28 Mart 2023 12:10
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayon polis şöbəsinin sabiq təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynovun barəsində inzibati qaydada olan iş üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Vüsal Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati qaydada iş qalıdırılıb.

Onun barəsində toplanan material baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilib. İş hakim Ruslan Əlizadənin sədrliyi ilə araşdırılıb.

İnzibati protokoldan görünür ki, Yevlax şəhər Sahib Əliyev adına 1 saylı tam orta məktəbin “4c” sinfində təhsil alan 2013-cü il təvəllüdlü şagirdlər arasında mübahisə yaranıb.

Hadisə həmin günün birinci dərsin tənəffüsü zamanı baş verib. Tunar Kamranlının digər sinif yoldaşı ilə etdiyi mübahisə zamanı Cahid Hüseynova toxunmasına görə şəxsi münasibətlər zəminində mübahisələri olub.

Bu zaman Tunar Kamranlı sinif otağında Cahid Hüseynova oturduğu stolun üzərindən götürdüyü dəmir qələm qabı ilə vurub.

Cahid Hüseynova sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən alın nahiyəsinin şişkinliyi, qançırı və sıyrığı xəsarətləri yetirib.

Həmin hadisə barədə məlumat alan Yevlax rayon polis şöbəsinin sabiq baş təhqiqatçısı Vüsal Hüseynov övladı Cahid Hüseynlinin sinif yoldaşı Tunar Kamranlı tərəfindən döyülməsinə əsəbləşib. O, şəxsi münasibətlərə aid edilən və vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarına aid olmayan övladının sinif yoldaşı tərəfindən döyülməsi məsələsinə aydınlıq gətirmək məqsədilə xidməti polis geyim formasında polis şöbəsinin inzibati binasından çıxıb və həmin gün saat 09.53-də oğlunun təhsil aldığı məktəbin inzibati binasının 2-ci mərtəbəsində yerləşən “4c” sinfinə daxil olub.

Vüsal Hüseynov Tunar Kamranlının əyləşdiyi partanın qarşısına gəlib. Tunara oğlunu döyməsinə görə iradını bildirib və ona “sənə deməmişdim ki, mənim oğluma yaxın durma” kimi ifadələr işlədib.

Daha sonra məktəbin direktoru Əfsanə Səlimovanın tənbeh etməsi məqsədilə direktorun xidməti iş otağına aparmaq üçün Tunar Kamranlının ağ rəngli köynəyinin yaxasından əli ilə tutub və özünə doğru dartaraq oturduğu partanın üzərinə yıxıb. Tunar Kamranlıya qəsdən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən boyunun sol yan səthinin, sol qoltuqaltı nahiyənin qançırları, döş qəfəsinin ön səthinin sıyrığı xəsarətləri yetirib.

İş üzrə izahat verən Vüsal Hüseynov bildirib ki, hadisə günü, saat 09.00-da işdə olub: “Təxminən saat 09.30-da arvadım mobil nömrəmə zəng etdi və oğlumun təhsil aldığı məktəbdə sinif yoldaşı tərəfindən döyüldüyünü bildirdi. Mən də dərhal işdən çıxdım və oğlum Cahidin təhsil aldığı məktəbə getdim. İlkin olaraq birinci mərtəbədə sağ tərəfdə yerləşən məktəbin direktoru Əfsanə Səlimovanın xidməti otağı tərəfə yollandım. Həmin vaxt orada işləyən müəllimələr direktorun otaqda olmadığını bildirdilər”.

Vüsal Hüseyovun sözlərinə görə, bundan sonra oğlu Cahidin təhsil aldığı “4c” sinfinə daxil olub: “Oğluma yaxınlaşdım, onun alın nahiyəsində şişkinlik olduğunu gördüm. Həmin vaxt Cahiddən nə baş verdiyini soruşdum. Cahid sinif yoldaşı Tunar Kamranlı tərəfindən döyüldüyünü bildirdi. Tunarı əl işarəsi ilə mənə göstərdi. Birinci partada əyləşən Tunara yaxınlaşdım və Tunarın ağ rəngli köynəyindən tutaraq direktor Əfsanə Səlimovanın otağına aparmaq üçün çəkdim. Lakin Tunar həmin vaxt əyləşdiyi partadan tutaraq buraxmadı. Tunarı təkrarən öz tərəfimə çəkdiyim. Bu zaman Tunarın köynəyi cırıldı”.

Vüsal Hüseynov polis əməkdaşı işlədiyini, hazırda sərəncamda olduğunu, xidməti dövr ərzində heç bir məhsuliyyətə cəlb olunmadığını, hazırda əməlindən peşmanlıq keçirdiyini, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün cəhdlər etdiyini, dəfələrlə üzr istədiyini bildirib.

Vüsal Hüseynov barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edib.

İş üzrə izahat verən zərərçəkmiş Tunar Kamranlının valideyinin sözlərinə görə, oğlu Tunar Yevlax şəhər Sahib Əliyev adına 1 saylı tam orta məktəbin “4c” sinfində təhsil alır: “Hadisə günü, saat 11 radələrində yaşadığım evdə olarkən mobil nömrəmə oğlum Tunarın sinif rəhbəri İlahə müəllimə zəng etdi, məktəbdə təhqiqatçınını oğlu Cahidlə Tunarın mübahisə etdiklərini bildirdi.

Bu məsələni aydınlaşdırmaq məqsədilə dərhal məktəbə getdim. Məktəbə daxil olduqda oğlum Tunarı sinifdə tapa bilmədim. Orada olan İlhamə müəllimə Tunarın aşağıda məktəbin yeməkxanasında oturduğunu dedi. Dərhal yeməkxanaya getdim. Oraya çatdıqda oğlumun oturduğunu, habelə üzərində kiminsə ağ rəngli köynəyi olduğunu, səhər geyindiyi köynəyin əynində olmadığını gördüm. Tunardan nə baş verdiyini soruşdum.

Oğlum mənə “mama, məktəb direktoru ilə müəlliməm mənə deyiblər ki, sənə deməyim, Cahidin polis atası Vüsal məktəbdə təhsil aldığım sinfə gəldi, məni boğub, stolun üzərinə yıxdı” dedi. Sonra oğlum Tunar mənə digər sinif yoldaşı Eyyubla mübahisə edərkən Cahidin oğlumun mübahisəsinə müdaxilə etdiyini, həmin vaxt oğlum Eyyuba kapron materiallı qələm qabını atarkən həmin qabın Cahidin alın nahiyəsinə dəydiyini bildirdi.

Buna görə də Cahidin Yevlax rayon polis şöbəsində təhqiqatçı vəzifəsində işləyən atası məktəbə gəlib, oğlumu boğaraq döyüb. İlahə müəllimə oğlum Tunarın ağ rəngli köynəyi cırıldığı üçün həmin köynəyi gizlədib. Oğlum Tunarın cırıq köynəyini mənim görməməm üçün İlahə müəllimə Tunarın ağ rəngli köynəyini digər köynəklə əvəz edib. Mən şikayət etdikdən sonra İlahə müəllimə oğlumun ağ rəngli köynəyini mənə verdi”.

Valideyn qeyd edib ki, Vüsal Hüseyunovdan şikayətçi olub. O, Vüsal Hüseynovun əməlinə inzibati xəta yox, cinayət məhsuliyyətinə cəlb olunmasını xahiş edib.

Qeyd edək ki, 12 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, zərərçəkmiş şəxsin ərizəsi əsasında torplanmış materialda cinayət tərkibi olmayıb. Bu səbəbdən cinayət işinin başlanması rədd edilib.

Bundan əvvəl Yevlax rayon Məhkəməsinin qrarına əsasən Vüsal Hüseynovun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olmadığından xitam verilib.

Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlamət olduğundan işin materialları əlavə araşdırmanın aparılması üçün Yevlax rayon prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilib.

Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən Yevlax rayon Məhkəməsinin qərarı ləvğ edilib. Vüsal Hüseynovun barəsində İnizabti Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş materiallarina baxılması üçün həmin matriallar Yevlax rayon Məhkəsinə qaytarılması barədə qarar qəbul edilib.

Bu dəfə iş hakim Ruslan Əlizadənin sədrliyi ilə araşdırılıb və qərar qəbul edilib. Qərarda göstərilib ki, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işi başlanmasının rədd edilməsi, ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.

Buna görə də məhkəmə İnizabti Xətalar Məcəlləsinin 53.0.6-cı (bu məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda) maddəsinə əsasən Vüsal Hüseynovun barəsində olan inzibati işə xitam verilib.

Xatırladaq ki, Baş Prokurorluğun təqdimatı əsasında daxili işlər nazirinin müvafiq əmri ilə Vüsal Hüseynov tutduğu vəzifədən azad edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər