28 Aprel 2022 13:04
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda 2000-ci il təvəllüdlü Habil bacısı Səmayəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 27-də baş verib. Həmin gün saat 22.40-da Habil evə gec gəlməsinə görə bacısı Səmayəyə irad bildirib.

Bacı-qardaş arasında mübahisə yaranıb. Dava zamanı Habil bacısının baş və kürək nahiyəsindən vuraraq ona xəsarət yetirib. Səmayə qardaşından hüquq-mühafizə orqanlarına şikayət edib, cinayət işi başlanıb.

İş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılıb.

Məhkəmə araşdırması zamanı zərərçəkmiş qardaşından şikayətçi olmadığını, onun barəsində olan cinayət işinə xitam verilməsini istəyib.

Hakim də zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışmasını nəzərə alıb.

Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


Müəllif: Hacı Zeynalov