8 Dekabr 2023 18:33
1 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifəsində işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesə ifadə vermək üçün Vəkil Kollegiyasının Elçi Sadıqov dəvət olunub.
Amma o, şahid qismində ifadə verməkdən imtina edib. Elçin Sadıqov bildirib ki, onun haqqında cinayət işinə xitam verilməyib, hələ də təqsirləndirilən şəxs statusundadır.

Onun sözlərinə görə, bu səbəbdən onun şahid kimi dindirilməsi düzgün deyil. O, bildirib kiz istintaqdakı bütün ifadələrini təqsirləndirilən şəxs statusundadır, həmin ifadələri də təsdiqləyir: “Mən bura gəlmək istəmirdim. Lakin görünür ki, qarşı tərəf bundan sui-istifadə edir, haqqımda danışır. Mən istintaqa verdiyim ifadəmi təsdiqləyirəm. Hazırda mənimlə bağlı cinayət təqibi davam edir. Şahid qismində verdiyim ifadə sonradan əleyhimə istifadə oluna bilər. Ona görə şahid kimi ifadə vermək istəmirəm”.

Hakimlər də Elçin Sadıqovun bu fikiri ilə razılaşıb. Qərar verilib ki, Elçin Sadıqov şahid statusunda dindirilməsin, amma onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunsun.

Elçin Sadıqovun həmin ifadəsindən məlum olur ki, müvəkkili Rasim Məmmədovun özü və ailəsi haqqında “Xural TV”də tənqid və təhqir xarakterli fikirlər səsləndirilib. O, deyib ki, Əvəz Zeynallı belə materialları dayandırmaq üçün pul tələb edib.

Vəkilin sözlərinə görə, Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova Əvəz Zeynallıya çatdırmaqdan ötrü sürücüsü ilə zərfdə 20 min manat pul göndərib. Qeyd edib ki, sentyabrın 3-də Əvəz Zeynallı ilə görüşüb, sürücünün ona verdiyi 20 min manatı Əvəz Zeynallıya çatdırıb.

Vəkil əlavə edib ki, bir neçə gün sonra yenə Rasim Məmmədov haqqında danışıb. Buna görə söz-söhbət yaranıb: “Mehriban Məmmədova pulu tələb edəndə Əvəz Zeynallı qaytarmadı. Mən öz hesabıma 20 min manatı qaytardım. Bu günə qədər də o pul mənə ödənilməyib”.

Cinayət işinin materiallarında Əvəz Zeynallı ilə vəkil arasında danışığın səs yazısı var. Orada sənədlərin qaytarılmasından danışılır. Elçin Sadıqov deyib ki, əslində, sənəd deyəndə, pul nəzərdə tutulurdu, sadəcə, üstü örtülü şəkildə belə deyilib.

Elçin Sadıqov ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmədə də təsdiqləyib.

Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova da bu işdə şahid kimi tanınıb. Amma o, dəfələrlə çağrılsa da, məhkəməyə gəlməyib. Məktub göndərib ki, ölkədə yoxdur, yeni ildən sonra qayıdacaq. Əbəz Zeynallı və vəkilləri onun məhkəməyə gəlməsini tələb ediblər.

Amma hakim Mehriban Məmmədovanın istintaqdakı ifadəsini elan edib. Mehriban Məmmədova ibtidai istintaq zamanı verdiyi ifadəsini deyib: “Əvəz Zeynallı həyat yoldaşımı cinayətkar adlandırırdı, metallurgiya sənayesini məhv etməkdə günahlandırırdı. Hətta övladlarımı da hədəfə almışdı. Deyirdi ki, “Rasim Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevi “mənəvi atası” adlandırır, oğlunun adını da ona görə Ramiz qoyub”.

Mehriban Məmmədova deyib ki, bu cür materiallara son qoymaqdan ötrü 20 min verməyə razılaşıb.

Lakin Əvəz Zeynallı Rasim Məmmədovun ailəsindən qətiyyən pul almadığını, bu barədə cinayət işinin materiallarında yazılanların şər-böhtan olduğunu deyib.

Növbəti prosesi dekabrın 22-də davam edəcək.

Qeyd edək ki, Vəkillər kollegiyasının üzvü Elçin Sadıqov istintaqa ifadəsində pulu Mehriban Məmmədovadan alıb, Əvəz Zeynallıya çatdırdığını deyib. Əvəz Zeynallı isə vəkilin yalan danışdığını deyir.
Elçin Sadıqov 2022-ci ilin sentyabrında Əvəz Zeynallı ilə birlikdə həbs olunsa da, bir həftə sonra ev dustaqlığına buraxılıb. “Xural TV” rəhbəri haqqında cinayət işi məhkəməyə göndəriləndə Elçin Sadıqovun haqqındakı cinayət işi ayrılıb. İstintaqın gedişində Əvəz Zeynallıya Rasim Məmmədovun ailəsindən rüşvət almaqdan əlavə də ittihamlar verilib.
İttihama görə, Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunub. Ona qarşı ilk ittiham “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alınmasıyla bağlı olsa da, sonradan yeni ittihamlar da irəli sürülüb.
Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.

Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər