Balakəndə maşının at arabasını vurması nəticəsində iki nəfər xəsarət alıb.
Teleqraf.com-un məlumatına görə, hadisə dekabrın 16-sı axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. 1964-cü il təvəllüdlü, Oğuz rayon sakini Əfqan Məcid oğlu Səfərov idarə etdiyi “Hyundai” markalı, 90 GT 825 dövlət nömrə nişanlı avtomobillə Balakəndən Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan at arabasını vurub.
Qəza nəticəsində avtomobilin sürücüsü xəsarət almasa da, at arabasında olan iki nəfər Balakən rayonu Katex kənd sakinləri 1975-ci il təvəllüdlü, Qabil Sabir oğlu Mikanayev və 1968-ci il təvəllüdlü Sərvan Cumaəli oğlu Əbəçiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Balakən RMX-dan verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılardan Qabil Mikanayevin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Sərvan Əbəçiyevin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır. /APA/