4 Oktyabr 2023 14:03
3 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda Elxan sevdiyi qızın atası Vüqarı (adlar şərti verilib – red.) bıçaqlayıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il avqustun 11-də Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib.

Elxan Vüqarın yetkinlik yaşına çatmayan qızını ona verməkdən imtinasını bəhanə gətirib və onun ünvanına nalayiq ifadələr işlədib. Daha sonra bıçaqla ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Elxanın barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elxan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, MMC-də avtokar sürücüsü işləyib: “İş yerində Nigarla tanış oldum. Nigar qızı Əslinin nömrəsini mənə verdi. İki həftə sonra Əsli ilə yazışmağa başladıq.

Nigar qızını dəfələrlə mənimlə görüşə gətirirdi. Üçümüz oturaraq söhbət edirdik. Əsli ilə tək görüşəndə də sadəcə söhbət edirdik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, mayın 18-də atasıgil Əsligilin evinə elçiliyə gedib və "həri"si-ni alıblar: “Oktyabr ayına artıq nişan olacağını planlaşdırdıq. İyun ayının 29-da Əslinin atası Vüqar məni öz evlərinə çağırdı və qohumlarının toyuna dəvət etdi. Qurban bayramına yaxın evimizə getdim. Anam, yeznəmgil Əsligilə qurban payı gətirdi. Vüqar mənə borcu olduğunu deyirdi. Ona görə də Vüqara dəfələrlə pul verdim. Müxtəlif vaxtlarda 50, 100, 400 manat vermişəm. Məndən başqa Vüqarın öz qonşusuna da 400 manat borcu olub. O, vəziyyətinin pis olduğunu deyərək məndən pul istəyirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, onun Əsli ilə xasiyyətləri uyğun gəlməyib: “Bunu Əslinin valideyinləri də bilirdi. Bunu görən Əslinin atası dedi ki, Əslini rayona apar, sənə öyrəşsin. Mən Vüsala hazırda üzərimdə pul olmadığını, ayın 10-da apara biləcəyimi dedim. Amma ayın 10-da onların fikri dəyişdi. Artıq qızı mənə vermək istəmirdilər.

Mən də Vüqara dedim ki, sənə nə vermişəmsə qaytar, Əsliyə verdiklərim qalsın, halal xoşu olsun. Pulları geri istəyəndə, dedi ki, hansı yolla gəlmişdinsə, yaxşı yol, verəcəyi bir şey yoxdur. Vüqargildən getdikdən sonra telefonumun Əsligilin evində qaldığını gördüm. Zəng etdim ki, telefonunu qaytarsın. Lakin zənglərimi açmadılar. Vüqar sonra başqa nömrədən zəng etdi və dedi ki, gəlib telefonu götür. Yaxınlıqda olan “Al market”ə girdim və oradan bıçaq aldım.

Evin qarşısına çatanda Vüqarın yoldaşı Nigarı gördüm. Nigar məni həyətə çağıraraq danışmaq istədiyini, bu işlərin belə olmasını arzulamadığını dedi. Mən isə artıq bu münasibəti istəmədiyimi, uçurumda olduğumu bildirdim. Nigardan Vüqarla danışaraq öz haqqımı almağıma imkan verməyini istədim”.

Elxan deyib ki, daha sonra Vüqar qaça-qaça üstünə gəlib və çiyninə nəsə atıb: “Anamı söydüyünə görə, 7-8 nəfərlə üstümə gələrək məni döydükləri üçün ona tərəf bıçağı atdım. Bıçaq Vüqarın bədənində hara dəydi bilmədim.

Birinci Vüqar məni vurdu. Üstümə 5-6 nəfər tökülüşdülər, məni təpiklədilər. Nigar da mənə daş atırdı. Daşlardan biri gözümə dəydi. Başqa nahiyələrimdən də vurdular. Onların qonşuları da həyətdə idi. Hava qaralmışdı və hər kəs çölə çıxmışdı. Küçə dar olduğu üçün hamı bizi görürdü”.

İş üzrə zərərçəkmiş Vüqarın sözlərinə görə, təxminən hadisədən 3 ay əvvəl təqsirləndirilən Elxanın ailəsi onlara elçiliyə gəlib: “Qızım həddi-büluğa çatmadığı üçün razı olmadıq. 18 yaşı tamamlandıqdan sonra qismət olarsa, Elxanla ailə qura biləcəklərini dedim. Elxanın valideynləri o vaxta qədər gözləyəcəklərini söylədilər. Hətta bu məsələyə görə valideynlər bir neçə dəfə bizə gəlib-gediblər”.

Zərərçəkmiş deyib ki, Elxanın borcla bağlı dedikləri yalandır: “Mən Elxandan yalnız bircə dəfə maşın baxmağa gedəndə 50 manat borc pul almışam.

Avqustun 11-də Elxanı həyətimizdə gördüm. O, qızımı oğurlamaq istəyirdi. Ucadan nalayiq ifadələr işlətdiyini eşitdim. Elxanı sakitləşdirməyə çalışdım. O, üzərimə gələrək mənə hücum çəkdi, mən isə badalaq atdım. Elxan yerə yıxılanda sifətinə yumruq zərbəsi vurdum, məndən əl çəkməsi üçün çiynindən dişlədim. Elxan yerə yıxıldı”.

Vüqar qeyd edib ki, daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və polis çağırıb: “Amma Elxan cəld tərpənərək şalvarındakı bıçağı çıxardı. Sifətimə 2 dəfə bıçaqla zərbə endirdi. Həmçinin sağ ayağımın arxa bud nahiyəsinə bir dəfə bıçaqla vurdu. Bu zərbələrdən huşumu itirdim və gözümü açdıqda xəstəxanada idim”.

Zərərçəkmiş şəxs bildirib ki, elçiliklə bağlı şəkillərin hamısı montajdır: “Elxanın valideynləri elçilik üçün evimizə gəldikdə evlənməklərinə razılıq verdiyimiz üçün deyil, qonaq olduqları üçün onlara süfrə açmışıq. Hadisədən sonra Elxanın atası mənə Moskva şəhərindən zəng etdi. Dedi ki, onların Elxan adlı oğlu yoxdur, tutulur tutulsun. Mən Elxanın çiynindən dişləmişəm və gözünün altından yumruqla vurmuşam”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elxan 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elxanın vəkili təfərindən apellyasiya şikayəti verilib. Vəkil Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 130.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddədə nəzərdə tutulmuş qaydada cərimə cəzasına məhkum edilməsini istəyib.

Şikayət araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakim heyəti sonda qərar elan edib.

Məhkəmə müdafiəçi tərəfindən verilən şikayəti təmin etməyib. Amma birinci instansiya məhkəməsinin çıxardığı hökmün sərt olması nəzərə alınıb və Elxanın barəsində olan cəza dəyişdirilib. Onun cəzası 7 ilə endirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər