6 Sentyabr 2022 20:14
1 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkən Bahəddin Sultanov çıxış edib. O bildirib ki, Vüsal Ələkbərov onun oğlunu qanunsuz olaraq tutub.

Bundan sonra ondan Vüsal Ələkbərovun kabinetində oğlunun azad edilməsi üçün 1 milyon dollar tələb ediblər. Pulu vermək istəməyib, özünü də 2 gün qanunsuz olaraq saxlayıblar.

Bundan sonra kabinetində şəxsən Mövlam Şıxəliyevə 350 min dollar verib, sonra oğlunu azad ediblər.

Zərərçəkən ona vurulan ziyanın geri qaytarılmasını tələb edib.

Digər zərərçəkmiş Əhməd Mirzəyev bildirib ki, ona Mövlam Şıxəliyev və digəriləri külli miqdarda ziyan vurublar: “Tələbim odur ki, mənə vurulmuş ziyan ödənilsin. Əks halda bu adamlara ağır cəza verilməsini tələb edirəm”.

Zərərçəkən Mövlam Şıxəliyev və digərilərinə rəhbərlik edən şəxslərin də cəzalandırılmasını tələb edib.

Zərərçəkən Zaur Əliyev deyib: "Mövlam Şıxəliyev və hazırda məhkəmə qarşısında olan digər 3 müttəhimdən ibarət mütəşəkkil cinayətkar dəstə göbələk deyil ki, yağışdan sonra ortaya çıxsınlar. Bu dəstəni yaradan olub. Dövlətin içində bu dəstənin yaradılmasında məqsəd mal-mülk ələ keçirmək, Azərbaycan vətəndaşlarını qanuni tədbir adı altında girov götürüb, varidatlarını mənimsəmək olub. Bu mütəşəkkil cinayətkar dəstənin “xaç ataları” bu gün azadlıqdadırlar və yaratdıqları cinayətkar dəstəyə havadarlıq edirlər. Bunlar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, keçmiş baş prokuror Zakir Qaralov, onun müavini olmuş Rüstəm Usubovdur. Mövlam Şıxəliyev bu “xaç ata”larının yaratdıqları mütəşəkkil cinayətkar dəstənin sadəcə MTN-də baş briqadiri olub. O da öz növbəsində bu gün məhkəmə qarşısında olan və olmayan dəstə üzvlərinə rəhbərlik və nəzarət edən vəzifəli şəxs olub.

Bunların cinayətlərində dövlətin əksər qurumları birbaşa və öz istəklərindən asılı olmayaraq iştirak ediblər. Burada hakimi, prokuroru, eksperti, notariusu və digər vəzifəli şəxsləri göstərmək olar. Mütəşəkkil cinayətkar dəstə uzun illər fəaliyyətdə olub. Eldar Mahmudov milli təhlükəsizlik naziri postunda yerini bərkidəndən sonra bu mütəşəkkil cinayətkar dəstə tam gücü ilə fəaliyyətə keçib”.

Zaur Əliyev qeyd edib ki, 2007-2008-ci illərdən başlayaraq mütəşəkkil cinayətkar quldur dəstə hər gün iş başında olub: “Onlar MTN-dəki iş yerlərinə yeni cinayətlər törətmək, varlanmaq üçün gedib-gəliblər. Vəzifəli şəxs olaraq Azərbaycan vətəndaşlarını dövlətin gücündən istifadə etməklə girov götürüblər, dövlətin təcridxanasında aylarla saxlamaqla tələblərinin yerinə yetirilməsinə nail olublar. İş üzrə 36 zərərçəkən var, azı 30 nəfəri MTN-də girov saxlanılıb, istisnasız hər bir zərərçəkən ondan tələb olunan məıbləği və ya həmin məbləğin cinayətkar mütəşəkkil quldur dəstənin razılaşdığı hissəsini onlara verməyə məcbur edilib. Mən də zərərçəkən olaraq istisna deyiləm. Məni də uydurulmuş ittihamlar girov götürüblər, 3 ay həbs adı ilə girovluqda saxlayıblar. Bu müddətdə ailəmdən 300 min manat pul tələb ediblər. Nəticə etibarı ilə 100 min dollar alıb məni xəstə adı ilə açıb buraxıblar. Bir-iki istisna olmaqla iş üzrə zərərçəkənlərin hər biri eyni qaydada azad olunub”.

Zaur Əliyevin sözlərinə görə, Baş Prokurorluğun bu iş üzrə 7 il istintaq aparması 1 məqsədə xidmət edib: “MTN-də bu iş üzrə zərərçəkənlərə qarşı baş verən cinayətlər Eldar Mahmudovun ümumi rəhbərliyi, baş prokuror Zakir Qaralovun rəhbərliyi, onun 1-ci müavini, istintaqa nəzarət edən Rüstəm Usubovun nəzarəti altında törədilib. O zaman MTN İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyev və bu gün onunla məhkəmə qarşısına çıxarılanlar sıravi icraçılar olub. Bu vəzifədən sui-istifadə-korrupsiya mexanizmi 10 ilə yaxın fasiləsiz işləyib. Baş prokuror Zakir Qaralovun rəhbərliyi, Rüstəm Usubovun nəzarəti altında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi 7 il iş üzrə istintaq aparması vaxt uzatmaqdan başqa bir şey olmayıb. Ortaya qoyulan ittiham aktından belə anlaşılır ki, guya bu cinayətləri Mövlam Şıxəliyev təkbaşına törədib. Faktiki olaraq isə belə deyil. Mövlam Şıxəliyev uzağı 3 belə cinayət törədə bilərdi. Ona bu cinayətləri törətmək üçün göstərişlər verilib. Məqsəd pul qoparmaq, varlanmaq olub. Mövlam Şıxəliyev bu “cinayətlər zəncirində” bir halqa olub. Ona göstərişlər verilib. Bəli, istəsəydi, qanunsuz göstərişi icra etməzdi. Amma edib və ona quldurluqdan pay düşüb. Lakin Mövlam Şıxəliyevin icraçısı olduğu cinayətlərə “don geydirən” Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubov “trio”su olub. Mövlam Şıxəliyev iş üzrə zərərçəkənlərin heç birini özbaşına tutub girovluqda saxlaya bilməzdi.

Qanunsuz həbslərə görə onun özünə problem yaradıla bilərdi, işdən çıxarılardı. Bunu etməyiblər. Əvəzində onun qanunsuz vəsatətləri əsasında Rüstəm Usubov təqdimat verib və girov götürülən vətəndaşın taleyi həll olunub. Yerli məhkəmələr də həmin təqdimat əsasında işi öyrənmədən həbs qərarı veriblər. Həbs adlı girovluqda saxlanılan müddətdə isə bizlərlə tələb etdikləri pulu verməyimiz üçün danışıq aparılırdı, təzyiq göstərilirdi, zor tətbiq olunurdu. Bütün bu əməllər “cənabın göstərişidir, 100 min manatdan aşağı söhbətə getməyin”, “prokurorluq verilən məbləğlə razı deyil”, “pulu verməsən, türmədə günə gün yatacaqsan, başına orada oyun açacağıq”.

Lakin məhkəmədə bir daha təsdiq olundu ki, mütəşəkkil cinayətkar dəstə təkcə bu gün məhkəmə qarşısına çıxarılan müttəhimlərdən ibarət deyil. Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubov bu mütəşəkkil cinayətkar quldur dəstənin rəhbərləridirlər”.

Zərərçəkmiş çıxışında daha sonra qeyd edib: “Bu adamlar biz Azərbaycan vətəndaşlarına qarşı Azərbaycan dövlətinin gücünü tətbiq etməklə olduqca böyük varidat ələ keçiriblər. Bunun qarşısında 14 il çox gülünc cəzadır. Bizləri girov götürməklə əldə olunan mal-mülk hesabına dünyanın dörd bir tərəfində özlərinə biznes qurublar, səsləri Türkiyədən tutmuş Dubay, London kimi dünya biznes paytaxtlarından gəlir. Sizin bu məhkəmə zalında çıxaracağınız hökm ölkə rəhbərliyinə də bəlli olacaq. Ədalətli olun, hökm çıxararkən qanunları əsas götürün. Çıxışımın sonunda hakim Əfqan Hacıyevin Eldar Mahmudovun, Zakir Qaralovun, Rüstəm Usubovun, MTN İstintaq Baş İdarəsinin rəis müavini Təhsin Ağayev və MTN əməkdaşı Mamay Quluzadə barəsində qanuni tədbir görülməsi üçün qərar qəbul etməsini xahiş edirəm. Vəsatətimi indi müzakirə edin və baxılmamış saxlanma haqda qərar çıxarmayın!”.

Daha sonra zərərçəkən Hüseyn Səfərov çıxış edib. O,deyib ki, hazırda mütəşəkkil cinayətkar quldur dəstənin rəhbərləri azadlıqdadır: “Bu gün Zakir Qaralov, Rüstəm Usubov, Eldar Mahmudov azadlıqdadırlar. Məni və digər zərərçəkənləri onlar Mövlam Şıxəliyevin vasitəsi ilə girov götürüblər. Bizləri girov götürməklə ailələrimizdən külli miqdarda pul aldılar. Məhkəməsiz-filansız mənim ailəmdən 2 milyon dollar pul alıblar. Bu gün də kirayələrdə yaşayırıq. Mövlam Şıxəliyev bu məhkəmə zalında mənə özü dedi ki, sən də daxil olmaqla 3 zərərçəkənin pulunu Eldar Mahmudov verəcək. Dedi ki, kişinin sözü bir olar. Bu söhbət 8-9 dəfə təkrarlanıb...”.

Bu zaman Mövlam Şıxəliyev müdaxilə etməyə çalışıb, lakin hakim zərərçəkənə deyib ki, fikirini davam etdirsin.

Hüseyn Səfərov deyib ki, Mövlam Şıxəliyev zərərçəkən Akif Qurbanovun səsini yazıb və sonradan həmin səsin özünə sərf edən hissəsini məhkəmədə səsləndirib: “Akif Qurbanov da burada söyüş söydü, dedi ki, həmin səs yazısını tam olaraq yaysın, bilinsin ki, Mövlam Şıxəliyevlə nədən söhbət ediblər. Amma həmin səsi bu ortaya çıxarmadı. Sən bu gün özünü elə aparırsan ki, guya dədə-baban pullu olub. Haradan alıb bu pulları? Bizlərdən alıb. Babaş adlı qohumu bizim pullarımıza qurduqları biznesi idarə edib. Öyrənmişik ki, bunun Elxan Dadaşov adlı şəriki də var. Bunlar bizdən aldıqları pullar hesabına bu gün də heç kimi saymırlar. Mövlam Şıxəliyev bu gün də Bakıda “at oynadır”. Bunun Elxan Dadaşov adlı şəriki var. Onunla Nəsimi rayonunda şərikli 13 bina tikib. Həmin binalardan üçü bu dəqiqə də tikilir. Bu gün də onun bacısı vasitəsi ilə Bakıda 67 mənzil və obyektdən kirayə haqqı yığırlar. Mövlam Şıxəliyevə Elxan Dadaşov Türkiyədə, Beşiktaşda villa tikib. Mövlama Qəbələdə də villa tikdirib. Onun yanında da Elxan Dadaşovun özünün villasıdır. Ünvanları da məndə var. İcazə verin, telefonumu gətirim, fotolarını da sizə təqdim edim. Cənab prokuror, bunları niyə araşdırmırsınız? Buna bax eee, gülür eee, utanmır eee. Öl yerə gir. Etdiyin cinayətlərdən utan”.

Dəmir barmaqlıqlar arxasında olan Mövlam Şıxəliyev zərərçəkənin çıxışına müdaxilə edib, əlindəki su butulkasını zərərçəkənə tullamağa qaldırıb:

- Vuraram, başın yarılar..

Zərərçəkən isə onun bu hərəkətinə sərt reaksiya verib:

- Qələt edib atarsan, şərəfsiz, qurumsaq. Sən mənə butulka ata bilərsən?! Bunun danışıqlarına bax.

- Yalan danışma.

- Yalan sən danışırsan. İllərlə hər gün Elxana qızıl onluq aldırmısan. Bunu da bilirik. “Moskva” Univermağından alıb sənə.

- Belə şey olmayıb.

- Özün yaxşı bilirsən.

Bundan sonra söz alan Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov müvəkkilinim ittiham olunduğu cinayətlər üzrə günahsız olduğunu söyləyib.

Vəkilin çıxışına zərərçəkən Bahəddin Sultanov olduqca sərt reaksiya verib: “Vicdanın olsun. Heç olmasa müdafiə edəndə də haqq-ədalətlə edin. Mənim, buradakı zərərçəkənlərin Mövlamla nə düşmənçiliyimiz ədavətimiz var ki, onu şərləyək. Və ya Mövlamın atasını öldürmüşəm, onunla düşmənçiliyim var? Vicdanınız olsun, kişiliyiniz olsun, heç olmasa durun deyin ki, səhv etmişik, bizi bağışlayın. Mənim oğlumun günahı nədir ki, bu gün bazarda gedib çınqıl satır. Niyə oğlumu şərlədiniz, bioqrafiyasını korladınız? Sizin övladınız yoxdur? Kim yalan danışırsa, kişiliyi, mənliyi yoxdur. Mövlam Şıxəliyev şərəfsizliyi boynuna götürüb, sənə nə olub?”.

Vəkillə zərərçəkənin qovğasına hakim müdaxilə edib. Zərərçəkənin zaldan çıxarılması barədə göstərişini verib.

Növbəti proses sentyabrın 8-də davam edəcək.

Qeyd edək ki, iyulun 26-da keçirilən prosesdə çıxış edən prokuror Mövlam Şixəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər