16 Dekabr 2022 18:14
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədov yenə də son söz deyə bilməyib.

Buna səbəb məhkəmə iclasının təyin olunan vaxtdan 1 saat gec başlaması olub. Rasim Məmmədovun vəkili Zibeydə Sadıqova məhkəmə iclasının vaxtından gec başlanmasına etiraz edib: "Hörmətli hakim, məhkəmə iclaslarına biz 5 dəqiqə gec gələndə Vəkillər Kollegiyasına şikayət edirsiniz. Bugünkü iclas da, bundan əvvəlki də gec başlayıb. Biz saatlarla burada gözləyirik. Mənim barəmdə 4 dəfə kollegiya şikayəti etmisiniz".

Daha sonra vəkil məhkəmə iclaslarının protokolları ilə tanış olmaq barədə vəsatət verib.

Zibeydə Sadıqova deyib ki, bu günə kimi 27 məhkəmə iclası keçirilib, iş üzrə 23 şahid dindirilib, 30-da çox vəsatət verilib.

Vəkil qeyd edib ki, bütün bu araşdırmalarla bağlı məhkəmə protokolları ilə müdafiə tərəfi tanış olmalıdır və bu tanışlıq mərhələsindən sonra Rasim Məmmədov sözlə çıxış etməyə hazırlaşmalıdır.

Hakim isə məhkəmə protokolu ilə yekun qərardan sonra müdafiə tərəfinin tanış ola biləcəyini deyib.

Növbəti proses dekabrın 26-s təyin edilib.

Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Rasim Məmmədovun 15 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb.

Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.
Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.

Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir.

İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər