Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı bıçaqlamaqda təqsirli bilinən Nazim Mirzəəlizadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, qanlı olay 2014-cü ilin martın 3-də Xəzər rayonu ərazisində baş verib. “Atçılıq” yaşayış sahəsində Elşən Orucov və Samir Orucov qardaşları bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı qardaşların Nazim Mirzəəlizadə tərəfindən bıçaqlandığı məlum olub. Polisin keçirdiyi əməliyyat zamanı Nazim Mirzəəlizadə həbs edilib. O, Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilir.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə Nazim Mirzəəlizadənin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 29-na təyin edilib.
Hacı Zeynalov