Şağan olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, 26 noyabr 2022-ci ildə saat 16.30-da Xəzər rayonu Şağan qəsəbəsində Gənclər və İdman Nazirliyinin nəzdində olan Şağan olimpiya idman kompleksinin inzibati binasının 1 nömrəli zalında cüdo üzrə keçirilən yarışlar zamanı tamaşaçılar əyləşən hissənin qarşısında yüngül dərəcəli sərxoş vəziyyətdə olan Ruslan Turanın əyləşdiyi oturacağın yanından keçməsi üçün ondan yol verməsini istəyib.
Bu zaman Turanın söyüş söyməsini bəhanə edib və özündə olan bıçaqla Ruslan onun bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr vurub. Turan aldığı zərbələr nəticəsində vəfat edib.
İstintaq orqanı tərəfindən Ruslanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılıb.
“Mənəvi dəstək üçün yarışa gəlmişdim”
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan özünü qismən, yəni Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.
O bildirib ki, Sumqayıt şəhər sakini olmaqla İdman Akademiyasının 3-cü kurs tələbəsidir: “Cüdo idman növü ilə uşaqlıqdan məşğul olmuşam. Azərbaycanda və xarici ölkələrdə nailiyyətlərim var. Noyabrın 26-da saat 09 radələrində Şağan qəsəbəsində yerləşən idman lompleksində yetkinlik yaşına çatmayan idmançılar arasında idman yarışları keçirildi.
Həmin yarışa Sumqayıtdan məşqçilərimizin rəhbərliyi ilə 9 nəfərlik heyət gəldik. Mən isə psixoloji və mənəvi dəstək vermək üçün həmin komanda ilə yarışa gəlmişdim. Məsələ ondadır ki, rəhbər mənim də məşqçimdir”.
“Məni söyüb təhqir etdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, yetkinlik yaşına çatmayan Turanı həmin günədək tanımayıb, onunla birgə yarışlarda olmayıb:
“Turanla heç bir ədavətim və düşmənçiliyim olmayıb. Həmin gün saat 10 radələrində yarış başlandı. Təxminən saat 12 radələrində komanda üzvləri olan Elmir və Kənanla birlikdə idman kompleksinin yanında yerləşən “Oba market”ə gedərək oradan çörək, pendir, kolbasa, yarım litr araq aladıq və idman kompleksinə qayıtdıq. Nahara başlamaq istəyəndə məlum oldu ki, aldığımız ərzaqları doğramaq üçün bıçaq yoxdur. Bu səbəbə görə idman kompleksinin yaxınlıqda yerləşən adını bilmədiyim inşaat malları mağazasından mətbəx bıçağı alıb geri qayıtdım.
Nahar zamanı aldığım araqdan 100 qramını soyuq çayla qarışdıraraq içdim. Saat təxminən 14 radələrində komandanın yarışını tatamiyə yaxın məsafədə yerləşən tribunadan izlədim. Pilləkənlərlə tribunaya doğru qalxan zaman orada əvvəllər tanımadığım Turanın tək oturduğunu gördüm. Turan ayaqlarını qarşısındakı oturacağın üzərinə qoyduğu üçün mənə oturmağa maneə yaratdı. Buna görə irad tutaraq ayaqlarını oturacaqdan endirməsini tələb etdim. Cavabda Turan məni söyüb təhqir etdi”.
“Ailəmi söydüyü üçün bu cinayəti törətmişəm”
Ruslan deyib ki, bu səbəbdən Turana bir şillə vurub: “Mənə təpik-yumruq atdığına görə onu vurdum. Bu zaman mənə ağır söyüşlər söydüyü üçün şalvarımın belinə qoyduğum bıçağı çıxardım. Lakin bıçaqla yetirdiyim xəsarətlərin sayını xatırlamıram. Çünki özümdə deyildim.
Bir də ayıldım ki, polislər məni tutub saxlayıblar. Bıçaqla əlimi də kəsmişdim. Bir daha bildirirəm ki, Turan 2-ci dəfə ailə üzvlərimi söydüyü üçün bu cinayəti törətmişəm”.
“Dedim ki, söyüş söyməzdin”
İş üzrə zərərçəkmiş Turanın hüquqi varisi, anası Sevincin sözlərinə görə, oğlunun balaca vaxtından idmana həvəsi olub: "Turan heç vaxt söyüş söyməyib. Hətta bir dəfə məktəbdən gələrək mənə dedi ki, qonşu uşaq onun atasını söyüb, o da cavab olaraq onu söyüb. Oğluma dedim ki, həmin uşağı döyərdi, amma söyüş söyməzdin.
Həyat yoldaşım Zəki məni boşayaraq Yevlax rayonunda qaldı. Mən isə oğlum və qızımı götürərək Mingəçevir şəhərinə getdim, orada kirayə ev tutaraq uşaqlarımla yaşadım. Bu şəhərdə də oğlum Turan Əliağa müəllimin rəhbərliyi altında məşqlərə başladı.
Turan idmanın cüdo növü üzrə müxtəlif ölkədaxili yarış və turnirlərdə iştirak etdi, nailiyyətlər qazandı. Hadisədən təxminən 10 gün əvvəl bildim ki, Əliağa müəllim Turanı Bakı şəhərinə yarışlara aparcaq. Buna etiraz etmədim. Bundan sonra Turan Bakı şəhərinə getdi, orada təlim məşq toplanışlarında iştirak etdi”.
“Turanın vəfat etdiyini bildirdi”
Hüquqi varisin sözlərinə görə, hadisə günü saat 11 radələrində oğluna zəng vurub, lakin cavab almayıb: “Təxminən saat 17 radələrində özümü pis hiss etdiyimdən işlədiyim marketin rəhbərliyindən icazə alıb evə getdim. Evə çatdıqdan sonra anam mənə zəng vurdu və Turanın kiminləsə dalaşdığını, atası Zəkanın onu gətirmək üçün Bakı şəhərinə getdiyini bildirdi. Daha sonra qızım Gülsüm atasına zəng vurdu. Atası Gülsümə Turanın bıçaqla vurulduğunu və artıq vəfat etdiyini bildirdi”.
Məhkəməyə yazdığı ərizəni təqdim edən qadın təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini xahiş edib.
Daha sonra şahid qismində ifadə verən Turanın atası Zəkanın sözlərinə görə, boşandıqdan sonra Yevlax rayonunun Salahlı kəndində yaşayıb: "Həyat yoldaşım Mingəçevir şəhərinə köçüb. Oğlum Turan uşaqlıqdan idmanın cüdo növü ilə məşğul olurdu. Mingəçevirdə Əliağa müəllimin rəhbərliyi altında məşqlərə başladı.
Turan sakit, utancaq, böyük-kiçik yeri bilən uşaq idi. Kiminləsə düşmənçilik və ədavəti, mübahisə və ya münaqişəsi olduğu barədə heç nə eşitməmişəm. Hadisədən əvvəl bildim ki, Turan məşqçisi tərəfindən Bakı şəhərinə yarışa aparılıb”.
“Oğlunu bıçaqla vurublar, özünü tez Bakıya çatdır”
Zəka bildirib ki, hadisə günü saat təxminən 17 radələrində kənd çayxanasında dostları ilə olan zaman ona zəng gəlib:
“Zəng edən tanışım Nail Balaşov idi. O, Bakı şəhərində idmanın cüdo növü üzrə məşqçilik etməklə bərabər, həm də yaşadığımız Salahlı kəndindəki orta məktəbdə Fiziki tərbiyə müəllimidir.
Nail telefonda mənə “oğlunu bıçaqla vurublar, özünü tez Bakıya çatdır” dedi. Mən də dərhal özümə məxsus avtomobillə xalam oğlu Nadir və dostum Ağamalı ilə birlikdə Bakı şəhərinə getdim. Orada bildim ki, Turan ölüb, meyiti isə Mərdəkan qəsəbəsində yerləşən morqdadır. Növbəti gün oğlum Turanı Yevlax rayonunun Salahlı kəndində dəfn etdim”.
“Xilas etmək mümkün olmadı”
Şahid qismində dindirilən Mingəçevir şəhər Gənclər İdman İdarəsinin nəzdində UGİM cüdo üzrə baş məşqçisi bildirib ki, təqsirləndirilən şəxsi tanımır, mərhum zərərçəkmiş isə onun tələbəsi olub: “26-27 noyabr 2022-ci il tarixlərində Şağan qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin nəzdində olan İdman Kompleksində şəhid Sübhan Abdurrəhmanlının xatirəsinə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü uşaqlar arasında cüdo üzrə yarışa mən də öz tələbələrimi gətirdim. Gətirdiyim tələbələrin arasında Turan da vardı”.
Məşqçinin sözlərinə görə, 26 noyabr 2022-ci ildə səhər 9 radələrində idman sarayında tələbələri ilə görüşüb: “Saat 10 radələrində isə yarış başlandı. Turan ilk 2 görüşü qələbə ilə başa vurdu, 3-cü görüşünü gözləyirdi. Arenanın tamaşaçılar üçün nəzərdə tutulan sektorunda əyləşmişdi. Mən isə tribunanın önündə hakimlərin arxasında oturaraq yarışları seyr etdim.
Turanın 3-cü görüşünün başlanmasına 5 görüş qaldığını gördüm və Turana tərəf çevrilərək ona yarışqabağı əzələləri açmaq üçün xırda fiziki hərəkətlər etməli olduğunu bildirdim. Daha sonra yarışları seyr etməyə davam etdim. Həmin vaxt yarış zalında səs-küy çox idi. Mikrofonların da səsindən danışılanları eşitmək çox çətin idi.
Təxminən 10 dəqiqə sonra qarşımda əyləşən hakimlərin ayağa qalxdığını, mənə tərəf gəldiklərini gördüm. Arxada nə baş verdiyini anlamaq üçün geri çevrildim və 2 nəfərin dalaşdıqlarını gördüm.
Arxamda olan şəxsi çəkib aralayanda Turanın qan içində idi. Onun bıçaqlandığı anı görməmişəm. Turanı təcili idman zalından çölə çıxartdırdım və xəstəxanaya göndərdim. Buna baxmayaraq Turanı xilas etmək mümkün olmadı və o, maşında rəhmətə getdi”.
Məhkəmənin hökmü ilə Ruslan 19 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.