24 Noyabr 2022 21:21
1 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər ki, məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilib.

Alimpaşa Məmmədov bildirib ki, Şəmkir şəhərində 75 yerlik dörd, beş saylı uşaq bağçasını daxili imkanlar hesabına təmir etdirib: "Mən bağçaları yenidən yüksək səviyyədə təmir elətdirib, müasir standartlara cavab verən şəkildə təsis etmişəm. Bunun üçün hər bir uşaq bağçasına 300 min manat olmaqla ümumilikdə 600 min manat vəsait xərclənib. Möhtərəm hakim, diqqətinizə çatdırmaq istəyirəm ki, əslində, 300 min manatla bağçanı ərsəyə gətirmək mümkün olmazdı, amma mənim bu məsələlərdə peşəkarlığım var. Bu məsələ üzərində inadkarcasına dayandığımdan həmin vəsaitlə bağçaların bu səviyyəyə çatdırılmasına nail ola bilmişəm.

Hörmətli məhkəmə, rayonun Zəyəm Cırdaxan kəndinin on minlik əhalisinin ciddi şəkildə içməli və suvarma suyuna ehtiyacı var. Uzunmüddətli problemləri həll olunmadığından kənd camaatı Bakı-Qazax avtomagistralını bağlamışdılar. Mən onların su problemlərini tezliklə həll edəcəyimi söz verdiyim üçün daxili imkanlarım hesabına uzunluğu 7,5 km olan 730 millimetrlik keyfiyyətli boru xətti ilə kəndə su çəkilişini təmin etmişəm".

Prokuror: Ümumiyyətlə, hansı sahələrin inkişaf etdirilməsi üçün həmin vəsaitlər ayrılıb?

Alimpaşa Məmmədov: Cənab prokuror, bu vəsaitləri rəqəmlərlə deməkdə ola bilsin ki, çətinlik çəkərəm. Onu deyə bilərəm ki, 2015-2016-cı illərdə büdcənin mərkəzləşməsi ilə əlaqədar olaraq təhsil sektoru bizdən ayrıldı. 2015-ci ildə mədəniyyət sahəsində də maliyyələşmə bizdən ayrıldı, mərkəzləşmiş şəkildə həyata keçirildi. Səhiyyə ilə bağlı olan məsələlər bizdə qaldı. Amma digər sahələrdə mərkəzləşmiş qaydada olduğuna görə tikinti və digər xərclər də onların üzərində olmuşdu. Şəhərin abadlaşması ilə bağlı olan vəsaitin ayrılmasını əvvəldən axıra kimi Şəmkir Rayon İcra Hakimiyyəti təmin edib.

Prokuror: Təxminən nə qədər vəsait?

Alimpaşa Məmmədov: Tutaq ki, ayrılan 20 milyondan vəsaitdən əməkhaqqını çıxsaq, buna 3-4 milyon vəsait xərcləndiyini deyə bilərik.

Hakim: Bu stabildir, yəni 3-4 milyon nəyə ayrılıb? Digər xərclərə, yəni abadlıq, tikinti quraşdırılma...Bu xərc hər hansı tədbir yaxud hansısa dövlət səviyyəli obyektlərin tikintisi zamanı fərqlənirmi?

Alimpaşa Məmmədov: Büdcədə nəzərdə tutulmayan vəsaitlər, xərclər məsələn, bu il nəzərdə tutulur ki, gələn ilki xərclərdən əlavə hər hansı obyektlərin tikintisinə vəsaitin ayrılması həyata keçirilir. İstisna hallar ola bilir ki, möhtərəm Prezident İlham Əliyevin Prezident Fondundan ayırdığı vəsaitlərdir, bu da səfərlər zamanı ola bilər ki, belə bir hal da bizdə bircə dəfə olub. O da mənzillərin tikintisinə ayrılan vəsait olub, qalan vəsait isə büdcədən ayrılan vəsaitlər hesabına olub.

Hakim: Dediniz özünüzü təqsirli bilirsiniz: istintaq zamanı təqsirli bildiyinizi göstərmisiniz. Vəsaitlərin əldə olunmaq mənbəyi məsələsi var: sizə verilən ittihamda bu, bir bir neçə istiqaməti üzrədir. Verilən mənbələrlə razısınız?

Alimpaşa Məmmədov: Bəli, razıyam.

Hakim: Ayrı-ayrı müəssisələrin, ayrı-ayrı şəxslərin verdiyi - 1 milyon 729 min 338 manat civarında məbləğdən söhbət gedir. Epizod sayından, məbləğin miqdarından razısınız?

Alimpaşa Məmmədov: Tamamilə razıyam.

Hakim: 677 min 250 min manat dəyərində olan iki mənzildən söhbət gedir. Bu məsələ ilə razısınız?

Alimpaşa Məmmədov: İcazə verin, açıqlama verim. Bununla bağlı analogiyada da var. Mən şəhid ailələri ilə bağlı həmişə ev axtarışında olmuşam. İnanın səmiyyətimə, yenə də rast gəlsəydim, bu epizodu verəcəkdim. Heç narahatlığım yoxdur. Kimsə, hər hansı sahibkar əgər könüllü şəkildə gəlib mənə müraciət edirsə ki, icazə verin, bu rayonda işlər görək, heç birinin üzərində dayanmamışam ki, bunu belə edək əvəzində mənə nəsə verilsin. Onlar özləri təqdim ediblər ki, əlimizdə belə evlərin olması pis olmazdı. Amma 677 mini sizin müzakirənizə buraxmaq istəyirəm. O dövrdə yarımçıq tikililərin alınması üçün imzalanmış məbləğ 142 -145 mindir. Amma sonradan bu - keçən il qiymətləndirilərək 677 min olub. Amma o rəqəm var, bu 677 min yoxsa 142 mindir- bu sizin müzakirənizdir.

Hakim: Deyirsiniz ki, qiymətləndirilən vaxt aldığınız formada olmayıb. Ancaq iki ədəd mənzildən razısınız? Mənzillə bağlı mübahisə yoxdur. Sadəcə olaraq deyirsiniz ki, həmin vaxt 142 min manat olub, sonradan qiymətləndirilmə 677 min olub.

Alimpaşa Məmmədov: Sonradan onu 677 min manat qiymətləndiriliblər. 677 min qalxdı 1 milyon 677 minə...Onlar ordadır, mən onları götürməmişəm, istifadə etməmişəm. Mənzillər tikilib qurtarmayıb. Mənim o qədər də narahatlığım yoxdur. Gerçək budur.

Hakim: Qəbul etdiyiniz rüşvətlə bağlı məsələdə ayrı-ayrılıqda şəxslərin, müəssisələrin adlarını çəkməyə ehtiyac var? Konkret olun.

Alimpaşa Məmmədov: Yox.

Hakim: Evlə bağlı məsələni bildik. 7 milyon 331 min 974 manat məbləğində əmlakın mənimsənilməsindən və israf edilməsindən söhbət gedir. Yəqin ki, verilən ittihamda özünüz görmüsünüz ki, sırf mənimsənilməyə və israf edilməyə aid edilib. Digər məsələ, bayaq dediniz ki, mən o şəxsləri işlə təmin etmişəm, çalışmışam ki, onlar dolansınlar, əgər bu israf etmə sayılırsa deməli, israf etmişəm. Qanunvericiliyin tələbinə görə bu, israfetmə sayılır. Sənəd məsələsinə gəlincə, ...Burada mənimsəmə epizodu ilə bağlı müxtəlif məsələlər verilib. Ələlxüsus əhəmiyyətli – məbləğlərin çox olduğu məsələlərdən biri – “Şəmkir Səbəti” Ticarət Mərkəzinin təsisçisi olduğu Çinarlı MMC-nin alqı-satqı, rəsmiləşdirmə məsələsi var. Bunları xatırlayırsınızmı?

-Tamamilə.

Hakim: Müqavilənin dəyəri nə qədər idi?

- Hansı müqavilə? Vətəndaşla mənim aramda ,yoxsa...?

Hakim: Xeyr. Adilzadə Adil Alimpaşa oğlu...Sizin oğlunuzdur, düzdürmü?

- Söhbət 3 milyon 334 mindən gedir?

Hakim: Bəli. Orada beş hektar ərazinin payı Çinarlı bələdiyyəsinə aid olub?

-Onda icazə verin epizodlara aydınlıq gətirim. Əslində “Şəmkir Səbəti” Ticarət Mərkəzini bazar adlandırmaq lazım deyil.

Bu kənd təsərrüfatı mallarının satışını həyata keçirən birjadır, təyinatlı bir müəssisədir. Ticarət obyektidir, bazar deyil. Düşünürdüm ki, elə bir ticarət obyekti qurum ki, daha yollarımızın kənarında - biri orda, biri burda kənd təsərrüfatı məhsulları satılmasın, hamısı bir mərkəzdə olsun. Bundan əlavə istehlakçı və istehsalçı arasında ən yaxın məsafə bu qədər ola bilər. Bununla mən Avropa təcrübəsini Şəmkirdə tətbiq etmişəm. Yarım illik layihədir. Bu layihənin açılışını möhtərəm Prezidentimiz protokola saldığı ərəfədə, üç gün qalmış camaatın qarşısını ala bilmədik. Millət ticarət mərkəzinə axışdı və mən bunu deməklə layihənin effektivliyini nəzərinizə çatdırmaq istəyirəm. Bununla bağlı olaraq mən onu qeyd elədim, Azərbaycanda olan 48 bələdiyyə müəssisənin 46-sı ancaq Şəmkirdədir. Bələdiyyə institutunun yaradılmasında yaxından iştirak etmək, bələdiyyələrin yalnız torpaq satışından, digər qeyri-qanuni hərəkətlərdən maliyyələşməsinin qarşısını almaq üçün bu yolu seçdim. Təbii ki, bu, beynəlxalq təcrübədir. Burada artıq oturuşmuş sistem var. Çox təəssüf edirəm ki, onu əlimdə saxlaya bilmədim. Bunun da səbəbi ondan ibarətdir ki, bələdiyyələr bu işi idarəetməyə, onu aparmağa gücləri çatmadı. Mən gücüm isə buna çatdı: 500 min kreditin alınmasını həyata keçirdim. Qabağa düşdüm, aidiyyatı qurumlara müraciət elədim və 500 min krediti aldım. 500 min kreditdən başqa bələdiyyə həmin müəssisədə heç bir iş görməyib. Bunu çoxsaylı şahidlər də etiraf ediblər. Vahid Məmmədov adlı bir sahibkar müracət elədi. Daha doğrusu, mən çoxsaylı sahibkarala müraciət etdim, yalnız bir nəfər bu məsələdə dedi ki, mən bu işdə yaxından iştirak etmək istəyirəm.


Müəllif: Rəqsanə Həsənova, Nərmin Muradova