10 May 2022 18:23
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxslərdən bir neçəsinin vəkili olan Osman Kazımov media nümayəndələrinin açıq məhkəmə prosesində iştirakına yaradılan maneələrin aradan qaldırılmasını istəyib.

Vəkil vəsatətində bildirib ki, hakim ötən 7 ay ərzində mətbuat nümayəndələrinin prosesdə iştiraklarının məhdudlaşdırılmasını pandemiya ilə əlaqəli olmasını qeyd edib: “Pandemiya artıq geridə qalıb. Məhkəmə binası önündə gözləyən jurnalistlərin məhkəməyə buraxılmaması qanunsuzdur və onların prosesdə iştiraklarına şərait yaradılmalıdır. Açıq məhkəmə prosesinin qapalı keçirilməsi qanuna ziddir”.

Hakim Elbəy Allahverdiyev üzünü sabiq MTN rəisi, təqsirləndirilən Mövlam Şıxəliyevə tərəf tutaraq onun vəsatətə münasibətini soruşub. Mövlam Şıxəliyev vəsatətə münasibət bildirməyib.

Zərərçəkənlər isə vəsatətin qeyd-şərtsiz təmin olunmasını istəyiblər. Hakim növbəti prosesdə bu məsələyə baxacaqlarını deyib və yenidən mətbuat nümayəndələrinin açıq məhkəmə prosesində iştirakının qarşısını alıb.

Bundan sonra iş üzrə zərərçəkən Qulam Bağırov vəsatətlə çıxış edib. O, iş üzrə təqsirləndirilən şəxs Sahib Ələkbərovun həbs olunmasını, açılmış yeni hallarla əlaqədar cinayət işinin ibtidai istintaqa qaytarılaraq yenidən istintaq olunmasını istəyib: “Cinayətkar dəstəyə rəhbərlik edən Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 178.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 311.3.1-ci (vəzifə səlahiyyətlərini aşma), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham verilib. Cinayət işinin materialından və eləcə də uzun müddətdir ki, davam edən məhkəmə araşdırmasında birmənalı olaraq sübuta yetirilib ki, Mövlam Şıxəliyevin rəhbərlik etdiyi cinayətkar dəstə üzvləri iş üzrə zərərçəkmiş şəxslərin əksəriyyətinə qarşı zorakılıq ediblər, vəzifəli şəxslər kimi külli miqdarda rüşvət alıb və eləcə də zərərçəkənlərə hədə-qorxu gələrək onların külli miqdarda pul vəsaitlərini hədə-qorxu ilə ələ keçirməklə onlara xüsusilə külli miqdarda ziyan vurublar.

Dəstənin üzvü, MTN-nin İstintaq İdarəsinin keçmiş şöbə rəisinin müavini Sahib Yunis oğlu Ələkbərov 2009-cu ilin noyabr-dekabr aylarında mənə açıq şəkildə hədə-qorxu gələrək, külli miqdarda pul tələb etmiş və sonradan məni həbs adı ilə girov götürməklə qardaşımdan 135 min dollar pul alıb. Sahib Ələkbərov əvvəlcə məndən külli miqdarda pul tələb etdi. Pulu verməyəcəyim təqdirdə vaxtilə polisdə olan və adımın keçdiyi, xitam olunmuş cinayət işini tələb edib, MTN-də istintaq olunacağını bildirdi. Həmin iş üzrə heç bir günahımın olmadığını bildirəndən sonra həmin cinayət işi üzrə xitam qərarını baş prokurorun birinci müavini Rüstəm Usubovun qanunsuz qərarı əsasında ləğv etdirdi. Tələb etdiyi məbləğdə pulu verməyəcəyim halda cinayət məsuliyyətinə cəlb edəcəyi ilə hədələdi. Ona tələb etdiyi məbləğdə pul vəsaitimin olmadığını bildirdim. Sahib Ələkbərov dəfələrlə mənə hədə-qorxu gəldikdən sonra, mənim ona tələb etdiyi məbləği verə bilməyəcəyimi dəqiq bildiyindən barəmdə həbs qəti-imkan tədbiri seçilməsinə nail oldu.

Bununla da, Sahib Ələkbərov hədə-qorxunun real olduğunu əməli ilə sübut etdi. Həbs adlı girovluqda olduğum zaman ailə üzvlərimi məcbur etdi ki, məndən tələb etdiyi külli miqdarda pulu ödəsinlər. Ailəmə demişdi ki, tələb etdiyi məbləğ verilməsə, məni içəridə çürüdəcəklər.

MTN-də girovluqda saxlanıldığım dövrdə həyat və sağlamlığım təhlükədə idi, ailə üzvlərim, azyaşlı övladlarım ağır vəziyyətə düşmüşdü. Ona görə də qardaşım Sərdar məcburiyyət qarşısında qalaraq, Sahib Ələkbərovun hədə-qorxu ilə tələb etdiyi 135 min dolları borc-xərc etməklə, mənim yeganə evimi, maşınımı satmaqla ona verib. Bundan sonra Mövlam Şıxəliyevlə Sahib Ələkbərov məni həbs adlı girovluqdan azad etdilər.

Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarmalıdır.

Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər.

Verilmiş ittihamdan görünür ki, Sahib Ələkbərova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4,341.2.1 və 342.2.3-cü maddələri ilə itiham verilib. Lakin, Sahib Ələkbərovun əməlində daha ağır cinayət olan, Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddəsinin tərkibi var. Buna baxmayaraq, həmin maddə ilə ona ittiham verilməyib. Sahib Ələkbərova Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittihamın verilməsi cinayət işinin obyektiv və hər tərəfli aparılmasını təmin olunmasına xidmət edir. Sahib Ələkbərovun əməlində ağır cinayət tərkibi mövcuddur və ona bu maddə ilə ittiham irəli sürülməlidir. Əks halda onun məsuliyyətdən yayındırılması kimi qanunsuz hərəkətə yol verilmiş olar. Ona görə də xahiş edirəm ki, Sahib Ələkbərovun əməlində daha ağır cinayətin, Cinayət Məcəlləsinin 182.3-cü maddəsinin tərkibi olduğuna görə, ona həmin maddə ilə ittiham verilməsi üçün, cinayət işinə baxılmasına xitam verərək, Sahib Ələkbərov barəsində həbs qəti-imkan tədbiri seçilərək, cinayət işini istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barəsində qərar qəbul edəsiniz”.

Məhkəmə vəsatəti müzakirə etmək üçün müşavirə otağına yollanıb. Bir qədər sonra geri qayıdaraq vəsatətin təmin olunmadığını elan edib.

Zərərçəkən Qulam Bağırov vəsatətin təmin edilməməsinə etiraz edib, hakimdən qərarının əsaslandırılmasını istəyib.

Bundan sonra Qulam Bağırovun qanunsuz olaraq həbs olunması epizodu üzrə şahidlər dindirilib.

Şahid qismində dindirilmiş Ramil Misirov zərərçəkmiş Qulam Bağırovun 14 noyabr 2009-cu ildə heç bir cinayət əməli törətmədiyi halda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulduğunu, həbsdən azadlığa çıxması müqabilində MTN əməkdaşlarının onun qardaşı Sərdar Bağırovdan 200 min manat pul tələb etdiklərini açıqlayıb. O deyib ki, Sərdar Bağırov özlərinə məxsus əmlakları satmaqla, habelə qohum əqrəbalardan müxtəlif məbləğdə pul vəsaiti yığmaqla pul düzəldib, MTN əməkdaşına verib. Qulam Bağırovun azadlığa çıxması üçün onun atası Alik Misirov da 10 min manat məbləğdə pul verib. Tələb olunan məbləğ toplandıqdan sonra MTN əməkdaşlarına verilib və Qulam Bağırov azad olunub.

Digər sahid Şamis Məmmədov Qulam Bağırovla dost olduğunu deyib. Bildirib ki, 2009-cu ilin noyabrında Qulam Bağırovun Milli Təhlükəsizlik Nazirliyi tərəfindən tutulduğunu eşidib. Bir müddət sonra Qulamın qardaşı Sərdar Bağırov ona “Qulamın işini aparan Sahib adlı müstəntiqlə əlaqə yarada bilmişəm, o Qulamın həbsdən azad olunması üçün 100 min dollar pul istəyir” deyib. Bundan sonra Sərdargil Qulama məxsus Badamdar qəsəbəsində yerləşən mənzili, onun avtomobilini, anası Mənsurə xanıma, habelə Qulamın və Sərdarın həyat yoldaşlarına məxsus qızıl-zinət əşyalarını satıblar. O da kömək etmək üçün özündə olan 5 min dollar pulu Qulamın anasının evində Sərdara verib.

Şahid deyib ki, bundan başqa Sərdargil qohumlarından və tanışlarından borc pullar alıblar. Sonradan Sərdar ona müstəntiq Sahibin əlavə olaraq 35 min dollar pul istədiyini də ona deyib: “Sərdargil çox çətinliklə 135 min dollar pulu topladılar. Bir neçə gün sonra Sərdar dedi ki, 135 dollar pulu MTN-də müstəntiq işləyən Sahibə verib. Sərdar pulu Sahibə verəndən 1 və ya 2 gün sonra Qulamı həbsdən azad etdilər.

Təqsirləndirilən Sahib Ələkbərov isə zərərçəkən və şahidlərin dediklərinin doğru olmadığın isbatlamağa çalışıb.

Özünü müdafiə edərək istintaqa birbaşa nəzarət edən vəzifəli şəxslərin olduğunu açıqlayıb: “Mən müstəntiq idim. Mən cənab general Mövlam Şıxəliyevə məruzə edirdim. O da birbaşa Zakir Qaralova, Rüstəm Usubova məruzə edirdi. Onların birbaşa yazılı və şifahi göstərişlərini icra edirdim. Deyirdilər ki, həbs et, edirdim, azad et, edirdim. Həbs edəndə hansı maddə ilə vəsatətin yazılmasını tapşırırdılar. Azad ediləndə də yenə də onlar deyirdi, mən də azad edirdim. MTN-in istintaq idarəsində yeganə namuslu, vicdanlı müstəntiqlərdən olmuşam, Allahımı tanımışam.

Digər təqsirləndirilən Yasin Məmmədov isə Sahib Ələkbərovun ətəyindən yapışıb çəkib, çox danışmamasını istəyib.

Hakim zərərçəkənlərin, onların vəkillərinin təqsirləndirilən Sahib Ələkbərova suallar vermələrinə şərait yaratmayıb.

Bundan sonra şahid qismində Məhbub Əliyev ifadə verib. Zərərçəkən Elvar Əliyevin qanunsuz həbsi epizodu üzrə danışan şahid bildirib ki, 2013-cü ilin sentyabrında anası ona zəng edərək qardaşı Elvarın tutulduğunu deyib: “Elvarı qolları qandallı vəziyyətdə, başında torba qatı cinayətkar kimi Səbail rayon Məhkəməsinə gətirmişdilər. Orada müstəntiq Fuad Məmmədova yaxınlaşdım, o, “yaxşı olacaq, narahat olma” dedi. Lakin yaxşı olmadı. Elvara Vüsalə adlı vəkil tutduq. Sonradan Vüsalə müstəntiqlə danışdı və Fuadın 60 min manat müqabilində Elvarı azad edə biləcəyini dediyini bildirdi. O, bundan sonra qardaşı Elvar Əliyev ilə birlikdə işləmiş Elman Əhmədovun satmaq üçün ona verdiyi malları təxminən 15-20 gün ərzində dəyər-dəyməzinə sataraq 40 min manat pul düzəltdik. Rusiyada yaşayan əmim Loğman da 20 min dollar pul göndərdi. Üstünü də düzəldib 60 min manat topladıq. Pulu anamın iştirakı ilə Vüsaləyə verdim. Sonra dəfələrlə Vüsalə ilə əlaqə saxlayaraq Elvarın çıxıb-çıxmadığını soruşdum. Sonda Vüsalə pulu qaytarıb “məsələni özünüz həll edin” dedi".

Şahid deyib ki, bir müddət sonra Elman Əhmədov həbsdən azad edilib: "Elman pulun üstünə 20 min manat qoyub, 80 min manat pulu müstəntiq Fuad Məmmədova verib. Bundan sonra qardaşı Elvar həbsdən azad olunub. Elvarla birlikdə eyni gündə Balaşirin və Seyran da azadlığa çıxıblar".

Məhbub Əliyev qardaşı Elvar Əliyevin Çingiz Ağayevin sifarişi ilə Mövlam Şıxəliyev tərəfindən həbs edildiyini bildirib.

Zərərçəkən Əfsəl Həsənəliyev söz alaraq bildirib ki, istintaq zamanı şikayətləri tam və hərtərəfli araşdırılmayıb: “Mənə qarşı cinayətin icraçısı Yasin Məmmədovla Nadir Mustafayevdir. Bu gün Yasin Məmmədov istintaqa cəlb edilsə də, Nadir Mustafayevi, ümumiyyətlə, çağırıb dindirmirlər. Yasin Məmmədov da həbs olunmayıb. Mənə qarşı cinayətin obyektiv araşdırılmasını tələb edirəm”.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər