13 Sentyabr 2022 10:29
5 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “Location” gecə klubunda baş vermiş partlayışa görə həbs edilən Rəsul Rəsulov, Orxan Səfərli və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşı Xətai Əlizadə ifadə verib.

O deyib ki, “Location” gecə klubunda yanğın baş verməsi ilə bağlı yanğından mühafizə xidmətinə siqnal daxil olub: "Biz də həmin əraziyə yollandıq. Yanğının söndürlməsi işləri gördük. Həmin vaxt orada partlayışla nəticələnən yanğının baş verdiyi məlum oldu. Mətbəxdə bir nəfər vəfat etmişdi. Yanğının səbəbi bizə məlum deyildi. Bizim vəzifəmiz yanğının səbəblərini araşdırmaq deyil, yanğını söndürmək idi. Bu səbəbdən yanğının hansı səbəbdən baş verdiyini bilməmişəm".

Şahid qeyd edib ki, həmin vaxt gecə klubunun mətbəxində qaz balonu olmayıb: "Qapıdan çöldə iki qaz balonu var idi. Biri böyük idi, digər balaca. Həmin qaz balonlarından biri gecə klubuna məxsus olduğu, digəri isə başqa bir obyektin olduğunu dedilər. Hadisə zamanı ən çox dağınıq mətbəxdə, mətbəxə bitişik dəhlizdə idi. Bu səbəbdən yanğının mətbəxdə çıxdığı məlum oldu".

Daha sonra şahid qismində ifadə verən iş adamı İsrail Yusubovun sözlərinə görə, “Merser food” MMC, “Merser Trade” MMC, “Is Consumer Products” MMC-nin (əvvəlki adı "Is Chemıcal”) və digər şirkətlərin həmtəsisçisi olub.

Şahid “Merser food” MMC-nin təsisçisi olduğunu deyib: "Biz "Merser food” MMC-ni təsis edəndə məqsədimiz restoranlar şəbəkəsi yaratmaq idi. Ayxan adlı şəxslə şərikliyimiz var idi. Səhmlər 70 faiz mənə, 30 faiz isə Ayxana məxsus idi”.

İsrail Yusubov deyib ki, Orxan Səfərli ilə 2009-cu ildən möhkəm dostluq münasibəti saxlayır və "The Place" adlı çay evləri var idi.

İsrail Yusubov qeyd edib ki, Bakıda bir çox işləri görməyi Orxan Səfərliyə tapşırıb: "Sonradan işləri böyütmək qərarına gəldik. Orxanla birlikdə çay evi açdıq. 2018-ci ildə işə başladıq. Amma pandemiya başladığı üçün işlər bir az dayandı. Pandemiyadan sonra isə həmin çay evinin əvəzində "pab" açdıq. Amma "pab"da içki verildiyi üçün işlərə Orxan yox, onun qardaşı Elşən Səfərli başladı. Daha sonra Elşən “Location” gecə klubunun açılması üçün yer tapdı. Birlikdə gedərək həmin yerə baxdıq. Münasib qiymət olduğu üçün razılaşdıq. Həmin yerin sahibləri Elşənin dostları idi. Onları da Elşən gətirmişdi.

Biz obyekti götürdük, amma oranı Elşən işlədəcəkdi. Bizim missiyamız obyekti götürəndən sonra bitdi. İşçiləri işə Elşən özü danışıb, götürüb. Bütün təşkilatçılığı Elşən edib. Digər işlərdən nə mənim, nə də Orxanın xəbəri olmayıb. Gəlir isə şirkətin ümumi büdcəsinə köçürülməsini qərarlaşdırmışdıq".

Şahid qeyd edib ki, gecə klubunun açılması ilə bağlı onların ümumilikdə heç bir müzakirəsi olmayıb. gecə klubu "Merser food" MMC-nin tərkibində fəliyyət göstərib və Rəsul Rəsulovu da MMC-də administrator işinə Elşən Səfərlini götürüb: "Mənim bundan xəbərim olmayıb. Ümumiyyətlə, işçilərin işə götürülməsinə mən qarışmamışam. Mənim işçilərlə heç bir əlaqəm yox idi. Ümumi rəhbərlik Elşəndə idi. Mənim ona da heç bir göstərişim olmayıb".

İsrail Yusubov deyib ki, Elşən Səfərli orada rəsmi yox, qeyri-rəsmi işlərlə məşğul olub: "Çay evini biz Orxanlar birlikdə açmışdıq. Amma Orxan dindar olduğu üçün ora "pab" kimi fəaliyyət göstərdiyi üçn özünə aid olan işləri qardaşı Elşənə verdi. Onun payına düşən işləri Elşən idarə edib. Bundan sonra Orxan heç bir işə qarışmayıb".

İsrail Yusubov qeyd edib ki, gecə klubunda partlayış baş verəndən sonra gecə saat 4-5 arası bir araya toplaşıblar, baş verən olayı müzakirə ediblər. Onun sözlərinə görə, həmin vaxt Rəsul Rəsulovla heç bir dialoqu olmayıb.

Bu zaman şahidin ifadəsinə Rəsul Rəsulov etiraz edib. O bildirib ki, burada onu tanımadıqlarını deyirlər: "Onda belə çıxır ki, mən özbaşına işə girmişəm. Bundan heç kimin xəbəri olmayıb. Əslində isə belə deyil. Mən müqavilə ilə işə götürülmüşəm. Bununla bağlı danışıqlarımız var. Məlum hadisədən sonra Elşənin vasitəsi ilə "Dəmirçi" Plazaya çağırıldım. Orada müzakirələr apardıq. Orada mənə dedilər ki, hər şeyi boynuna al, biz kişiyik, sənin arxanda dayanacağıq. Bildirdilər ki, məni sosial şəbəkələrdə yaxşı tanıyırlar. Məndən hər şeyi boynuma götürməyi, bununla bağlı gedərək izahat verməyi məsləhət bildilər. Mən də onlara inandım, hər şeyi mənə aid olduğuna dair izahat verdim".

İsrail Yusubov təqsirləndirilən şəxsin dediklərini təqsidləyib. Deyib ki, sonuncu görüşlərində nə deyibsə, onu da yerinə yetirib.

Növbəti proses sentyabrın 14-də davam edəcək.

İttihama görə, hadisə bu il aprelin 3-də, gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verib.

Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb.

Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərliyə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda, istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Cinayət işi üzrə 53 zərərçəkmiş qismində tanınıb.

Zərərçəkmişlərin siyahısında bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova da var.

O, həmin partlayışda ağır xəsarət alıb. Rəsul Rəsulov və Orxan Səfərli həbsdədir.

Digər təqsirləndirilən Ruslan Məmmədovun barəsində əvvəllər həbs qətimkan tədbiri seçilsə də, sonradan barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.


Müəllif: Hacı Zeynalov