15 Sentyabr 2023 16:09
1 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə bəzi şahidlərin məhkəmə çağırışlarına gəlmədiyi məlum olub.

Hakim deyib ki, iş üzrə şahid Telman Vəliyev, Ramin Hüseynov, Sabunçu epizodu üzrə sahə müvəkkili Orxan Dadaşov, Sumqayıt epizodu üzrə sahə müvəkkili Ramin Hüseynova bildiriş göndərilsə də, prosesə gəlməyiblər.

Hakim həmçin bildirib ki, Orxan Dadaşov əvvəl Sabunçu polisində işləsə də, hazırda Ağdam rayonunda xidmətdədir.

Prokuror Eldar Həmzəyev şahidlərin məhkəməyə çağırılması ilə bağlı tədbir görülməsini tələb edib.

Təqsirləndirilən şəxslərin vəkilləri isə şahidlərin məhkəməyə məcbur gətirilməsi ilə bağlı qərar qəbul edilməsini istıyiblər.

Əvəz Zeynallı bildirib ki, adıçəkilən şahidlərin heç birini tanımır: "Onların heç biri şahid olmayıblar. Onların adını işə istintaq salıb, ona görə də vəziyyət belə yaranıb. Biz indi hər həftə bir şahidin işinə baxsaq, o zaman bizə 30 həftə vaxt lazım olacaq. Onlarla bağlı vaxt itirmək lazım deyil. Bu işdə bir şahid var. O da Elçin Sadıqovdur. Onun bura gətirilməsini istəyirəm".

Məhkəmə iş üzrə şahidlərin məhkəməyə məcbur gətirilməsi barədə qərara qəbul edib. Hakim həmçin deyib ki, polis əməkdaşı Orxan Dadaşova yenidən məhkəməyə dəvət olunması barədə bildiriş göndəriləcək

Daha sonra Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslərdən Əvəz Zeynallını tanıyır. Rayonun Sabunçu qəsəbəsində qeyri-yaşayış sahəsinin tikinti işi ilə bağlı qəsəbə icra nümayəndəsi ilə tikinti sahibi Ruslan Vəliyevin mübahisə olub:

"Bununla bağlı Əvəz Zeynallı mənə zəng etdi, xahiş etdi ki, işçilərimiz həmin tikintiyə müdaxilə etməsinlər. Mən də işçilərə göstəriş verdim ki, həmin tikintiyə müdaxilə etməsinlər. Sonradan öyrəndim ki, həmin ərazi neft şirkətinə məxsusdur. Bizim orada tikintiyə hansısa müdaxilə etmək səlahiyyətimiz yoxdur. Bizim sökmək ixtiyarımız da yox idi. Lakin tikintini dayandırıb, məhkəməyə müraciət etməliyik. Biz tikintiyə sərəncam vermək səlahiyyətində də deyilik. Orada tikintiyə icazə vermək SOCAR və Bakı şəhər İcra Hakimiyyəti Arxitektura Komitəsinin razılığı olmalıdır.

Səlahiyyətimiz olmasa da, tikintilərə müdaxilə edirik. Qanunvericiliyə görə, tikintini dayandırıb, məhkəməyə müraciət etməliyik. Amma biz məhkəməyə müraciət etmədik, tikintini sökdük. Bu da qanunsuz hərəkət idi".

İcra başçısı daha sonra qeyd edib ki, sonradan Əvəz Zeynallını və tikinti aparan şəxsi - Xanım Allahverdiyevanı qəbul edib: "Onlara həmin ərazidə tikinti aparmağın mümkünsüz olduğunu izah etdim. Əvəz Zeynallı izahı müsbət qarşılasa da, Xanım Allahverdiyeva bundan narazı qaldı. Həmin görüşdə Əvəz Zeynallıya telefon nömrəmi verdim. Dedim ki, efirdə haqqımda xoşagəlməz ifadələr işlətməyin. Nə sözü olsa, mənimlə əlaqə saxlasın. Daha barəmdə söyüş söyməsin".

Adil Vəliyev bildirib ki, Əvəz Zeynallını kabinetinə özü dəvət edib: "Mənim barəmdə dəfələrlə Xural TV-də təhqirlər, böhtanlar deyilirdi. Böhtan atırdı mənə, qarğışlar edirdi. Xural TV-də deyirdi ki, Adil Vəliyev nədir? Kimdir yox, nədir... Sonra deyirdi ki "bandit", quldur Adil Vəliyev dövlət büdcəsini soyub talayır, Adil Vəliyevin biznes imperiyası var.

Əvəz Zeynallının telefonunu tapıb ona zəng vurdum. Dedim, siz mənə qarğış edirsiniz, kişi kişiyə qarğış eləməz. Dedim, gəl söhbət edək. Əvəz Zeynallı da təklifi qəbul elədi, gəldi. Bundan sonra tanışlığımız başladı".

İcra başçısı deyib ki, ona heç kim pul verməyib, ona heç kim pul təklif edə bilməz. Əlavə edib ki, heç kimdən pul da tələb etməyib. Qeyd edib ki, jurnalsitlərdən heç kimin zənglərinə cavab vermir. Yalnız Əvəz Zeynallı və başqa bir saytın baş redaktoru ilə yalnız telefonla danışıb, onlarla işləyiblər.

Növbəti proses sentyabrın 22-də davam edəcək.

Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.
Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər