3 Mart 2022 14:01
1 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda 1992-ci il təvəllüdlü Mübariz həmyerlisi Rövşənə bıçaqla xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 21 oktyabr 2020-ci ildə Gədəbəy şəhərində “Köhnə Bazar”ın girişində baş verib. Mübariz həmin ərazidə Rövşəni bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Mübarizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Qarıkənd kəndində qeydiyyatda olsa da, Gədəbəy şəhərində ailəsi ilə birlikdə kirayədə yaşayır: “Oktyabrın 21-də saat 20 radələrində Gədəbəy Qızıl şirkətində işdə olmalı olduğum üçün saat 17 radələrində “Saat dairəsi” adlanan yerə çıxdım, mağazadan ərzaq alaraq qayınanamgildə olan ailəmə verdim. Sonra işə getmək istədim. Bu məqsədlə Köhnə bazarın şəhər tərəfdən giriş hissəsində yolun kənarında dayandım, şəhərarası avtobusu gözlədim”.

Təqsirləndirilən şəxs deyib ki, bu vaxt Məhəmməd “Mercedes” markalı avtomobili ilə aşağıdan yuxarıya keçib: “Məhəmmədin yanında Rövşən oturmuşdu, arxada isə başqa adamlar vardı. Yanımdan təxminən 15-20 metr keçdikdən sonra Məhəmməd avtomobili yolun sağ tərəfində saxladı. Avtomobildən Rövşən, onun arxası ilə Məhəmməd və arxa salondan tanımadığım iki cavan oğlan düşdü. Onlar mənə tərəf gəldilər.

Əvvəlcə Rövşən çatmağa iki-üç metr qalmış salam vermədən birbaşa “sən niyə məni döydün, sonra da üzr istəmədin, kişisənsə gəl gedək, təkbətək danışaq” dedi. Rövşənə getməsini, əvvəllər aramızda olan hadisəyə görə polisə düşdüyümüzü bildirdim. O isə məni “Köhnə Bazar” adlanan yerin girişindən içəriyə doğru çağırdı. Biz bazara tərəf getdik. Rövşən məndən qabaqda idi.

Bir qədər gedəndən sonra Rövşən arxaya çevrildi, üstümə gəldi. “Get xatanı məndən uzaq elə, yenə gedib polisə şikayət edəcəksən” dedim. Məhəmmədə “sən çıx get, mən Rövşəni başa salacam” söylədim. Məhəmməd bu sözümdən sonra getdi.

Bu zaman Rövşən məni başının üstünə qaldıraraq yerə çırpdı. Yerdən qalxmaq istədim. Yenidən məni eyni vəziyyətdə “bedro” fəndi işlədərək qaldırıb yerə yıxdı”.

Mübarizin sözlərinə görə, bu dəfə yerdə Rövşənin altında qalıb: “Üstümdə oturmuş vəziyyətdə “səni döyüb öldürəcəm” deyərək zərbələr vurdu. Həmin vaxt bizi ayıran olmadı. Rövşən də məndən əl çəkmədi. İdmanla məşğul olduğundan o, fiziki cəhətdən məndən güclü idi. Bu səbəbdən məni döyüb öldürəcəyini fikirləşdim, üzərimdə olan kiçik ölçülü cib bıçağı ilə onu özümdən aralaşdırmaq üçün təxminən üç dəfə zərbə vurdum.

Zərbələrdən sonra Rövşən üstümdən qalxdı və Məhəmmədin avtomobilinə tərəf getdi. Avtomobilə minərək uzaqlaşdlar. Bıçağı atdıqdan sonra dağılmış bazarlıq əşyalarını torbaya yığdım, kirayə yaşadığım yerə yaxın olduğuma görə onları pəncərədən içəri atdım. Qayıdaraq şəhərin aşağısına tərəf getdim. Bundan sonra qaynım Nurlana zəng etdim, Rövşəni bıçaqla vurduğumu dedim. Hərbi çağırış idarəsinin yanında olanda polis əməkdaşları telefonuma zəng etdi, yerimi soruşdular. Mən də yerimi dedim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rövşənin sözlərinə görə, hadisədən təxminən 2 ay əvvəl qonşusu Rəna adlı qadın qoyunlarını digər sıra qoyunlarına qatmaq istədiyindən arada narazılıq yaranıb: “Mübahisə oldu, Rənanın kürəkəni Mübariz buna görə məni döydü. Bu barədə rayon polis şöbəsinə şikayət etdim. Şöbədə şikayət ərizəsi əsasında araşdırma aparılan zaman Mübarizlə barışdım və şikayətimi geri götürdüm.

Mübarizlə barışmağım üçün onun qaynı Nurlan məndən üzr istədi. Mübariz özü üzr istəməsə də onu bağışladım”.

Zərərçəkmiş qeyd edib ki, oktyabrın 21-də, saat 17.20-də ə yaşadığı evdən çıxaraq xalası oğlu Məhəmmədlə ona məxsus “Mercedes” markalı maşınla rayon mərkəzinə getmək istəyib: “Tanışlarım Cavid, Sadiq və Tural da maşına mindi. Onlar kompüter salonuna oyun oynamaq üçün getdiklərini bildirdilər. M.Ə.Rəsulzadə küçəsinə çatdıqda Mübarizin yol kənarında dayandığını gördüm. Məhəmməddən maşını saxlamağı xahiş etdim. Məqsədim Mübarizə nəyə görə məni döyəndən sonra üzr istəməməsinin səbəbini öyrənmək olub”.

Rövşən bildirib ki, həmin vaxt Mübarizin ondan üzr istəyəcəyini fikirləşib: “Maşından düşdüm, Mübarizin yanına gəldim. Ona dedim ki, ya sən məndən üzr istəməlisən, ya da ki, gəl kənara çəkilib təkbətək dalaşaq. Mübariz məndən üzr istəmədiyinə görə onu Köhnə Bazarın içərisinə tərəf çağırdım. Özüm qabaqda getdim.

Ora hazırda bazar kimi fəaliyyət göstərmədiyinə görə kənar şəxslər yox idi. Bazarın içərisinə tərəf keçdim. Mübariz mənə “sən polisə işləyirsən, yenə də məni aparıb polisə verəcəksən” dedi. Bu sözdən əsəbləşdim. Mübarizin arxasına tərəf keçdim, qollarımla onu tutdum və havaya qaldıraraq arxası üstə yerə vurdum.

Məhəmməd gəldi, məni kəmərimdən tutaraq çəkdi. Mübariz yerdən qalxd. Məhəmmədin əlindən çıxdım və ikinci dəfə fənd işlədərək Mübarizi yerə yıxdım. Mübariz altımda qaldı, bu vəziyyətdə onu döydüm”.

Rövşən deyib ki, Mübariz bıçaqla onun sol yan tərəfinə bir, kürək nahiyəsinə isə iki zərbə endirib: “Bıçaq zərbələri dəydikdən sonra Mübarizi buraxdım. Məhəmməd məni avtomobilə mindirdi və Gədəbəy rayon xəstəxanasına gətirdi. Orada cərrahiyyə əməliyyatı olundum”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Mübariz 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onun həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilib, cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 oktyabr 2020-ci ildən hesablanıb.

Bu səbəbdən ona təyin edilmiş 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası hökm çıxarıldığı gün bitdiyindən təyin edilmiş həmin cəza çəkilmiş hesab edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər