Göygöl rayonunda 1991-ci il təvəllüdlü Nərminə qısqanclıq zəminində mübahisə zamanı əri Vahidə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il martın 28-də baş verib. Nərminə həmin gün saat 20.30-da yaşadığı evin mətbəxində əri Vahidin istintaqla şəxsiyyəti müəyyən edilməyən başqa qadınla sevgi münasibətini öyrənməsi səbəbindən onunla mübahisə edib. Mətbəxdən götürdüyü bıçaqla ərinin qarın boşluğuna zərbə vurub.
Vahid xəstəxanaya yerləşdilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Nərminənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nərminə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əri Vahidlə münasibətləri normal olsa da, son bir neçə ayda ona xəyanət etməsi səbəbindən mübahisə ediblər: “Vahidin tanımadığım qadınla münasibəti olduğunu hadisədən bir neçə gün əvvəl sonun telefonunda olan şəkildən bir daha bildiyim üçün yenə də aramızda mübahisə baş verdi. Vahid şillə ilə sağ gözümdən və bədənimin müxtəlif nahiyəsindən vuraraq məni döydü”.
Təqsirləndirilən şəxs qeyd edib ki, martın 28-də saat 20 radələrində yaşadığı evin mətbəx otağında qayınatası Zaur və əri Vahid masada əyləşdiyi vaxt eyni məsələ ilə bağlı yenidən əri ilə mübahisə yaranıb: “Qayınatam azyaşlı övladımı götürərək evdən bayıra çıxdı. Vahid bir neçə dəfə sifətimə şillə vurdu. Hətta çörəkqabı ilə də başımdan vurdu, çörəkqabı sındı.
Əsəbiləşdiyim üçün mətbəxdə olan bıçağı götürüb bir dəfə onun qarın nahiyəsinə vurdum. Xəsarət alan ərim məni buraxdı. Nə etdiyimi deyərək kənara çəkildi. Evdən çıxıb atasını səslədi. Qayınatam gələrək onu xəstəxanaya apardı. Mən isə evdə tək qaldım. Bir qədər sonra polis əməkdaşları yaşadığımız ünvana gəldilər, hadisə ilə bağlı məndən izahat aldılar”.
İş üzrə zərərçəkmiş Vahidin sözlərinə görə, hadisə baş verməzdən üç gün əvvəl Nərminə onun mobil telefonunda başqa bir qadının şəklini gördüyü üçün aralarında söz-söhbət yaranıb:
“Martın 28-də saat 20 radələrində mətbəx otağında atamla birlikdə oturmuşduq, Nərminə mətbəxdə ev işləri görürdü. Azyaşlı övladım beşikdəydi. Mən ayağa qalxıb uşağı qucağıma aldım. Nərminə atamı nəzərdə tutaraq mənə “qurban olasan, yoxsa bu uşağın üzünü görməzdin” dedi. Yenidən eyni məsələ ilə bağlı mübahisə edəcəyini bildiyim üçün uşağı atama verdim. Atam uşaqla bayıra çıxdı.
Nərminədən nə etmək istədiyini və nə üçün mübahisəni uzatdığını soruşdum. Arxadan boynumdan şillə ilə vuraraq nalayiq ifadə işlətdi. Mən də əsəbləşərək ayağa qalxdım, Nərminənin sifətindən əlimin arxası ilə vurdum. Aramızda mübahisə yarandı. Nərminə qəflətən bıçaqla sol qarın boşluğumdan zərbə endirdi. Həyətə çıxdım və atamı çağırdım.
Atam gəldikdə arvadımın məni bıçaqladığını bildirdim. Atam məni xəstəxanaya apardı”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nərminənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 3 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.