürüb oradan uzaqlaşmaq istədim. Mərdan avtomobilin açarları götürdü. Mən də yerə düşdüm və ona bildirdim ki, açarı ver, gedim.

Mərdanın anası və bibisi onu məndən uzaqlaşdırmadılar. Tanımadığım bir şəxs bizə baxdı, amma yaxınlaşmadı. Mərdan təpiklə avtomobilimi əzməyə başladı. Qəflətən bədənimin müxtəlif nahiyələrinə, gözümə vurmağa başladı. Sonra necə oldusa məndən aralaşdı və evlərinə getdi.

Bir təhər avtomobilimə oturaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına gəldim. Orada mənə tibbi yardım göstərildikdən sonra Şamaxı rayon polis şöbəsinə gəldim, ərizə ilə müraciət etdim”.

Malik qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb, ondan şikayəti yoxdur.

Bu cinayət işinə Şamaxı rayon Məhkəməsində baxılıb.

Mərdan 2 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər