3 Aprel 2023 18:26
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Səlim Müslümovun vəkilləri vəsatətlə çıxış edib.

Vəkillər israfetmə epizodu üzrə ayrılmış cinayət işində dəymiş ziyanın ödənişi ilə bağlı hazırkı vəziyyəti öyrənmək üçün istintaq orqanına sorğu verilməsini xahiş ediblər.

Vəkillər həmçinin hazırda istintaqda olan cinayət işi üzrə cəlb olunan şəxslərin, xitam verilən işlərin sayının müəyyən edilməsini də istəyiblər.

Hakim bildirib ki, istintaqda israf etmə ilə bağlı ayrılan cinayət işində məsuliyyətə cəlb olunan şəxslərin dairəsi müəyyənləşdirilir: "Biz həmin iş üzrə nə qədər ziyanın ödənilməsini öyrənməliyik. Bu, gələcəkdə məhkəmənin hökm çıxaran zaman nəzərə alması üçün vacibdir".

Hakim deyib ki, hazırkı mərhələdə nə qədər ziyanın ödənilməsi ilə bağlı istintaq orqanından şifahi cavab almaq üçün müraciət olunacaq.

Səlim Müslümovun vəkilləri bu işlə bağlı istintaq orqanına vəkil sorğusu göndərəcəklərini deyiblər.

Növbəti proses aprelin 17-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər