Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Layiq Axundovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Layiq Axundov həyat yoldaşı, 1947-ci il təvəllüdlü Lətifə Axundovanı öldürüb. Cinayəti törədən Layiq Axundov polis idarəsinə gedərək evinə basqın olduğunu və həyat yoldaşının qətlə yetirildiyini bildirib.
Araşdırmalar zamanı Layiq Axundovun yalan danışması üzə çıxıb. Onun həyat yoldaşını bıçaqlayaraq öldürməsi məlum olub. Layiq Axundov həbs edilib.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Elan olunmuş ittiham üzrə özünü təqsirli bilinən Layiq Axundov törətdiyi əməldən peşman olduğunu deyib.
Məhkəmə iclası dekabrın 27-də davam etdiriləcək.
Hacı Zeynalov