Füzuli rayonunun Horadiz qəsəbə sakini 1988-ci il təvəllüdlü Rəşid ötən il sentyabrın 28-də Bakının Xətai rayonunda mənzilən oğurluq edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, həmin mənzil Bakı şəhər sakini Şirxan adlı şəxsə məxsus olub. Rəşid mənzildən 350 manat pul, 2150 manat dəyərində qızıl oğurlayıb.
Onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq etmə) maddəsi ilə ittiham elan edilib.
Rəşid elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əvvəllər heç vaxt oğurluq etməyib: “Lakin anamın müalicəsi üçün pula ehtiyacım olduğu üçün oğurluq etmək qərarına gəldim. Sentyabrın 28-də saat təxminən 23 radələrində yaşadığım yataqxananın dəhlizində olarkən qonşuluqda bizim evimizlə üzbəüz yaşayan Şirxanın yaşadığı evin qapısında kilid olduğunu gördüm. Evdə heç kimin olmadığını yəqin etdim.
Orada olan evlərin qapısı taxta materialdan olduğu üçün vintaçan götürərək qapının kilidini sökdüm, içəriyə keçdim. Evin yataq otağında axtarış apardım. Şifonerdə sellofan paketin içərisindən pul qabından 100 manat, qırmızı rəngli ürək formasında olan qızıl qabından isə kulonu ilə birlikdə qızıl boyunbağı və bir kişi nişan üzüyünü götürdüm. Bundan sonra evdən çıxdım və qapının kilidini bərkitdim, dəmiri geri yerinə saldıqdan sonra evimə getdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 12 radələrində qızılları özü ilə götürərək məhəlləyə düşüb: “Təsadüfən mənimlə eyni yataqxanada yaşayan Rəşad adlı tanışımla qarşılaşdım. Ona nişan üzüyümü yaxşı qiymətə satmaq istədiyimi, ancaq tanış tapmadığımı bildirdim. Rəşad üzüyü sata biləcəyini dedi.
Üzüyü Rəşada verdim və təxminən bir saat ərzində o, geri gələrək üzüyü “Laçın” ticarət mərkəzində 160 manata satdığını bildirdi. Rəşadın pula ehtiyacı olduğu üçün 20 manat ona verdim. Boyunbağını isə Nizami rayonunda Neftçilər metrostassiyasının yaxınlığında yerləşən qızıl alqı-satqısı yerinə satdım. Bir neçə ay əvvəl özümə məxsus mobil telefonu həmin alqı-satqı yerində girov qoyaraq Fərid adlı şəxsdən pul götürmüşdüm.
Fəridə zəng vurdum, onun işlədiyi yerə getdim və anama məxsus boyunbağını satmaq istədiyimi bildirdim. Həmin puldan da girovda olan telefonumun borcunu verərək telefonu götürmək istədiyimi bildirdim. Fərid qızıl boyunbağını yoxladıqdan sonra çəkdi və həmin boyunbağına görə 380 manat pul verə biləcəyini dedi. Razılaşdım. 380 manatdan 250 manatını telefonuna görə olan borcuma verdim. 130 manat pul isə özümdə qaldı”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Şirxanın sözlərinə görə, sentyabrın 28-də, saat təxminən 8 radələrində yas mərasimi ilə əlaqədar ailəsi ilə Füzuli rayonuna gediblər: “Həmin gün rayonda qaldıq. Sentyabrın 29-da, təxminən saat 15 radələrində yaşadığımız evə qayıtdıq. Yaşadığımız ev yataqxanada yerləşir, iki otaqdan ibarərdir. Evdə qalan pulumu yataq otağında olan şifonerdəki parça materalından ibarət pul qabının içərisinə qoymaq istədim. 350 manat pulunun yerində olmadığını gördüm. Evdən oğurluq olmasından şübhələndim. Dərhal həmin şifonerin yanındakı qızıllar olan qutuya baxdım. Qızıllar da yox idi”.
Zərərçəkmiş deyib ki, ona ümumilikdə 2500 manat ziyan dəyib. Bildirib ki, təqsirləndirilən şəxslə barışıb, dəymiş ziyanın tam ödənilib. O, təqsirləndiriıən şəxsə qarşı şikayətçi olmadığını deyib.
Bu cinayət işinə Xətai rayon Məhkəməsində baxılıb.
Rəşid 1 il 5 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilib.
Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayon ərazi hüdudlarını, eləcə də yaşayış yerini axşam saat 23.30-dan səhər saat 07.00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, dərhal məhkəmə iclas zalından həbsdən azad edilib.