27 Yanvar 2023 16:12
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda qaynı arvadı olan qadını və onun iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə danışan Əhəd Əliyev özünü təqsirli bilməyib.

Əhəd Əliyevin sözlərinə görə, istintaq zamanı etirafedici ifadəsi dözülməz işgəncənin nəticəsidə alınıb. Əhəd Əliyev qətlə yetirilmiş Gülnar Qaraxanovanın bacısı, keçmiş həyat yoldaşı Nərminin hadisə günü və ondan öncə harada olması, kimlərlə danışması kimi məsələlərin müəyyənləşdirilməsini istəyib.

Əhəd Əliyev hesab edir ki, Nərmin bu hadisə barədə məlumat olub. Onun sözlərinə görə, Nərminin hadisə baş verən gün, ümumiyyətlə, o ərəfədə kimlərlə telefonla əlaqə saxlaması, harada olması dəqiqləşdirilməlidir. O bildirib ki, keçmiş həyat yoldaşı bir çox məsələlər haqda məlumatlıdır.

Məhkəmədə həmin məlumatı əldə etməsi və məhkəməyə təqdim etməsini Nərmin Əliyevanın öz öhdəsinə qoyub. Bununla bağlı məlumat verən hakim deyib ki, mobil operatordan həmin məlumatları almaq mümkün olmayıb.

Əhəd Əliyevin vəkili isə istintaqın təzələnməsi üçün çox ciddi əsasların olduğunu bildirib: “Məlumatları Nərmin Əiliyevanın özü ala bilməyib. Buna görə də həmin məlumatları məhkəmənin özü almalıdır. Əhəd Əliyevə o qədər işgəncə verilib ki, təcridxana onu qəbul etməyib. İşgəncə istənilən halda yolverilməzdir”.

Prokuror da, zərərçəkmişin hüquqi varisi də məhkəmə istintaqının təzələnməsinə etiraz edib. Hüquqi varis deyib ki, onlar bu cinayəti Əhəd Əliyevin törətdiyinə əmindilər və verilən vəsatət prosesi süni şəkildə uzadılmasına yönəlib.

Prokuror Əhəd Əliyevin işgəncə altında ifadə verməsi barədə dediklərinə də münasibət bildirib. Prokuror deyib ki, bu şikayət üzrə Nizami rayon Prokurorluğunda araşdırma aparılıb və iddialar təsdiqini tapmayıb: “Bu səbəbdən də cinayət işi başlanması rədd edilib. Əhəd Əliyevin bu cinayətdə iştirakını sübut edən konkret faktlar var”.

Hakimlər də məhkəmə istintaqını təzələməkdən imtina edib.

Daha sonra Əhəd Əliyevin vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Hakimlər də onlara bir həftə vaxt veriblər.

Növbəti proses fevralın 3-də davam edəcək.

Qeyd edək ki, yanvarın 6-da keçirilən prosesdə çıxış edən prokuror Əhəd Əliyevin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, ötən ilin fevralın 20-də Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladı öldürülüb. Aparılmış istintaqla zərərçəkmişlərin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən münaqişə zamanı bıçaqla Gülnar Qaraxanova və iki azyaşlı övladına xəsarətlər yetirərək onları öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7, (iki və ya daha çox şəxsi öldürmə) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əhəd Əliyev qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olub.

O, cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

Əhəd Əliyev uzun illər müəllim işləyib. O, 2007-2014-cü illərdə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.

Ana və övladlarını öldürməkdə suçlanaraq həbs olunan Əhəd Əliyev Gülnar Qaraxanovanın bacısının həyat yoldaşı olub. Hadisədən sonra onlar rəsmi şəkildə boşanıblar.


Müəllif: Hacı Zeynalov