Bakıda keçmiş həyat yoldaşını və onun anasını avtomobillə vuran, daha sonra onları bıçaqlayan 1977-ci il təvəllüdlü Fədail Atakişiyevin məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Fədail Atakişiyev 1 saylı Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə göndərilib.
İttihama görə, Fədail Atakişiyev Sabunçu rayonu Bakıxanov qəsəbəsində idarə etdiyi minik avtomobili ilə yol kənarında dayanan keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Atakişyevanı qəsdən vurub.
Fədail Atakişiyev daha sonra avtomobildən düşərək əvvəlcə Ramidə Atakişiyevanı, daha sonra onun anası Narın Ağayevaya bıçaqla bir neçə xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Fədail Atakişiyevin barəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.