14 Oktyabr 2022 18:10
2 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqovun onun müdafiəsindən uzaqlaşdırılması barədə qərar qəbul edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə elan olunub.

Hakim vəkilin iştirakına xitam verilməsini Elçin Sadıqov haqqında ev dustaqlığı qərarının şərtləriylə əsaslandırıb. Elçin Sadıqovun həbsdən ev dustaqlığına buraxılması haqda Bakı Apellyasiya Məhkəməsinin şərtlərindən biri budur ki, o, barəsindəki cinayət işi üzrə prosesin iştirakçılarıyla ünsiyyətdə ola bilməz.

Hakim bildirib ki, “Baku Steel Company”nin keçmiş rəhbəri də Elçin Sadıqovun ittiham olunduğu cinayət işi üzrə iştirakçılardandır. Hətta sentyabrda məhkəməyə Baş Prokurorluqdan sorğu göndərilib ki, Rasim Məmmədovun həmin cinayət işi üzrə istintaq prosesində iştirakına icazə verilsin.

Məhkəmə də buna icazə verib. Məsələyə münasibət bildirən Rasim Məmmədov deyib ki, Elçin Sadıqovun müdafiəçi kimi məhkəmədə iştirakını istəyir.

Qeyd edək ki, Elçin Sadıqov vəkili olduğu olduğu Rasim Məmmədovun işi üzrə oktyabrın 10-da və 14-də keçirilən məhkəmə iclaslarına buraxılmayıb.

Xatırladaq ki, sentyabrın 11-də Binəqədi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən Elçin Sadıqov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimatları təmin edib. O, Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə o, zaminə buraxılıb.

Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb. Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub. Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib. Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir. İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər