Bakının Yasamal rayonunda 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və onun 1989-cu il təvəllüdlü nəvəsi Aygün Əzizovanı qətlə yetirməkdə ittiham olunan Fərid Məmmədli və Anar Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesin əvvəlində prokuror zərərçəkmiş şəxslərin hüquqi varislərinin adından müxtəlif instansiyalara çoxsaylı şikayətlər göndərildiyini deyib.
Prokuror həmçinin bildirib ki, Cəlilabad rayonunuda Əzizov soyadı ilə də yüzlərlə şikayətlər edilir. Onun sözlərinə görə, həmin şikayətlər araşdırılması üçün Baş Prokurorluğa göndərilir: “Məlum olur ki, şikayət edən şəxslərin əksəriyyətinin cinayət işi üzrə adiyyəti olmayan şəxslərdir. Baş Prokurorluqda bu cinayət işinin istintaqı aparılıb və iş məhkəmə baxışına verilib. İndi Prezident Adminstrasiyası və digər müvafiq qurumlara edilən şikayətlər araşdırılması üçün Baş Prokurorluğa göndərilir”.
Mərhum Aygün Əzizovanın atası Asif Əzizov deyib ki, onun tərəfindən də çoxsaylı şikayətlər edilir: “Biz hər yerə şikayət edirik. Bu şəxslərin ömürlük cəza almasını istəyirik. Məhkəmənin ədalətinə inanırıq”.
Hakim Novruz Kərimovun sözlərinə görə, cinayət işi araşdırılması üçün məhkəməyə daxil olub, iş hərtərəfli araşdırılacaq və sonda hüquqi qiymət veriləcək.
Daha sonra təqsirləndirilən şəxs qismində ifadə verən Anar Ağalarov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, xalası oğlu Teymurla birlikdə mərhum Rəhilənin evindən oğurluq etmək qərarına gəliblər:
“Teymur bildirdi ki, Rəhilənin evində pul var. Mən qapıda dayanacam, özü isə içəri girərək oğurluq edəcəkdi. Biz Rəhilənin yaşadığı evə getdik. Mən qapıda dayandım. Teymur evi yoxlamaq üçün qapını döydü ki, görək kimsə varmı? Bu zaman içəridən səs gəldi. Teymur özünü təqdim edərək, qadına tanışlıq verdi. Qadın da Teymuru tanıdığı üçün qapını açdı. Mən qapıda dayandım, Teymur isə içəri girdi. O, içəri keçəndən sonra məlum hadisəni törətdi. Rəhiləni bıçaqla vurdu. Mən özümü həmin evə getməyimə görə təqsirli bilirəm. Biz qətl hadisəsini törətməyi əvvəlcədən planlaşdırmamışıq”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, məqsədləri oğurluq və ya soyğunçuluq olub: “Biz qapını ona görə döydük ki, qarşımıza çıxan olsa, pul və ya digər əşyalar alaq, soyğunçuluq hadisəsi törədək. Evdə heç kim olmadığı halda isə oğurluq edəcəkdik. Buna görə də qapını döydük. Ev sahibi qarşımıza çıxdı. Mənə məlum olmayan səbəblərdən Teymur qətl hadisəsini törətdi. Onda bıçaq olduğunu bilirdim. Həmişə üzərində bıçaq gəzdirirdi. Amma məndə bıçaq olmayıb. Bir Allah şahiddir ki, evdə uşağın olduğunu bilməmişik. Həmin qız uşağını da Teymur bıçaqla vurdu. Qızın 15 yaşı olardı”.
Anar Ağalarov deyib ki, Teymur zərərçəkmişlərin evində dəfələrlə olub, onlarla tanışlığı var idi: “Nənəm Rəhiləni tanıyırdı. Ehtiyacı olanda borca pul alırdı. Rəhilə də ona borca pul verirdi. Nənəm pulu Rəhilədən götürməyi Teymura tapşırırdı. Teymur da gedərək pulu götürürdü. Buna görə Teymur Rəhilənin evində pulun olduğunu dəqiq bilirdi”.
Anar Ağalarovun sözlərinə görə, hadisə vaxt onun 19 yaşlı olub və İncəsənət Universitetinin 2-ci kursunda təhsil alıb: “Mənim pula ehtiyacım yox idi. Ailəmin maddi imkanı yaxşı idi, maliyyə cəhətdən çətinlik çəkmirdim. Ora getməyi xalam oğlu Teymurdan təklif aldım. Onun sözündən çıxa bilmədim və ora getdim. Bizim yanımızda Fərid olmayıb. Teymurla Fərid qardaş olduğu üçün onların qan qrupları da eynidir. Qan qurupu eyni olduğu üçün Fəridi də tutublar”.
Anar Ağalarov deyib ki, Teymurun etdiyi hərəkətlərdən şoka düşüb: “Onun qətli törətməsi məni çaşqın vəziyyətə saldı. Onun cinayəti törətməsinin qarşısını almaq imkanım yox idi. Elə vəziyyətdə idi ki, qarşısına keçsəydim, bəlkə məni də öldürərdi. Teymuru həmin vaxt tanımaq olmurdu. Onları bıçaqla vurduqca, mənim də üstümə qışqırırdı. Ev bir otaqdan ibarət idi. Rəhiləni Teymur dəhlizdə vurdu. Bu zaman uşaq səs-küyə gəldi. Onun bizə müqavimət göstərmək imkanı yox idi. Teymur onu da bıçaqla vurdu.
Teymurun üzərində bıçağı niyə gəzdirdiyini bilməmişəm. Bunun səbəbini yaşasaydı, onun özündən soruşardız. Özü daha yaxşı bilirdi”.
Anar Ağalarovun sözlərinə görə, hadisəni törədəndən sonra Teymur evdə pul və qızıl axtarmağa başlayıb: “Qapının yanında dayandığım üçün mənim də üstümə qışqırdı. Dedi ki, pul axtar. Evdə onunla birlikdə axtarış apardıq, 600 dollar tapdıq. Həmin pulun 300 dollarını mənə verdi, qalanını özündə saxladı”.
Hüquqi varis Asif Əzizovu məhkəmədə təmsil edən vəkili təqsirləndirilən şəxsə Rəhiləyə 42, Aygünə 40 bıçaq zərbəsini Teymurun özünün tək vurması barədə sual ünvanlayıb. Təqsirləndirilən şəxs isə mərhumlara neçə bıçaq zərbəsi vurulduğunu xatrlamadığını söyləyib: “Bu qədər zərbənin vurmasının səbəbini bilmədim. Teymur özündə deyildi. Dayanmadan zərbələr vururdu. Elə bil ki, narkotikin təsiri altında idi”.
Asif Əzizov bildirib ki, təqsirləndirilən Anar Ağalarov yalan danışır. Hadisəni Anar Ağalarov, Teymur Məmmədov və Fərid Məmmədli törədib: “Bu qətldə bu şəxslərlə yanaşı nənələrinin, atalarını da əli var. Mütəşəkkil dəstə tərkibində bu qətli törədiblər. Anar Ağalarovun atası polis işçisi olub. 18 il bu qətli gizlədib, üstünün açılmasına imkan verməyib. Atası da, nənəsi də qətli bilib. İndi türmədə bir-birlərinə xəbər ötürürlər. Deyirlər ki, boynuna alma, Teymur ölüb, onun üstünə yıxırlar. Bu şəxslər də it kimi ölcək. Azyaşlı bir qızı amansızcasına qətlə yetiriblər. Bunları Allahda bağışlamayacaq”.
Daha sonra Asif Əzizovun vəkili bildirib ki, Anar Ağalarov istintaq zamanı hadisəni törətməsi ilə bağlı etirafedici ifadələr verib. Vəkil həmin ifadələrin elan olunmasını istəyib.
Elan olunan ifadəsində Anar Ağalarov qeyd edib ki, qətli Teymurla birlikdə törədiblər və daha sonra evdə birgə pul axtarıblar.
Həmçinin istintaq sənədlərinə görə, evdə 4 qanlı bıçaq tapılıb və həmin bıçaqların üzərində qətlə yetirilən şəxslərin qanı olub. Təqsirləndirilən şəxs deyib ki, Teymurda cəmi bir bıçaq olub və həmin bıçaqlada cinayəti törədib: “İşdə olan sənədlərdən də görünür ki, digər 3 bıçaq ailəyə məxsus olub. Mən də isə bıçaq olmayıb”.
Anar Ağalarovun istintaqa verdiyi ifadəsində isə göstərib ki, Teymur və Fəridlə birlikdə qətli törədiblər. Onun həmin ifadəsindən məlum olur ki, Teymurda bıçaq olsa da, evdə olan ailəyə məxsus bıçaqlardan da istifadə ediblər. Onun ifadəsinə görə, Aygün Əzizovanı tutub və Teymur da bıçaqla zərbələr vurub. Qeyd edib ki, Fəridin bıçaqla vurduğunu görməyib, həmin vaxt həyacanlı olub.
Anar Ağalarov isə ifadəsinin bu hissəsini təsdiq etməyib. O deyib ki, istintaq təcridxanasında həmin ifadəyə imza edib.
Növbəti proses oktyabrın 19-da davam edəcək.
İttihama görə, 18 il əvvəl Yasamal rayon sakinləri 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və 1989-cu il təvəllüdlü nəvəsi Aygün Əzizova birgə yaşadıqları mənzildə öldürülüblər.
Anar Ağalarov mərhum xalası oğlu Teymur Məmmədov və onun qardaşı Fərid Məmmədli ilə Rəhilə Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə ona məxsus mənzilə gəliblər. Rəhilə Cəlilova və Aygün Əzizovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onları öldürüblər.
Daha sonra isə onlar mənzildə olan 600 ABŞ dolları məbləğində pulu götürərək ələ keçiriblər.
İstintaq orqanı tərəfindən Fərid Məmmədli və Anar Ağalarovun barəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib.
Teymur Məmmədli isə ötən müddətdə öldüyünə görə istintaqa cəlb edilməyib.
Qeyd edək ki, qətlə yetirilən A.Əzizova hadisə baş verərkən Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini olan Asif Əzizovun qızı, R.Cəlilova isə onun qayınanasıdır.
Asif Əzizov 1999-2002-ci illərdə Cəlilabad icra başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində çalışıb, daha sonra birinci müavin vəzifəsinə irəli çəkilib. 2015-ci ildə A.Əzizov öz ərizəsi ilə vəzifədən azad edilib.
O, vəzifədən azad ediləndən sonra biznes fəaliyyəti ilə məşğul olur.